Nəğmələrdə “gəlin” köçən arzular

 

   Musiqi fikirlərimizin, xəyallarımızın rəssamı, həyatı dərk etməyin incə bir yaşantısıdır. Nə yaxşı ki, musiqi ölümsüzdür. Yaradıcı insanın ömrü bir gün başa çatsa, ruhu göydə uçan durna qatarına qovuşsa da, nəfəsi, ürək çırpıntıları nəğmələrində yaşayır. Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayeva məhz belə xoşbəxt sənətkarlardan biridir. Dekabrın 15-də bəstəkarın anadan olmasının 100 ili tamam olur.

  

   Ağabacı Rzayeva məşhur tarzən Mirzə Fərəcin ailəsində doğulmuşdu. Hələ körpəlikdən ruhu musiqi ilə qidalanmış, pərvazlanmışdı. Gəlin, o ailənin qapılarını bu günə açaq. Musiqi dünyamıza Ağabacı Rzayevanı bəxş edən bir ailənin taleyi ilə tanış olaq...

   Mirzə Fərəcin nəvəsi Ruqiyyə xanımın xatirələrindən: “Mirzə Fərəc 14-15 yaşında olanda Bakıya Şiraz şəhərindən 5 simli tarı ilə gəlmiş Əli Şirazidən tarda çalmağı öyrənir... Tarın səsini doğmalaşdırmaq və tembrini gücləndirmək üçün 6-cı simin olması mütləq idi. Odur ki, Mirzə Fərəc 6-cı ağ kök simi tara əlavə edir... Məşhur tarzən kimi ad-san qazanır. Toy-şənlik məclislərinin iftixarı olur. O tək Bakıda, Abşeronda deyil, Azərbaycanda, Qafqazda, Orta Asiyada tanınır... 1904-cü ildə xanəndə Ağasəid oğlu Ağabala ilə İranın Pəhləvi (Ənzəli) şəhərinə toy məclisinə gedirlər. Toy mərasimi qurtarandan sonra şəhər klubunda bir ay konsert verirlər. Konsertin səsi-sorağı Rəşt şəhərinin hökmdarına çatır, onları görmək istəyir.

   Sarayda geniş bir musiqi məclisi qururlar... Hökmdarın göstərişi ilə üzərinə parça örtülmüş böyük bir xonça babamın qarşısına qoyulur. Örtüyü qaldıranda xonçada sədəflə bəzədilmiş bir tar görünür. Tarın çanağında və kəlləsində “Şiri-xurşud” (İran dövlətinin gerbi) sədəfə həkk olunmuşdu... Babamın ən qiymətli yadigarı olan tarı indi Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində saxlanılır”.

   Mirzə Fərəcin “Bənövşə” və “Azərbaycan” oyun havaları hələ də ifa olunur, xalq arasında yaşayır. Oğlu İsmayıl gözəl tar ifaçısı olsa da, iqtisadçı işləyirdi. Həyat yoldaşı da yüzdən çox bayatı və qəzəl bilirdi, yaxşı əl qabiliyyəti vardı. Tirmə üzərində güləbətin butalar salır, tənbəki, saat, möhür, daraqqabı kisəsini milli üslubda ornamentlərlə tikirdi. Bir sözlə, ailənin bütün üzvlərinin milli mədəniyyətimizə nə qədər yaxın olduğu aydın olur. 1920-ci ildə Musiqi Texnikumunda tar sinfi açılanda Üzeyir Hacıbəyli Mirzə Fərəci dərs proqramının tərtib edilməsinə cəlb etmişdi. Tara qadağalar qoyulan dövrdə də onun səsi tarzənin evində təşkil olunan məclislərdən kəsilmədi.

