2012-ci il Gəncədə “Kitabxana ili”
kimi yadda qaldı
Bu gün bölgələrimizdə mədəniyyətin
başqa sahələri ilə
yanaşı, kitabxana işi
də yeni inkişaf
dövrünə qədəm qoymaqdadır. Kitabxana
işçilərinin II Ümumrespublika
müşavirəsi ərəfəsində Gəncə şəhər
MKS-nin direktoru Elmira Əliyeva bu sahədə
görülən işlərlə bağlı qəzetimizə
məlumat verdi.
Direktorun bildirdiyinə görə, respublikanın bütün kitabxanalarında olduğu kimi, 2008-ci ildən Gəncədə də “İRBİS-64” avtomatlaşdırılmış kitabxana-informasiya proqramı tətbiq olunur. Bu məqsədlə şəhər MKS-nin veb-saytı (www.gencekitab.az) yaradılıb. Bundan əlavə, mərkəzi kitabxananın oxu zalında pulsuz xidmət edən “Hüquq mərkəzi” təşkil olunub: “Oxucuları hüquqi biliklərlə maarifləndirir, mütəxəssislərin iştirakı ilə tədbirlər keçiririk. Mərkəzi uşaq kitabxanasında isə “Uşaq hüquq mərkəzi” yaradılıb. Burada balacalara insan hüquqları, hüquq mədəniyyəti barədə məlumat verilir”.
Gəncə MKS-də iki yeni şöbə - kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya-resurs şöbələri yaradılıb. Dövlət Proqramına uyğun olaraq MKS-də diyarşünaslığa dair fondların yeni materiallarla zənginləşdirilməsi məqsədilə yerli yazarlarla əlaqə saxlanılır, hər yeni nəşr edilən kitab fonda daxil edilir. “Gəncə və gəncəlilər”, “Kitab abidələri” adlı məlumat bazaları yaradılaraq MKS-nin saytında yerləşdirilib.
Əsas vəzifələrdən biri də MKS-nin uşaq kitabxanalarında monitorinqlərin keçirilməsidir. Monitorinqlər göstərir ki, kitabxanalarda informasiya texnikasının və latın qrafikalı ədəbiyyatın azlığı problem olaraq qalır: “Bundan əlavə, region kitabxanaları üçün həm Gəncədə, həm də yerlərdə metodiki köməklik məqsədilə seminar-məşğələlər təşkil edilir. Bir sevindirici məqamı da qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı kitabxanaçısı” müsabiqəsində Gəncə MKS-nin komplekləşdirmə və kitabişləmə şöbəsinin müdiri Gülünaz İsgəndərova qalib adını qazanıb”.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən 2012-ci il şəhərdə “Kitabxanalar ili” elan edilib. Bununla əlaqədar tədbirlər planı hazırlanaraq həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən ki...” adlı ədəbi-bədii gecə, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə tədbirlər keçirilib, kitab sərgiləri nümayiş etdirilib.
Gəncə MKS-yə yeni daxil olan kitablar “İRBİS-64” avtomatlaşdırılmış kitabxana informasiya proqramı ilə işlənilir. Bu proqrama uyğun olaraq “Yeni kitablar”, ”Retro kitablar”, ”Notlar”, “CD, DVD”, dövri mətbuat üçün “Elektron kartoteka” və “Diyarşünaslıq” bazaları yaradılıb. Bölmələr daim yeni materiallarla zənginləşdirilir.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 11.