Kitab və kino
Adətən bu
mövzulu yazıda öncə bu iki məfhumun ümumi və spesifik cəhətlərindən
söz açmaq
lazım gəlir. Amma kitab
və kino arasında zaman
anlayışı o qədər böyük, eyni zamanda, o qədər kiçikdir ki... Sözsüz ki, kitab kinodan qat-qat
qədimdir. Kitab kultdur,
mədəniyyətin ilki, təsdiqi,
sivilizasiyanın fəxridir. Kitabı olmaq
dəyərləri olmaq deməkdir. Kino isə gənc, cazibəli bir
“oğru”dur. O, kitabdan süjetləri, mövzuları, hətta
oxucuları oğurlayır.
Kitabdan ekrana
Kitab, musiqi və teatr. Orta əsr insanının ruhi qidası bunlar idi. Romanlar oxuyur, musiqi dinləyir, teatra gedirdilər. Ötən əsrin ortalarından bədii ədəbiyyat oxuyanların çoxunu kino «oğurladı» - böyük bir qismini seriallara aludə etdi. Amma kitabın nüfuzu böyük idi, onun sayəsində minlərlə ekran əsəri yaransa da, bədii ədəbiyyatın kino həlli bir çox hallarda müəllif təxəyyülündən, oxucunun kitabda görüb təsirləndiyi dünyadan geri qalırdı. Məsələ çox sadədir - ədəbiyyatın, sözün ifadə vasitələri, bədii mətnin dili başqadır, kinonun dili tamam başqa. Kino görüntünün, musiqinin, hadisənin köməyilə insana ötürülən əhval, fikir, emosiya, yaddaşdır. Bədii mətn isə özünəməxsus, bilinməyən bir təxəyyül oyunudur. Oradakı sözlər yaddaşımıza bir cür həkk olunur, o cümlələrin təsirindən çıxa bilmirik. Belədə oxucu-tamaşaçı kitabla ekran arasında qalır.
Bununla belə bədii mətndən daha artıq uğur qazanmış filmlər də var. Onlar məhz rejissorun yanaşma tərzinə, forma həllinə görə uğurlu alınıb. Bu isə o deməkdir ki, forma məzmundan daha artıq olmalı, tamaşaçıya kitabdakından daha artığını çatdırmalıdır...
Kitabı mövzu edən filmlər
Bu sırada ilk növbədə Britaniya rejissoru Stiven Doldrinin alman yazıçısı Bernhard Şlinkin romanı əsasında çəkdiyi «Qiraətçi» filmi yada düşür. «Qiraətçi» həm melodramdır, həm də sosial faciə. Məhəbbət əhvalatında yuxuya dalmış sosial faciə. Əhvalat konkret bir şəxsə sevginin insanlığa məhəbbətə qədər böyüməsinin tarixçəsidir. Yalnız məhəbbət insanı dəyişməyə, bir şeyə başqa nəzərlə baxmağa məcbur edə bilər. Filmin qəhrəmanı Hanna Şmits nasistdir, faşist əsir düşərgələrində mühafizəçi işləyib. Mixail Berqsə təkcə Hanna üçün yox, elə film tamaşaçıları üçün də əhvalatlarda iştirak edən qiraətçidir. Film onun xatirələri ilə başlayır. Mixail bu xatirələri qızına danışır. Bu əhvalat onun yeniyetməlik illərini, gəncliyini və yetkinlik yaşlarını əhatə edir. Mixail təsadüfən ona nəvaziş göstərmiş bir qadınla yaxından tanış olur. Bu, Hanna Şmitsdir. Gənc və gözəl qadın cazibədar, yeniyetmə Mixaillə üç ay davam edən sevgi macərası yaşayır. O, Mixailə sevməyi öyrədir. Mixail isə ona Çexovun, Homerin kitablarını oxuyur. Yuxu kimi şirin sevgi əhvalatı yazın axırlarında bitir. Hanna çıxıb gedib. Mixail ilk sevginin iztirablarını yaşayır. İllər keçir. Hüquq fakültəsində təhsil alan Mixail təcrübə üçün getdikləri məhkəmələrdən birində müttəhimlər kürsüsündə Hannanı görür. Faşist hakimiyyəti illərində mühafizəçi işləmiş Hannanı əsirlərə qarşı xüsusi amansızlıqda ittiham edirlər. Buna hüquqi dəlil kimi yazdığı raportu göstərirlər. Hanna isə yazıb oxuya bilmədiyini söyləməkdən utanır. Məhkəmə ona ömürlük cəza verir.
