Qiraətxanalardan
başlanan yol
Bakıda ilk
kütləvi kitabxana-qiraətxana 1894-cü ildə
açılıb. Müsəlman əhali üçün
qiraətxananın təşkilində görkəmli
yazıçı, maarifpərvər, ictimai-siyasi
xadim Nəriman Nərimanovun böyük zəhməti olub.
İndiki Fəvvarələr bağının yanında dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qiraətxanada qəzet və jurnallar, kitablar toplanıb. Mədəniyyət ocağının fəaliyyəti ilk günlərdən ictimaiyyətin diqqətini cəlb edib. Qiraətxana şurasının tərkibinə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi qabaqcıl ziyalılar daxil idi.
Ölkəmizdə ilk kitabxana qurucularından biri də Muxtar Əfəndi (Əfəndizadə) olub. Tanınmış şərqşünas, ensiklopedist alim Azərbaycanın bir sıra bölgələrində özünün də köməyi ilə açılan mədrəsələrdə dərslər keçirdi. Muxtar Əfəndinin 1906-cı ildə Ağdaşda yaratdığı qiraətxana ətraf bölgələrdə də tanınan mədəniyyət ocağına çevrilir. Misirdən ərəbcə, Hindistan və İrandan farsca, İstanbuldan, Krımdan türkcə, Rusiyadan rusca və tatarca (Orenburq, Kazan) qəzet və məcmuələr gətirilərək qiraətxana zənginləşdirilir. 1923-cü ildə kitabların sayına görə Ağdaş qiraətxanası Bakıdan sonra ikinci yeri tuturdu.
Azərbaycanın qədim şəhərlərindən olan Gəncə özünün zəngin mədəniyyəti ilə həmişə fərqlənmişdir. XX əsrin əvvəllərində ölkədə çar hökumətinin milli müstəmləkə zülmünə baxmayaraq, Gəncə ziyalılarının köməyi ilə yeni tipli milli məktəblər açılır, mədəni-maarif müəssisələri yaradılırdı. 1905-ci ildə şəhər ziyalıları topladıqları vəsaitə kitablar, qəzet-jurnallar alaraq “İslam kitabxanası” adlı mədəniyyət ocağı təşkil edirlər. Kitabxananın açılışında o zaman şəhər məktəblərindən birində müəllim işləyən Cəfər Axundov yaxından iştirak etmiş və onun ilk müdiri olmuşdur. Bu kitabxana bir müddət sonra fəaliyyətini dayandırır. 1906-cı ildə Gəncədə yeni bir qiraətxana açılır. Qiraətxana Rusiyada çıxan müsəlman qəzetlərini, o cümlədən Şərq ölkələrindən bir sıra qəzetlər alırdı. Qiraətxanada rus dilində də qəzetlər var idi.
Bakıdan fərqli olaraq Gəncə qiraətxanasından istifadə etmək pullu idi. Oxucular buraya daxil olarkən 2 qəpik verirdilər. Qiraətxanaya Misirdən və digər Şərq ölkələrindən də kitablar hədiyyə edilirdi. Bu barədə “Həyat” qəzetində belə bir məlumata rast gəlirik: “Misirdən Əbdüllahi Cövdət Əfəndi Gəncə qiraətxanasına səy etməkdədir. Daha sonra “Gəncə qiraətxanası”na Rəfidil Əzim bəy cənablarından bir neçə kitab hədiyyə edildi”.
Beləliklə, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın bölgələrində bir-birinin ardınca qiraətxanalar yaradılmağa başlandı. İlk kitabxanaların yaradılmasında həmin dövrdə yaşamış ziyalılarımızın rolu danılmazdır və xalqın maariflənməsi yolunda çalışmış bu insanları hər zaman hörmətlə anırıq.
Hazırladı: Lalə Azəri
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 15.