“Əfsanələr paytaxtı”na infotur

 

   Dekabrın 11-də Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2012-ci ildə Azərbaycanın “Əfsanələr paytaxtı” elan edilmiş Gədəbəy rayonuna infotur təşkil olundu. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin aparıcı məsləhətçisi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və KİV nümayəndələri iştirak edirlər.

   İnfoturun ilk günü Gədəbəy Rayon Mədəniyyət Evində “Əfsanələr Paytaxtı” nominasiyasının yekun tədbiri keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova “Əfsanələr paytaxtı” ili çərçivəsində görülən işlərlə bağlı məlumat verdi. Gədəbəy rayonu icra başçısının müavini Qüdrət Paşayev bildirdi ki, layihə ilə bağlı görülən işlər bölgənin tarixi-mədəni irsinin tanıtımına xidmət edir. Layihə rayona 2012-ci il ərzində gələn qonaqların sayına da müsbət təsir göstərib.

   Tədbir rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.

   İnfotur iştirakçıları Mədəniyyət evinin foyesində açılmış fotosərgi, burada yaradılan “Miskin Abdal” ədəbi məclisinin fəaliyyəti, “Bələdçi turizm klubu”, “Siemens muzeyi”, “Örnək bilgi mərkəzi” ilə tanış olublar.

   İnfotur dekabrın 12-də yekunlaşacaq.

  

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 2.