Lerikdə qədim
daş kitabələr aşkar
edilib
Lerik rayonunun yüksək dağlıq ərazisində
yerləşən Orand massivində qədim
daş kitabələr aşkar
edilib. Qayaüstü
təsvirlərin ilk baxışdan
yazı olmasını ehtimal etmək olar. Bu yazılar uzaq məsafədən də aydın görünür.
Belə təsəvvür yaranır ki, əvvəlcə qayanın üzəri hamarlanıb, onun səthinə oyma üsulla yazılar həkk olunub. Bəzi yerlərdə aşınmaların olduğu da diqqəti cəlb edir. Ümumilikdə, bir neçə qaya səthi olmaqla, bu yazılar təxminən 80-100 metrlik məsafəyə qədər uzanır.
Tapıntı yerli tarixçilərin də diqqətini cəlb edib. Uzun müddət ərazinin tarixini və mədəni irsini tədqiq edən Lerik şəhər 3 nömrəli orta məktəbin tarix müəllimi Araz Qurbanovun sözlərinə görə, bölgədə hələ alt paleolit, orta paleolit, mezolit dövründə yaşayış mövcud olub. Yeni aşkarlanmış daş kitabələr isə bu ərazidə daimi yaşayış məskənin mövcudluğundan, buranın həmin dövrdə qədim dövlətlərdən, yaxud da birlik və tayfalardan hansınınsa birinin siyasi mərkəzlərindən olmasından xəbər verir. Güman etmək olar ki, daş kitabələrdə həkk olunan yazılar hansısa qədim dini təlimlə bağlıdır.
Tədqiqatçı müəllim Əliheydər Əliyevin sözlərinə görə isə, daş kitabənin yerləşdiyi ərazidən bir qədər aralıda qədim tikili də mövcud olub. Bunu həmin ərazidən səpələnmiş halda tapılan süxurlar sübut edir. Bu süxurlardan o zaman qədim tikililərin inşası zamanı istifadə edilib.
Ərazidə həmçinin
bulaqların olması və el arasında
buranın “kivişə”, yəni iki
meşə dərəsi adlandırılması isə Lerikin qədim insan məskəni
olduğunu sübut edir.
Mədəniyyət.- 2012.- 19
dekabr.- S. 15.