“Heydər
Əliyev. Naməlum fotoşəkillər”
Moskvada fotosərgi təşkil edilib
Moskvadakı “Ukrayna”
mehmanxanasının konfrans zalında “Heydər
Əliyev. Naməlum fotoşəkillər” adlı fotosərgi
açılıb. Fotosərgi Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin anım gününə həsr edilib. Ölkəmizin Rusiya
Federasiyasındakı səfirliyinin təşkil etdiyi sərgidə dahi
siyasətçinin həyatının Moskva
dövrü ilə bağlı fotoşəkillər
nümayiş olunur.
Səfir Polad Bülbüloğlu sərgini açaraq görkəmli dövlət xadiminin sovet tarixində rolu barədə danışıb. Onun sözlərinə görə, 1984-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisi üzrə hökumət komissiyasının rəhbəri olub. Komissiya tikintinin yekun mərhələsi çərçivəsində işləri yoxlayarkən İrkutskda çıxan “Vostoçno-Sibirskaya pravda” qəzetinin fotomüxbiri Valeri Karasev nümayəndə heyətini Ust-Kutdan başlamış Sakit okeana qədər bütün yol boyu müşayiət edib, Heydər Əliyevin görüşlərini lentə alıb. V.Karasev həmin səfər zamanı çəkilmiş 1600-dən çox fotoşəkli qayğı ilə qoruyub saxlayıb və bu yaxınlarda bütün bu zəngin materialı Azərbaycanın Rusiyadakı səfirliyinə təqdim edib: “Bizim ümumi tariximizin və görkəmli siyasi xadimin həmin tarixə böyük töhfəsinin sənədli sübutu olan bu unikal fotoşəkillərin bir qismi ilk dəfə bu gün burada nümayiş etdirilir. Bu nadir fotoşəkillərin hamısı Heydər Əliyev Fonduna hədiyyə ediləcək”.
“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru, vaxtilə Heydər Əliyevin təhlükəsizlik xidmətinin rəhbəri olmuş Aleksandr İvanov böyük siyasi xadimin bir neçə il işlədiyi Moskvada onun xatirəsinə həsr olunmuş fotosərginin təşkil edilməsini əlamətdar hadisə adlandırıb. Nəinki Azərbaycan tarixində, həm də bütövlükdə sovet dövrünün tarixində dərin iz qoymuş insan haqqında xatirələrini bölüşüb.
Müəllif V.Karasev fotosərginin təşkilatçılarına
təşəkkürünü bildirib. Həmin
fotoşəkilləri qayğı ilə qoruyub
saxladığını qeyd edən V.Karasev ona belə böyük bir şəxsiyyətlə
işləmək nəsib olduğuna
görə məmnun olduğunu qeyd edib. Fotoqraf
deyib: “Mən gələcəkdə Heydər
Əliyev Fondunda layiqli
yer tutacaq bu fotoşəkilləri böyük
məmnuniyyətlə Azərbaycan səfirliyinə təqdim
etmişəm”.
Mədəniyyət.- 2012.- 14
dekabr.- S. 3.