Bütün bəşəriyyəti sevən Fətəli

 

   Sizin kitab rəfiniz

  

  

   Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri olan Mirzə Fətəli Axundzadə Yaxın Şərqdə maarifçilik hərəkatının ilk nümayəndəsi və ideoloqudur.

  

   Filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Yaşar Qarayev yazırdı: «Azərbaycan xalqının ictimai tarixi və ədəbi-mədəni həyatında Mirzə Fətəli Axundzadə ayrıca bir mərhələni təşkil edir. Peşəkar milli teatr sənətinin, realist bədii nəsrin, demokratik fəlsəfi və estetik fikrin, ilk əlifba inqilabının, ümumiyyətlə, mənəvi mədəniyyətimizin bütün sahələrində yeni dövrün banisi olan Axundzadənin zəngin və çoxcəhətli yaradıcılığı, lokal, milli çərçivələri aşıb keçir. Türk-islam xalqları miqyasında Ümumşərq və ümumbəşəri bir tarixi məna və əhəmiyyət kəsb edir».

   Axundzadə Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələrinin təşəkkülündə və inkişafında da əvəzsiz rol oynayıb. Onun məktubları, əsərləri, şeirləri, hətta adi qeydləri belə bu ədəbi əlaqələrin zənginləşməsində mənəvi körpü missiyasını şərəflə yerinə yetirib. Komediyaları, ədəbi-tənqidi məqalələri, əlifba islahatları ilə bağlı təklifləri bütün müsəlman Şərqinin Avropaya ayaq açmasına, Avropa ədəbi, nəzəri, fəlsəfi fikrinin isə məmləkətimizə yönəlməsinə istiqamət verib.

   AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr üzrə direktor müavini, «Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr» şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının bu yaxınlarda çapdan çıxan «M.F.Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri» kitabında ədibin həyat və yaradıcılığının Avropada öyrənilməsi, əsərlərinin Avropa xalqları dillərinə tərcüməsi, alman, fransız və ingilis ədəbi-nəzəri fikrinin onun yaradıcılığına münasibəti nəzərdən keçirilir. Görkəmli dramaturq və mütəfəkkirin 200 illiyinə həsr edilmiş monoqrafiyada, eyni zamanda indiyə qədər Axundzadəşünaslığın bu istiqamətdə qazandığı uğurlar ümumiləşdirilir və Azərbaycan-Avropa ədəbi əlaqələrinin yeni səhifələri araşdırılır.

   Dörd fəsildən ibarət olan nəşrin ön sözündə müəllif Axundzadə ilə Mirzə Şəfinin münasibətlərinə toxunaraq Azərbaycan ədəbiyyatında hər iki nəhəngin əlaqələri haqqında maraqlı məlumat verib. Müəllif xatırladır ki, Mirzə Fətəliyə atalıq etmiş Axund Hacı Ələsgər Həcc ziyarətinə getməzdən əvvəl onu Gəncəyə gətirir və dostu Molla Hüseynin yanına qoyur ki, ərəb dilini mükəmməl öyrənsin. Lakin tale elə gətirib ki, Mirzə Fətəli burada Mirzə Şəfi ilə görüşüb. Mirzə Şəfi gələcəkdə ruhani olmaq istəyən Mirzə Fətəlinin dünyagörüşündə elə bir iz salıb ki, gənc arzularının istiqamətini dəyişib. Bununla da Mirzə Fətəlidə bəşər mədəniyyətinə marağı ilk olaraq Mirzə Şəfi oyadıb.

   Təbii ki, Mirzə Fətəlinin geniş dünyagörüşünə malik olmasında Tiflis mühitiböyük təsir göstərib. O, 44 il - 1834-cü ildən 1878-ci ilə qədər müxtəlif missiyalarla Qafqaz canişinliyinin mərkəzi sayılan Tiflisə gələn rusiyalı ziyalılarla təmasda olub. Vaqif Arzumanlı yazır: «Bədii yaradıcılığa «Zəmanədən şikayət» şeiri ilə gələn gənc şairin ilk uğurları «Puşkinin ölümünə Şərq poeması» ilə başlayacaqdı. Bu poemanı müəllifin özü rus dilinə nəsrlə tərcümə edib yayacaqdı». Beləliklə də, rus ədəbiyyatına marağın işartıları görünəcək.