Məhkəmədə
gənc Mixaili Hannanın vəziyyəti
ilə bərabər, başqa bir təzad sarsıdır. Əxlaq və qanun. Düzdür, əsirlərlə
qeyri-insani davranıb, amma
o hərəkətlərində o dövrün mövcud qanunlarından kənara
çıxmayıb. Mixailə hüquqdan
dərs verən professorlar da
əxlaqla yox, qanunla
uzlaşmağı, qanuna görə hökm çıxarmağı öyrədirlər.
Hannanın uzun həbsxana həyatında
yeganə təsəllisi Mixailin ona göndərdiyi lent
yazıları - qalaq-qalaq kitabları oxuyan Mixailin səsidir. Bu səsin köməyi ilə Hanna
həbsxana kitabxanasında kitab
oxumağı, yazmağı öyrənir. Və bu kitablardan sonra o, nə etdiyini dərk edə bilir. Özünü yaxşı apardığına
görə Hannanı
azadlığa buraxmaq
istəyirlər. Amma o, oxuduğu
kitabları ayağının
altına düzərək
özünü asır.
Məhəbbət Hannanı kitab
oxumağa qədər
dəyişirsə, kitablar
Hannanı mənəvi
iztirablar, vicdan ağrısı çəkmək,
insanları sevmək məqamınadək yüksəldir.
O qədər yüksəldir
ki, boyu kəndirə çatsın...
Bu yerdə İosif Brodskinin ədəbiyyat üzrə
Nobel mükafatını alarkən
söylədiyi nitqdən
sözlər yada düşür: “Mənə
elə gəlir ki, bizim talelərimizin
potensial hakimləri olan siyasətçilərdən
hansı beynəlxalq siyasəti dəstəklədiklərini
yox, Stendala, Dikkensə, Dostoyevskiyə
münasibətlərini öyrənmək
lazımdır. Burada söhbət
savadlı olmaqdan getmir. Lenin də,
Stalin də, Hitler də
savadlı idi, hətta Mao Tsze Dun şeir yazırdı.
Amma onların qurbanlarının siyahısı
oxuduqlarının siyahısından
qat-qat uzun idi...”.
Bizim kino
Azərbaycan filmlərində də kitab və
mütaliə mövzusu
müxtəlif rakurslarda
əksini tapıb.
Bu xüsusda iki
uşaq filmini qeyd etmək istərdik. Rejissor Əlisəttar Atakişiyevin
“Bir qalanın sirri”ndə qəhrəman
- Elşən kitab oxuyur. Bu vacib
ştrixdir. O həm
fiziki güclə, həm də kitabların köməyi ilə qəhrəman olur. Kitab tilsimləri sındırır.
Film uşaqlarda kitaba sevgi, həvəs
aşılayır, bu
isə çox böyük işdir.
Uşaqlara kitabı sevdirmək...
Həmin rejissorun «Sehrli xalat» filmində kitabın texniki inkişafı haqqında sanki öncəgörmə kimi epizod mövcuddur. Gələcəyə düşmüş uşaqların əlində müasir elektron kitablar var. Həmin kitablar günümüzün planşetlərinə, “e-book-reader” çox bənzəyir. Filmlər çin çıxır...
Aliyə
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 13.