Əfsanə kimi Gədəbəy
Mövcud infrastruktur bölgənin turizm mərkəzinə çevriləcəyindən xəbər verir
Bu, son iki ildə Gədəbəy
rayonuna üçüncü
səfərim idi. Hər dəfə
ölkəmizin bu dilbər guşəsinin
bir özəlliyini kəşf etmişdim. Gədəbəyin aşıq sənətinin
beşiyi, qərb bölgəsində turizm üçün geniş potensiallı rayon
olması bəllidir. Budəfəki səfər isə qədim
diyarın «əfsanəvi» xüsusiyyətləri ilə
tanışlıqla bağlı idi.
Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramı çərçivəsində Gədəbəy 2012-ci ildə ölkəmizin «Əfsanələr Paytaxtı» elan olunub. Dekabrın 11-12-də gerçəkləşən infotur «Əfsanələr Paytaxtı» ilində bölgədə görülən işlərlə tanış olmaq məqsədi daşıyırdı. İnfoturda nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin aparıcı məsləhətçisi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və media nümayəndələri iştirak edirdi.
“Əfsanələr Paytaxtı” ilinin yekunları
İnfoturun ilk günü Gədəbəy Rayon Mədəniyyət Evində geniş tədbirin iştirakçısı olduq. Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova açaraq il ərzində «Əfsanələr Paytaxtı» çərçivəsində görülən işlərdən danışdı. Bildirdi ki, proqramla əlaqədar rayonda çoxsaylı tədbirlər təşkil edilib, turistlərə bölgənin tarixi, mədəniyyəti, turizm potensialı haqqında məlumat verilib. Onun sözlərinə görə, zəngin tarixə malik bölgənin hər qarışında bir abidə var: «Həm təbiət, həm də tarixi abidələrimiz özlüyündə bir əfsanədir. Ona görə də Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramına rayonumuzun məhz «Əfsanələr Paytaxtı» nominasiyası üzrə namizədliyini təqdim etdik. Keçirdiyimiz çoxsaylı tədbirlərə əsasən deyə bilərəm ki, bu il Gədəbəyin tarix, mədəniyyət və turizm potensialının tanıdılması baxımdan çox əhəmiyyətli il oldu».
Rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev bildirdi ki, Gədəbəy həm sənaye və kənd təsərrüfatı, həm də turizm potensialı baxımından ölkənin mühüm regionudur: «Gədəbəy Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Rayon ərazisində 106-dan çox tarixi abidə var. Onların əksəriyyəti qorunan abidələr siyahısındadır, bu sırada dünya əhəmiyyətli abidələr də var. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilib, 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilib istifadəyə verilib. Daha sonra həmin zavod Almaniyanın «Siemens» şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulub. Rayonumuz mineral suları ilə də məşhurdur. Bütün bunlar Gədəbəy torpaqlarının təbii sərvətlərlə zənginliyindən xəbər verir».
Q.Paşayev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində son illər rayonda böyük işlər görüldüyünü, o cümlədən yol tikintisinə önəm verildiyini, nəticədə turizmin inkişafı üçün də əlverişli infrastruktur qurulduğunu qeyd etdi: «Təkcə son 10 il ərzində rayonda 70 orta məktəb binası, bir neçə xəstəxana tikilib istifadəyə verilib. Hazırda 109 kitabxanamız var. Rayonun mərkəzində böyük musiqi məktəbi fəaliyyət göstərir».
İcra başçısının müavini Gədəbəyin 2012-ci ildə «Əfsanələr Paytaxtı» elan olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, layihə çərçivəsində rayonun adət-ənənələrini, tarixini, mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramının artıq 3-cü ilinə yekun vurulduğunu qeyd edərək layihənin bölgələrimiz üçün əhəmiyyətini qeyd etdi: “2010-cu ildə Qazax, Gəncə, Şəki, 2011-ci ildə Lənkəran, İsmayıllı, Şabran bu layihədə iştirak edib. Bu il isə Quba, Masallı və Gədəbəy sənətkarlıq, folklor və əfsanələr paytaxtları elan olunub. Gədəbəy bu sırada xüsusi yer tutur. Paytaxtdan uzaqda, dağlıq ərazidə yerləşməsinə baxmayaraq, Gədəbəy respublikamızın ən perspektivli rayonlarından biridir. Son illər burada baş verən müsbət dəyişikliklər, aparılan tikinti-quruculuq işləri onu deməyə əsas verir ki, burada güclü turizm infrastrukturu yaradılıb».
Şöbə müdiri qeyd etdi ki, Gədəbəy «Əfsanələr Paytaxtı» kimi çox fəal olub, rayonda çoxlu tədbirlər keçirilib. F.Babayev ümidvar olduğunu bildirdi ki, bu rayon gələcəkdə də nazirliyin layihələrində yaxından iştirak edəcək.
Rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı, Aşıq Sayad Pənahovun rəhbərliyi ilə Aşıqlar Ansamblının, Asudə Şınıxlının, Aşıq Pərvizin ifaları alqışlarla qarşılandı. Sonra infotur iştirakçıları Mədəniyyət evinin foyesində açılmış Gədəbəy rayonunun tarixi abidələrini, təbiət mənzərələrini, mədəniyyətini əks etdirən fotosərgiyə tamaşa etdilər, burada yaradılan «Miskin Abdal» ədəbi məclisi, «Bələdçi turizm klubu», Siemens Muzeyi, «Örnək bilgi mərkəzi» ilə tanış oldular.
Gədəbəy Aşıq Musiqi Məktəbindən «Siemens» körpüsünə
İnfotur çərçivəsində baş çəkdiyimiz məkanlardan biri də Gədəbəy Aşıq Musiqi Məktəbinin tikintisi başa çatmaqda olan binası oldu. 2009-cu ildə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə təməli qoyulan məktəbdə 160 nəfər şagird oxuyacaq.
Qeyd edək ki, hazırda Gədəbəydə 100-dən çox aşıq var. Ümumiyyətlə, bu rayon Azərbaycanın aşıq məktəbi hesab olunur. Gədəbəy Aşıq Musiqi Məktəbinin ölkəmizin qərb bölgəsi üzrə aşıq məktəbi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur.
Səfərimizin 2-ci günü Gədəbəy abidələri ilə tanışlıqla başladı. Rayon ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəni irsin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. Bundan başqa, rayonun ərazisində son tunc - ilk dəmir dövrünə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Parakənd qalası, Novosaratovka kəndində 1535-ci ildə inşa edilmiş məbəd və s. tarixi tikililər mövcuddur.
Düzyurd kəndi ərazisində yerləşən «Siemens» körpüsünə baş çəkdik. 19-cu əsrin abidəsi olan körpü Siemens qardaşları tərəfindən tikilib. İki dağı birləşdirən körpü xammal və yanacaq daşımaq məqsədilə inşa edilib.
Ulu öndərin xatirəsi yad edildi
Dekabrın 12-də Gədəbəydəki Heydər Əliyev parkında ümummilli liderin anım mərasiminə yüzlərlə rayon sakini ilə bərabər biz də qatıldıq. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, ictimaiyyət nümayəndələri iştirak edirdi. İştirakçılar Heydər Əliyev parkının girişində dahi rəhbərin heykəli önünə gül dəstələri qoydular. Mərasimdən sonra ulu öndərin vəfatının 9-cu ildönümü ilə bağlı İcra Hakimiyyətində toplantı keçirildi, Heydər Əliyevin həyat yolu, ictimai-siyasi və dövlətçilik fəaliyyətindən söz açıldı.
Qızıl emalı zavodunda
Səfərin ən yaddaqalan məqamlarından biri də Gədəbəydəki qızıl emalı zavodu ilə tanışlığımız oldu. Biz burada emal prosesi ilə bağlı ətraflı məlumat aldıq. Qeyd edək ki, Böyük Britaniyanın «Anglo Asian Mining Plc» şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.
Azərbaycan
Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin əməliyyat
meneceri Tim Va Zeller bildirdi
ki, zavodda
qızıl, gümüş və mis emal edilir.
Onun sözlərinə
görə, bir il ərzində
1 milyon ton filiz emal olunur. Bunun üçün
5 milyon ton süxur təmizlənir. 1 ton filizdən isə cəmi 3 qram qızıl almaq mümkündür. Zavodda 380 nəfər
yerli sakin çalışır. Yataqlardan
il ərzində
təxminən 60 min unsiya
qızıl, 400 ton mis
və 100 min unsiya gümüş emal olunur. Gədəbəyin qızıl yataqlarında
26 tona yaxın qızıl ehtiyatı
var.
Və sonda...
Sonda bir məqamı
da qeyd etmək
istərdim ki, Gədəbəy ilin bütün fəsillərində
gəzmək və istirahət etmək üçün əlverişli
təbiəti və imkanları olan bir rayondur. Buranın insanlarının səmimiyyəti,
qonaqpərvərliyi və
mehribanlığı isə
bir ayrı aləmdir. İkigünlük səfərimiz zamanı
bunun bir daha şahidi olduq. Gədəbəy
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Fazilə Məmmədova, Mədəniyyət
evinin müdiri Etibar Əliyev bizi müşayiət etməklə bərabər,
lazım olan bütün məlumatları
da diqqətimizə çatdırır, eyni zamanda hər arzumuzla, istəyimizlə yaxından maraqlanırdılar.
Rayona gələn bütün qonaqlar beləcə xoş münasibətin, qonaqpərvərliyin şahidi
olurdu.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 14 dekabr.- S. 9.