“1 milyard turist - 1 milyard imkan

 

   Turizm İnstitutunda dəyirmi masa

  

   Dekabrın 13-ü Dünya Turizm Təşkilatı tərəfindən simvolik olaraq bu il ərzində 1 milyardıncı turistin səfər tarixi kimi qeyd edilib.

  

   Xatırladaq ki, bu günü bütün dünyada turizm sektorunun təmsilçiləri «1 milyard turist - 1 milyard imkan» devizi altında qeyd ediblər. Bu münasibətlə Azərbaycanda da müxtəlif tədbirlər keçirilib. Azərbaycan Turizm İnstitutunda təşkil edilən dəyirmi masa da bu mövzuda idi.

   Turizm sahəsinin mütəxəssisləri KİV nümayəndələrinin iştirak etdiyi dəyirmi masanı ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq bu əlamətdar hadisənin dünyada turizmin inkişafının göstəricisi olduğunu vurğuladı: “Dünya üzrə ümummilli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm onunla bağlı iqtisadiyyat sahələrində çalışır”.

   Rektor Azərbaycanda da son illər qeyri-neft sektorunun avanqardı olan turizmin sürətlə inkişaf etdiyini bildirdi: “Ölkəmizdə turizm üzrə 2-ci Dövlət Proqramı uğurla yerinə yetirilir. Son 10 ilin statistikasına baxsaq, ölkədə hotellərin, turizm şirkətlərinin, yerləşdirmə yerlərinin, ölkəyə gələnlərin sayında ən azı 2-3 dəfə artım müşahidə edirik. 2012-ci ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən Azərbaycandakı hotellərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31850, lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 210-dur. İlin 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1088823 nəfər təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 7,1% ya 72264 nəfər çoxdur. Düşünürük ki, bu il ilk dəfə Azərbaycana gələn turistlərin sayı 2,5 milyonu keçəcək”.

   Dəyirmi masada ATİ-nin prorektoru Eldar Aslanov, kafedra müdiri Bahadur Bilalov, tədqiqat inkişaf şöbəsinin müdiri Xaləddin İbrahimli daxili turizmin inkişafı, muzey, dövlət qoruqları, tarixi abidələr, ziyarətgahlarda çalışan mütəxəssislərlə davamlı fikir mübadiləsi, ictimai mədəniyyətin yüksəldilməsi s. məsələlərlə bağlı maraqlı təkliflər irəli sürdülər.

  

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 4.