Tükənməz
işıq və ilahi eşq
fəlsəfəsi
Haqq aşığı
Tikmədaşlı Xəstə
Qasım o xoşbəxt sənətkarlardandır
ki, mənəvi dünyasında tükənməz
işıq və ilahi eşq
fəlsəfəsi daşıyır. Aşığın
sirlərlə, müəmmalarla dolu həyatı
bu gün də
möcüzə olaraq qalmaqdadır.
Tanımaq üçün 40 hikmət
qapısının 39-nu açsaq belə
40-cı qapının o üzündəki
Xəstə Qasım dünyasını dərk etmək
qüdrətində deyilik. Sadəcə, zaman-zaman Xəstə Qasımın söz aləminə, hikmət qapısına
boylanırıq.
Bir əcaib ağac gördüm, kökü bir, budağı üç.
Hər budaqdan altmış çiçək,
yüz səksən budağı üç.
Cəm idi on iki, on üç, altı otuz sərasər,
Yeddi təbib açar, yumar,
bağçası
bir, bağı üç.
Yaddaşlardan-yaddaşlara köçən rəvayətlərə görə,
Xəstə Qasım
XVIII əsrdə Tehran-Təbriz
yolunun kənarında
Qarqalan dağının
ətəyində yerləşən
Tikmədaş kəndində
dünyaya gəlib.
Doğma
kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən
olan Ərdəbildə
təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa
da elə o illərdə başlayıb.
“Xəstə
Qasımın Ərdəbil
səfəri” dastanına
görə, müəllimi
ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda
müəllimi onu məktəbdən çıxaracağı
ilə hədələyir.
Qasımın əli hər
yerdən üzülür.
O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin
ən yüksək məqamına çatır:
Xəstə Qasım deyir dəst-rəst oldum,
Şah əlindən badə içib məst oldum,
Saylı beş gün
Şeyx Səfidə bəst oldum,
Onda bəyan oldu
dörd kitab mənə.
Xəstə Qasım sonralar 14 il müddətində
Qum və Nəcəf
şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu
elmləri öyrənməyə
sərf edir.
Şeirlərindən
bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə
yanaşı, müqəddəs
kitabı avazla oxuyar, eyni zamanda
mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş:
Xəstə Qasım deyir, qalmadı tabım,
Qızılgültək
çəkilibdir gülabım,
Cədvəlkeş
Quranım, qırx cild kitabım,
Zərnişanlı qələmdanım necə olsun.
“Xəstə
Qasım”, “Biçarə
Qasım”, “Molla Qasım” təxəllüsləri
ilə şeirlər yazan aşığın
“Xəstə” təxəllüsünü
götürməsi ilə
bağlı müxtəlif
fikirlər söylənməkdədir.
Bu fikirlər arasında
haqq aşığının
özünü eşq
xəstəsi adlandırması
gümanı da var. Çünki o, gənc yaşlarından təsəvvüf
dairəsinə daxil olmuş, ali
həqiqət axtarışına
çıxmışdır.
Xəstə Qasımın yaradıcılığı
çoxşaxəliliyi ilə
seçilir. O, klassik
şeir janrlarında
- qəzəl, qəsidə,
məsnəvi yazmaqla yanaşı, ilk dəfə
aşıq ədəbiyyatında
“döşləmə” şeir
növünün əsasını
qoymuş, aşıq
yaradıcılığında bu günədək məlum olan ilk dodaqdəyməz nümunəsini,
eləcə də qoşma-müstəzad formasında
şeirlər yazmışdır:
Oxudum Quranı, çıxdım
Yasinə,
İgid olan ixlas bağlar
Yasinə,
Aşıq deyər ya sına,
Namərd boynu ya sına.
Nanəcibə
söz demə,
Ya inciyə, ya
sına.
Qasım ölər, ellər gələr yasına,
Eşidənlər deyər, ay hayıf,
hayıf.
Bundan əlavə, Xəstə
Qasım həm də “əvvəl-axır”
deyilən şeir-sənət
nümunəsini ilk dəfə
bir gəraylısında
işlətmişdir.
Ay ariflər, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə
alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,
Mən yazığın naləsi var dalınca.
Ancaq aşıq ədəbiyyatında
o daha çox öz ustadnamələri ilə məşhurdur.
Elə bir kişinin tut ətəyindən,
Bil sənə imdadı
ol eylər-eylər.
Zərrəcə
üstündə olsa
nəzəri,
Yerdən daş götürsən,
ləl eylər-eylər.
Ömrünün
çoxunu qürbətdə
keçirdiyindən Xəstə
Qasımın yaradıcılığında
Vətən həsrətli
şeirlərin də
xüsusi yeri var:
Xəstə Qasım, tamam oldu sözlərim,
Eşq ucundan külə döndü gözlərim,
Qərib yerdə, yad ölkədə gözlərim,
Vətən deyib ağla,
ağlar qal indi.
Aşığın
adı ilə bağlı “Xəstə Qasımın Dərbənd
səfəri”, “Xəstə
Qasımın Urmiyə
səfəri” , “Xəstə
Qasımın Dağıstan
səfəri” dastanları
günümüzə qədər
gəlib çatmasa da, “Əliyar və Məsum”, “Camal ilə Abdulla” (Azərbaycanda yayılmış
“Cahan ilə Abdulla”),
“Xəstə Qasım
və Mələksima”
dastanlarının onun
tərəfindən yaradıldığı
söylənilir.
Xəstə Qasım, kimə qılsın dadını
Canı çıxsın, özü
çəksin odunu,
Yaxşı igid yaman etməz
adını,
Çünki yaman addan ölüm yaxşıdı.
Xəstə Qasım aşıq
ədəbiyyatında elə
bir bağdır ki, ondan sonra
gələnlər bu bağın söz güllərini dərdilər,
fikir yükündən
yük götürdülər,
hikmət bulağından
su içdilər.
Bu gün də
Xəstə Qasım dünyası saz-söz sənətimizin ən müqəddəs, toxunulmaz
abidələrindəndir. Zaman su kimi rahat,
dəvə karvanı
kimi ləngərli, dəyirman daşı kimi ağır-ağır
ötüb keçdikcə
də belə olacaq.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 14 dekabr.- S. 15.