   Mirzə Fərəcə 79 yaşından sonra fərdi pensiya təyin edilir... O, “əgər məni bu xərçəng xəstəliyi tutmasaydı, hələ çox yaşayacaqdım” sözləri ailəni bərk sarsıtmışdı. Qəlbində hamıdan çox Ağabacıdan nigaran idi. İlk nəvəsini dünyalar qədər istəyirdi. Bir gün gəlinini yanına çağırıb dedi: “Ağabacını mən sənə tapşırıram”. Sonra kövrəlib ağladı. Həmişə nikbin, mehriban olan insan zahirən tamam dəyişmiş, elə bil başqa bir dünyaya düşmüşdü. Əslində bu, belə idi. Axı, tarından, musiqi məclislərindən həmişəlik ayrılmışdı. Ailə birinci dəfə idi ki, Mirzə Fərəci ağlayan görürdü. Bu göz yaşları sanki “Segah” muğamından süzülüb gəlirdi.

   Mirzə Fərəc dünyasını dəyişəndən sonra ailə üzvlərinin gözlərində işıq, sevinc azaldı. Ağabacı sevimli babasından, onun böyük məhəbbətindən yetim qaldı. Lakin nə qədər ki, o, sağ idi, qız nəvələrinə tarda çalmağa icazə vermirdi. Yalnız onun vəfatından sonra Ağabacının atası qızlarına tarda çalmağı öyrətdi. O gündən Ağabacının həyatına yeni səhifələr yazılmağa başladı, amma notlarla, gözəl milli ruhlu musiqilərlə... O, Azərbaycanın musiqi mədəniyyəti tarixinə istedadlı bəstəkar kimi daxil oldu.

   Yenə xatirələr köməyimizə gəlir: “Babam istəmirdi ki, Ağabacı çalğıçı olsun. O, deyirdi ki, Ağabacı çox zəifdir, qoy öz dərslərini oxusun, iki məktəbdə dərs almaq onun üçün çətin olar. İstəkli babamız haradan biləydi ki, özünün bəzi xüsusiyyətləri ilə bərabər, musiqi istedadını da Ağabacıya verib, onun gələcək taleyi ancaq musiqi ilə bağlı olacaq”.

   Ağabacı 1929-cu ildə Pedaqoji Texnikumu bitirib Saray, Kürdəxanı, Maştağa kəndlərində müəllimlik edir. Ətrafdakılar onun fəaliyyətinə birmənalı yanaşmır, ona böhtan atıb mənəviyyatını sındırmaq istəyənlər tapılırdı. O isə öz mövqeyindən bir addım belə geri çəkilmədən məktəblərdə yaxşı səsi olan qızlardan ibarət xor yaradır, çaldığı tarın müşayiəti ilə konsert təşkil edirdi. Maştağada qadın klubu açılmışdı. Ağabacı fəal komsomolçu kimi oranın özək katibi idi. Savadsızlıq klubunda axşamlar təmənnasız dərs verərək, maarifçilik missiyasını uzun illər həvəslə davam etdirdi. Sonralar da Azərbaycan Bəstəkarlar İttifaqının “Xalq yaradıcılığı” şöbəsinin xətti ilə respublikanın bir çox rayonlarına ezam olunub, istedadlı gənclərin üzə çıxmasında iştirak edib. Onun seçib üzə çıxardığı gənclərdən biri də sevimli müğənnimiz Qulu Əsgərov idi.

   Üzeyir Hacıbəyli Mirzə Fərəcin ailəsinin dostu idi. Ağabacının bəstəkar kimi yetişməsində onun rolu əvəzsizdir. 1934-cü ildə Ağabacının atası İsmayıl kişi bir gün evə gəlib dedi: “Üzeyir bəy konservatoriyada “Xalq musiqisi” şöbəsi açıb. Heç bir ailə öz qızını konservatoriyada oxumağa icazə vermir. O, mənə dedi ki, qızlarımı onun yanına gətirim, musiqi qabiliyyətlərini yoxlayım. Məsləhət olsa konservatoriyada oxusunlar”.

   Bu təklifi eşidən kimi qızlar səhər-axşam tarda məşq etdilər. Onların ifası, istedadı Üzeyir bəyi çox sevindirdi. Ağabacı xalq musiqisi, bacısı Ruqiyyə isə vokal şöbəsinə qəbul olundular. Ağabacı Üzeyir bəyin kompozisiya sinfində təhsil alır, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət dekadasında iştirak edir. O, müəllimi haqqında deyirdi: “Üzeyir Hacıbəyovun öz təhsil üsulu vardı. Bizə - musiqi məktəbi və konservatoriyanın tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi. Bir də onun çox qiymətli xüsusiyyəti vardı, yaradıcılıq inkişafımıza nəzər yetirir, həmçinin həyatımızla, səhhətimizlə maraqlanırdı. Axı, müharibə idi”.

