Şuşa teatrı “Lənkəran xanının vəziri”ni təqdim etdi

 

   Dekabrın 10-da Akademik Milli Dram Teatrının səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Lənkəran xanının vəziri” tamaşası nümayiş olundu.

  

   M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə səhnələşdirilən əsərə teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib. Quruluşçu rəssam Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimov, rəqslərin quruluşçusu Pedram Nazeradl, rejissor assistenti Əməkdar artist İqrar Salamovdur.

   Tamaşanın Lənkəranın, ümumilikdə cənub bölgəsinin məşhur “Ay lolo” mahnısının oynaq ritmi ilə başlaması zala coşqu gətirdi. Səhnədə baş verənlər ilk dəqiqələrdən hər kəsin diqqətini çəkdi.

   Milli teatr tariximizin ilk professional səhnə əsəri olan bu komediyanın dəfələrlə müxtəlif quruluşlarda təqdim olunmasına baxmayaraq, Şuşa teatrının təqdimatı maraqlı rejissor yanaşması ilə seçilirdi. Bir-birini təkrarlamayan, monotondan uzaq personajlar sadə dekorasiya fonunda tamaşanın yükünü çiyinlərinə alıb rahatca daşıya bildilər. Musiqi və rəqslərin yerində, dolğun həlli tamaşaya xüsusi dinamiklik verirdi. Hər personajın fərqli danışıq tərzi, hərəkəti var idi ki, bu da əsəri baxımlı edirdi.

   Maraqlı səhnələrdən biri də xanın yanına şikayətçilərin gəlməsi məqamı idi. Xanın səsləndirdiyi sevgi qəzəlləri, şikayətçilərin bayağı problemləri və sonda həmin problemlərin məntiqsiz formada həlli yolunun tapılması xanlığın vəziyyətindən xəbər verirdi. Vəzirin ailəsində iki övrəti arasındakı münaqişə maraqlı dialoqlarla ifadə olunurdu.

   Əməkdar artist İqrar Salamov (vəzir Mirzə Həbib), Püstəxanım Zeynalova (Ziba xanım), Mətanət Eres (Şölə xanım), Nazir Rüstəmov (Xan), Aybəniz Əhmədova (Nisə xanım), Rasəf Mehdiyev (Teymur ağa), Azad Məmmədov (Hacı Salah və Xacə Məsud), eləcə də epizodik rollarda iştirak edən aktyor və aktrisaların ifaları gözəl oyun tərzi, yüksək ustalığı ilə yadda qaldı.

  

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2012.- 14 dekabr.-S. 6.