Gənc nəslin
tərbiyəsində kitabxanaların rolu
Mədəni və tarixi irsimizin qorunub saxlanılmasında, yeniyetmə və gənclərin milli ruhda tərbiyəsində kitabxanaların xüsusi rolu var. Bunu nəzərə alaraq bölgə kitabxanaları da işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Şəki Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 21 saylı filialı Böyük Dəhnə kəndində yerləşir. 1949-cu ildən fəaliyyət göstərən kitabxana 6 minə yaxın əhalisi olan kənddə oxuculara nümunəvi xidmət göstərir.
Mədəniyyət ocağının müdiri Yaqut Seyidməmmədovanın sözlərinə görə, kitabxananın 11 min nüsxəyə yaxın kitab fondu, mindən çox oxucusu var. Kitabxananın fondu vaxtaşırı yeni nəşrlərlə zənginləşdirilir. Oxucuların dövri mətbuata tələbatını ödəmək üçün kitabxana müxtəlif qəzet və jurnallara abunədir.
Kitabxananın fəaliyyət istiqamətlərindən biri də oxuculara vətənpərvərlik hissinin aşılanmasıdır. Bu məqsədlə müxtəlif tədbirlər, sərgilər təşkil edilir: “Ötən müddət ərzində kitabxanada təşkil olunan “Tariximizin şanlı səhifələri”, “Heç kim və heç nə unudulmur”, “Vətən səsləyir bizi”, “Əbədilik üfüqündə parlayanlar”, “Biz gəldi-gedərik, Vətən əbədi” mövzularında sərgilər böyük marağa səbəb olub. Balaca oxucularla mütəmadi olaraq “Tarixi şəxsiyyətlərimiz” mövzusunda söhbətlər aparılır”.
Kitabxanada digər oxucu qrupları, o cümlədən müharibə veteranları ilə də görüşlər təşkil olunur. Bu görüşlərdə uşaq və gənclər filmlərdə gördükləri, kitablarda oxuduqları hadisələri, qəhrəmanlıq səhnələrini veteranların dilindən eşidirlər.
Qarabağ müharibəsində Şəkinin Böyük Dəhnə kəndi də şəhidlər verib. Kənd sakinləri vətənin müdafiəsinə qalxıb şəhidlik zirvəsinə yüksələn igid oğullarımızla fəxr edirlər. Süleyman Əhmədov, Azad İsmayılov, Bəhruz Abdullayev, Mehman Orucov, Nizam Hacıyev, Fərahim Valehov, Əsədullah Baloğlanov, Mütəllim Məmmədəliyev kimi qəhrəman oğullar əbədi olaraq yaddaşlarda yaşayacaqlar.
Kitabxanada şəhidlərə həsr olunmuş nəşrlər, dövri mətbuat nümunələri saxlanılır, tarixi günlərdə onların əziz xatirəsi yad edilir.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 14.