   Görkəmli bəstəkarımız Şəfiqə Axundovanın müharibə ilə bağlı xatirəsi Üzeyir bəyin istedadlı yaradıcı gənclərin müdafiəsinə qalxmasını, qayğısını bir daha təsdiq edir: “Müharibə illəri idi. Hamı kimi vətəni müdafiə etmək üçün Azərbaycan oğulları da cəbhəyə yollandılar. Hərbi Komissarlıqdan mənə və Ağabacı Rzayevaya da çağırış vərəqəsi gəldi. Üzeyir bəy hirslənib özündən çıxdı və komissarlığa arası kəsilməyən zənglər edərək, bizim hər ikimizin adını cəbhəyə gedənlər siyahısından sildirdi”.

   Üzeyir bəyin qayğısı nəticəsində xanımlar müharibənin amansız caynağından xilas oldu. Azərbaycan iki qadın bəstəkarı kəşf etdi. Ağabacı Rzayeva müharibə illərində “Vətən”, “Partizan oğlu”, “Sevgilim əsgər gedir”, “Qəhrəman ananın qəhrəman oğlu” mahnılarını yazdı.

   Yeri gəlmişkən onu da qeyd edək ki, Şəfiqə Axundova konservatoriyada Hacı Xanməmmədovun tar sinfində oxumuş, sonra isə Ağabacı Rzayevadan da tar ifaçılığının sirlərini dərindən öyrənmişdi. Üzeyir bəy hər bir bəstəkarın milli musiqi alətlərimizdə, xüsusilə tarda mükəmməl çalmağını yüksək qiymətləndirirdi, qeyd edirdi ki, məhz bu cəhətdən bəstəkar öz milli musiqisinə daha yaxın olmaqla gözəl, unudulmaz əsərlər yarada bilər. Ağabacı Rzayeva və Şəfiqə Axundovanın zəngin yaradıcılığında tara olan məhəbbət onların bəstələdiyi musiqilərdə özünü dolğun şəkildə əks edir.

   Üzeyir bəyin Azərbaycanda istedadlı tələbələrə göstərdiyi diqqət və qayğı öz bəhrəsini verirdi. Milli mədəniyyət tariximizdə yeni istedadlı musiqiçilər, müğənnilər və bəstəkarlar yetişməkdə idi. Xüsusilə uşaqlar üçün yeni yazılan şeirlərə, mahnılara ehtiyac duyulurdu. Milli özünüdərk hisslərinin formalaşmasında uşaqlıq xatirələri böyük əhəmiyyət kəsb edir. Bu xatirələr isə daha çox uşaqlıq nəğmələri, nağılları ilə sıx bağlıdır. Mənə elə gəlir ki, nəğməsiz uşaq, çiçəksiz bağçaya bənzəyir. Bu missiyanı Ağabacı Rzayeva öz üzərinə götürərək, tərbiyəvi əhəmiyyətli, şux ovqatlı uşaq nəğmələrinin bəstəkarı kimi tanınıb sevildi. Uşaqların ilk xatirələrində Ağabacı xanımın “Kukla”, “Xoş gəlmisən, təzə il”, “Qırmızı şar”, “Dostluq qatarı”, “Mişar” mahnıları həmişə doğma hisslərlə, səmimiyyətlə xatırlanır.

   Bəstəkar uşaq mahnıları ilə yanaşı, “Günəşin eşqi” adlı pyes də yazmışdı. Ağabacı xanım sanki ana məhəbbətini uşaq nəğmələrində yaşadırdı. “Ədəbiyyat və incəsənət” qəzetinin 12 iyun 1954-cü il tarixli sayında Əfrasiyab Bədəlbəyli yazır: “Son zamanlar Səid Rüstəmov, Fikrət Əmirov, Soltan Haclbəyov, Ağabacı Rzayeva, Qənbər Hüseynli və başqa bəstəkarlarımız uşaqlar üçün də bir sıra yaxşı mahnılar bəstələmişlər (Qənbər Hüseynlinin “Cücələrim”, Ağabacı Rzayevanın “Pioner”, “Şən yolka”, Gənc maşinistlər” mahnısı və s.). Bu mahnıların çoxu azyaşlı uşaqlar və məktəblilərimiz tərəfindən sevilə-sevilə oxunur”.