   Monoqrafiyanın birinci fəsli «Azərbaycanı Avropaya bağlayan M.F.Axundzadə telləri» adlanır. Mirzə Fətəli ayrı-ayrı xalqların mədəniyyətlərinin bir-birinə yaxınlaşmasını vacib sayaraq bu istiqamətdə bütün fəaliyyəti boyu bacardığını edib. Müəllif böyük dramaturqun bu sahədəki fədakarlığını ətraflı şərh edərək Cəfər Cəfərovun bir fikrini xatırladır: «Müsəlman Şərqinin nicatını düşünən Axundzadə yaxşı bilirdi ki, bu böyük vəzifənin ağırlığını çəkmək üçün qabaqcıl dünya mədəniyyətini öyrənmək, elm və biliklə mükəmməl silahlanmaq son dərəcə zəruridir». Elə bu səbəbdən də Axundzadə bütün milli ədəbiyyatlara, mütərəqqi ictimai-nəzəri fikir tarixlərinə obyektiv və yaradıcı mövqedən yanaşmışdır. Kitabda oxuyuruq: «Axundzadə Qərbi Avropa həyatına, mədəniyyətinə, Qərbi Avropa mütəfəkkirlərinin fikirlərinə tənqidi münasibət bəsləmiş, öz əsərlərində bu həyatın, bu mədəniyyətin müsbət cəhətlərini təbliğ etməklə yanaşı, eyni zamanda Qərb burjua həyatının ictimai yaralarını da satira atəşinə tutmuşdur».

   Müəllifin apardığı araşdırmalar nəticəsində bir çox tənqidçi və ədəbi fikir nümayəndələrinin Axundzadəni Avropa mədəniyyətinin təbliğatçısı kimi təqdim etməsi haqqında maraqlı faktlarla rastlaşırıq. Məsələn, Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəlinin komediyalarının yaranma tarixini araşdırarkən bu qənaətə gəlib ki, müəllif bu əsərləri QoqolMolyerin təsiri altında yazıb. Hətta bəzi tədqiqatçılar Axundzadəni «Azərbaycanın Molyeri» adlandırıblar. «Aldanmış kəvakib» povestini rus dilinə tərcümə edən Falev isə ədibə «Azərbaycanın Qoqolu» adını vermişdir.

   Axundzadənin komediyalarının Avropaya ayaq açması tarixini araşdıran ədəbiyyatşünas və tərcüməçilər bu əsərlərin necə maraqla qarşılandığından söz açırlar. Məsələn, Yusif Vəzir Çəmənzəminli «Mirzə Fətəlinin əsərləri başqa dillərdə» məqaləsində müəllifin komediyalarının fars, fransız və alman dillərinə tərcüməsi tarixinə toxunub. Vaqif Arzumanlı bu yazını ədəbiyyatşünaslığımızda «Təmsilat»ın tərcümələrinə dair ilk məqalə adlandırıb. Əslində bütün tənqidçilərin bir məcraya yönələn fikir birliyində bu məsələ daha çox diqqəti çəkir ki, yaradıcılığa Molyerin təsiri ilə başlasa da, Axundzadənin əsərləri Şekspirin realizminə əsaslanıb. Müəllif bu fikrə qüvvət olaraq qeyd edir ki, məktublarında, məqalələrində Axundzadə həmişə ingilis dramaturquna yüksək qiymət verirdi: “Axundzadəşünasların çoxu bu fikirdədir ki, görkəmli ədib rus dili vasitəsilə Qərbi Avropa ədəbi ictimai-siyasi, fəlsəfi və elmi fikir sahəsində geniş, hərtərəfli və mükəmməl məlumatlar əldə edib. Onun dünyagörüşünün formalaşması və inkişafında Qərbi Avropa yazıçı və mütəfəkkirlərinin mühüm xidməti olub».