   Vaxtilə Üzeyir Hacıbəyli Ağabacının ilk bəstəsi olan “Gənc vətənpərvərlər” musiqisini dinləyəndən sonra fəxrlə demişdi: “Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər”. Sovetlər ölkəsində əmək qəhrəmanlarının obrazını yaratmaq nəinki rəssamlar, yazıçılar və şairlərin yaradıcılığında mühüm yerlərdən birini tuturdu, xüsusilə, bəstəkarların onlara həsr etdiyi mahnılar dillər əzbəri olurdu.

   Lakin Stalinin ölümündən sonra şəxsiyyətə pərəstiş məsələsi gündəmə çıxandan sonra hətta əmək qəhrəmanları haqda mahnıların ifası qadağan edilmişdi. Ağabacının “Çoban Qara”, “Neftçi Qurban” mahnıları da bu qəbildən idi. Bu sadə zəhmət adamlarının şəxsiyyətə pərəstişlə nə əlaqəsi ola bilərdi?

   İfadəli melodik üslub, şeirin əsas qayəsini, məqsədini verə bilmək onun bəstəkarlıq yaradıçılığına xas keyfiyyətlərdir. Ağabacı Rzayeva Nizaminin, Füzulinin, Nəsiminin, Sabirin, Aşıq Hüseynin, Nigar Rəfibəylinin, İslam Səfərlinin, Zeynal Cabbarzadənin, Mirvarid Dilbazinin, Teymur Elçinin və başqalarının sözlərinə musiqi bəstələmişdir. Keçən əsrin 60-80-ci illərində Azərbaycan radiosunda onun mahnı və romansları daha çox səslənirdi. Onun mahnılarını Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Lütfiyar İmanov oxumuşlar. Təəssüf ki, bəstəkarın sevimli mahnıları efirdə əvvəlki kimi tez-tez səslənmir...

   İllər keçdi, uşaq mahnılarının dinləyiciləri böyüdü, “Evimizə gəlin gəlir” mahnısı ilə gəlin köçdü. Ağabacı xanımın arzuları isə nəğmələrdə gəlin köçdü. O bütün gücünü ailəsinə verdi. Onunla evlənmək istəyənlər olsa da, taleyini heç kimlə bağlamadı. “Anam yadıma düşdü” Ağabacı xanımın xalq tərəfindən çox sevilən mahnılarından biridir. Anasına çox bağlı idi. Bu musiqini həyəcansız dinləmək mümkün deyil. Ana dünyada yeganə varlıqdır ki, onun məhəbbəti, nəvazişi insana dünyanın bütün dərdlərini unutdurmağa qadirdir. Anası 1975-ci ildə dünyasını dəyişəndə kim deyə bilərdi ki, Ağabacı xanım da üç aydan sonra vəfat edəcəkdi...

   Əməkdar incəsənət xadimi Ağabacı Rzayeva mədəniyyət tariximizdə dəyərli yer tutur. Bəstəkar iki dəfə “Qırmızı Əmək bayrağı” və “Şərəf” nişanı ordenləri ilə təltif edilmişdir.

   Notlara köçən arzuların nəğmələrində bu gün də Ağabacı xanım ruhən bizimlədir. Görəsən, ruhlar danışa bilsəydi, o dünyadan-əbədiyyətdən bizə nə deyərdi? Ağabacı xanımın ruhu babası Mirzə Fərəcin ruhu ilə təmiz göylərdə yəqin ki, görüşüb... Daha babası nəvəsi üçün rahatsız deyil. Bəlkə doğrudan da, “günəşlə” təmasda olan varlıqlar sonda müvəqqəti həyatdan üzü günəşə doğru - daimi həyata uçurlar.

  

   Zöhrə Əsgərova,

   yazıçı-publisist

 

  Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 10.