   «Alman ədəbi-nəzəri fikri və M.F.Axundzadə» adlanan ikinci fəsildə ədibin ədəbi irsinin alman dilinə tərcüməsi ilə bağlı araşdırmalar aparılıb. Axundzadənin əsərləri hələ sağlığında nəinki Qafqazda, Rusiyada, hətta Avropada yaxşı tanınırdı. Xüsusilə də alman ədəbi mühitində Azərbaycan ədibinin əsərlərinə maraq duyulurdu. Bu sahədə alman alimlərinin, tanınmış şərqşünasların Mirzə Fətəlinin həyat və yaradıcılığı haqqında öz mülahizələri var. Məsələn, 1868-ci ildə Almaniyanın Leypsiq şəhərində A.Berje Azərbaycan şairlərinin şeirlərindən ibarət məşhur toplu nəşr etdirib. O, kitaba yazdığı müqəddimədə böyük dramaturqumuzun yaradıcılığından bəhs edərək yazırdı: «Mirzə Fətəli müsəlmanların ən mədəni simalarından biridiröz komediyaları ilə məşhurdur. Qafqaz müsəlmanları arasında ilk dəfə komediyalar yazmağına görə tanınıb». Hətta M.F.Axundzadə ilə A.Berje arasında dostluq əlaqələrinin olması haqqındakı müəyyən faktlara toxunan V.Arzumanlı təkcə bu alimin deyil, bir sıra alman şərqşünaslarının azərbaycanlı dramaturqa maraq göstərməsinin, dostluğa can atmasının səbəblərini də şərh edir. O bildirir ki, türkologiyanın inkişafında alman şərqşünaslarının mühüm rolu var. Axundzadənin bu ölkədə şöhrət qazanmasının əsas səbəbi də görkəmli dramaturqun geniş dünyagörüşünə malik olması Şərqin və Qərbin ən mütərəqqi ideyalarını əxz etmək bacarığı idi.

   Professor V.Arzumanlı çox haqlı olaraq diqqətə çatdırır ki, ədəbiyyat tarixində nadir hallarda buya başqa ədib öz əsərlərini doğma dilində yazır, sonra isə onları başqa bir dilə tərcümə edir: “1851-1856-cı illərdə Mirzə Fətəli Axundzadə komediyalarını və «Aldanmış kəvakib» povestini özü rus dilinə tərcümə edərək «Qafqaz» qəzetində çap etdirməyə nail olmuşdur. Üç il sonra isə (1859) ədibin komediyaları və povesti ayrıca kitab halında rus dilində nəşr olunub. Bu əsərlər barədə həm Rusiyada, həm də Avropa ölkələrində xeyli sayda məqalə və rəylər yazıldı, bir-birinin ardınca bu əsərlər alman, fransız və ingilis dillərinə tərcümə edilməyə başladı».

   Kitabın üçüncü fəsli «Fransız ədəbi-nəzəri fikri və M.F.Axundzadə» adlanır. Bu fəsildən bəlli olur ki, azərbaycanlı ədibin əsərini fransız dilinə ilk dəfə A.Berjenin qardaşı Karl Berje tərcümə etmişdir. M.F.Axundzadənin fransız dilinə çevrilən səslənən ilk əsəri «Müsyö Jordan və dərviş Məstəli şah» olub. Fransız ədəbi mühitində Axundzadə ilə bağlı maraqlı fikirlər var. Təbii ki, M.F.Axundzadənin bəzi əsərlərinin də orijinaldan fransız dilinə tərcümə olunmasında oğlu Rəşid bəy Axundovun da xidməti olmuşdur. O, Brüsseldə təhsil alarkən atasına göndərdiyi məktublarda da fransız ədiblərinin onun əsərinə göstərdiyi maraqdan, diqqətdən danışıb. Rəşid bəy fransız dilini mükəmməl bilirdi. O, müxtəlif vaxtlarda fransızcadan Azərbaycan və rus dillərinə, Azərbaycan dilindən fransız dilinə bəzi ədəbiyyat nümunələrini tərcümə etməyə səy göstərib. V.Arzumanlının bu istiqamətdə də apardığı araşdırmalar uğurludur. Xüsusilə də fransız ədəbi-nəzəri fikrində Axundzadənin yerinin müəyyənləşdirilməsində alimin öz mövqeyi var. O, müxtəlif dövrdə yaşamış ədəbiyyatşünasların, tənqidçilərin fikirlərini bir-biri ilə müqayisə edərək Axundzadəni bəşəri mədəniyyətin, ədəbiyyatın ən böyük nümayəndəsi kimi dəyərləndirir.

   Axundzadə yaradıcılığının qeyri-adi cəsarətini əks etdirən cəhətlərdən biri onun ədəbiyyatda ilk dəfə olaraq tənqidi realizmə söykənərək kəskin və qəti danışmasıdır. Nə Şərq, nə də Qərb yazıçıları Axundzadə qədər qətiyyətli mövqe sahibi olmayıb. Məhz buna görə də Məmməd Arif yazırdı ki, Mirzə Fətəli Azərbaycan və Şərq xalqları ədəbiyyatında deyil, ümumdünya xalqları ədəbiyyatı xəzinəsində gözəl incilər sırasında dayana bilmək hüququ qazanmışdır. Elə buna görə də azərbaycanlı ədibin imzasını Avropanın bir sıra ölkələrində də yaxşı tanıyırdılar. Onun əsərləri sadəcə tərcümə edilib kitab halında yayılmırdı. Tamaşaya qoyulmuş, səhnələşdirilmiş əsərlərinin sorağı Almaniyadan, Fransadan, İngiltərədən gəlirdi.

   Kitabın «İngilis ədəbi-nəzəri fikri və M.F.Axundzadə» bölməsində görkəmli dramaturqun yaradıcılığına ingilis şərqşünaslarının marağından bəhs olunur. Bəlli olur ki, ədibin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyası ingilis dilinə 1882-ci ildə tərcümə edilib. Londonda nəşr edilən bu əsər sonradan başqa Avropa ölkələrinə də yayılıb. Komediya haqqında müxtəlif jurnal və qəzetlərdə məqalələr çap edilmişdir. Dramaturqun ingilis dilinə tərcümə olunan ikinci pyesi «Molla İbrahimxəlil kimyagər»dir. Axundzadənin Avropa dillərinə tərcümələri adətən əsərlərin fars dilində mətnləri müqəddimə, lüğət və bəzi qeydlərlə nəşr edilmişdir.

   Müəllif bu bölmədə görkəmli ədibin əsərlərinin Avropa tərcüməsi ilə bağlı bir maraqlı faktı da oxucuların diqqətinə çatdırıb. Axundzadənin ayrı-ayrı əsərləri italyan, polyak, çex, slovak, macar, rumın, bolqar, yunan, serb-xorvat, alban, fin, İsveç, Norveç, holland, ispan, portuqalbaşqa dillərə tərcümə olunub, hətta bu əsərlər haqqında bir sıra məqalələr də yazılıb.

   Axundzadənin əsərlərinin müxtəlif dillərə tərcümə edilməsi, nəticədə görkəmli Azərbaycan ədibinin dünyanın tanınmış xadimləri ilə bir sırada dayanmasını şərtləndirdi. Hələ sağlığında rus və Qərbi Avropa ədəbi-nəzəri fikri Mirzə Fətəlinin istedadlı yazıçı, mütəfəkkir, görkəmli dramaturq, maarifçifilosof kimi çox yüksək qiymətləndirmişdir. Avropa ölkələrində ədibin yaradıcılığına dərindən maraq göstərilməsinin bir sıra obyektiv səbəblərini şərh edən V.Arzumanlı yazır: «Hər şeydən əvvəl novator dramaturq, mütərəqqi maarifçi, realist yazıçı və filosof kimi qəbul edilən Axundzadə avropalıları həm də ümumbəşəri ideya və təklifləri ilə heyrətləndirmişdir. Dini fanatizmə, cəhalətə, ətalətə, savadsızlığa qənim kəsilən Axundzadənin ümumbəşəri ideya və düşüncələri avropalıların diqqətindən, maraq dairəsindən kənarda qala bilməzdi».

   Həqiqətən də, Mirzə Fətəli Axundzadə dünyagörüşü, təfəkkür tərzi ilə öz müasirlərinin çoxundan yüksəkdə durur və öndə gedirdi. Əgər o, bir tərəfdə milli ədəbi, mədəni, tarixi ənənələrimizə söykənirdisə, digər tərəfdə də mütərəqqi fikirləri, xüsusilə də Avropa ədəbi, mədəni, sosial, tarixi təcrübəsinə və ənənələrinə bağlı idi. O, əslində, Şərqlə Qərb arasında ilk mənəvi körpü idi. Ona görə də görkəmli ədəbiyyatşünaslar, yazıçılar, şərqşünaslar Mirzə Fətəlini «Həm Şərqin, həm də Qərbin yetişdirməsi» adlandırırdılar.

   Vaqif Arzumanlı «M.F.Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri» monoqrafiyasında görkəmli Azərbaycan dramaturqunun həyat və yaradıcılığının Avropada öyrənilməsi və əsərlərinin xarici dillərə tərcüməsi ilə əlaqədar maraqlı məsələlərə toxunub. Həm Şərqin, həm də Qərbin ədəbi mühitində öz abidəsini ucaltmış Mirzə Fətəlini bəşəriyyəti sevən və bəşəri ədəbiyyatın kamil yaradıcısı kimi təqdim edib.

  

   Flora Xəlilzadə

 

Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 13.