Masallıda “Folklor paytaxtı”
ilinə yekun vuruldu
Deyilənə görə,
vaxtilə bu yerlərdə «Masal» adlı qəbilə yaşayırmış. Arxeoloqların
apardıqları qazıntılar
da təsdiq edir ki, Masallı
Azərbaycanın ən
qədim yaşayış
məskənlərindən biridir. Burada 20 min il əvvəl
yaşayış olub.
Digər bir versiyaya görə, «Masallı» toponiminin yozumu folklor nümunəsi olan “misallar”la bağlıdır.
Bunun da həqiqətə nə dərəcədə
yaxın olduğunu söyləmək çətindir.
Amma o da həqiqətdir ki, Masallı ölkəmizin zəngin folklor irsinə malik bölgələrindəndir.
Təsadüfi
deyil ki, Mədəniyyət və
Turizm Nazirliyinin
“2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı
Paytaxtları” proqramı
çərçivəsində Masallı 2012-ci il
üzrə Azərbaycanın
“Folklor paytaxtı” elan edilib. “Sənətkarlıq paytaxtı”
Quba və “Əfsanələr paytaxtı”
Gədəbəydən sonra
budəfəki səfər
ünvanımız “Folklor
paytaxtı” ilinə yekun vuran Masallı
oldu. Dekabrın 15-16-da gerçəkləşən
infoturda nazirliyin Mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev, şöbənin aparıcı
məsləhətçisi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və media nümayəndələri iştirak
edirdilər.
* * *
Masallı Azərbaycanın cənub-şərqində, Bakıdan
230 km məsafədə yerləşir.
210 min nəfər əhalisi olan rayon şərqdən Xəzər
dənizi, qərbdən
isə Talış dağları ilə əhatələnib ki, bu da bölgədə
geniş turizm potensialının olmasını
şərtləndirir. Lakin Masallının turizm imkanları təkcə əlverişli coğrafi şəraiti, təbii gözəlikləri ilə
bağlı deyil.
Bölgədəki zəngin
mədəni irs, qədim abidələr (Ərkivan qülləsi, Digan və Boradigah
kəndlərindəki XVI əsrə
aid məscidlər, Seyid
Sadıq məqbərəsi
və s.), Musaküçə,
Türkoba, Qəriblər,
Kolatan, Sığdaş
və başqa kəndlərdə tarixən
inkişaf etmiş ənənəvi xalq sənəti (həsir, dulusçuluq, ağac məmulatları, xalçalar,
corablar) və əlbəttə ki, Masallının zəngin xalq yaradıcılığı
buraya gələn qonaqlar üçün böyük maraq kəsb edir.
Tədbirlər
ilboyu davam edib
Biz rayon mərkəzinə çatanda
“Masallı-2012. Azərbaycanın folklor paytaxtı” çərçivəsində yekun tədbirin başlanmasına az qalmışdı.
Yeni istifadəyə verilmiş
Gənclər Mərkəzinin
konfrans zalında rayon
ictimaiyyətinin nümayəndələri,
ziyalılar və Bakıdan gedən digər qonaqlar toplaşmışdı.
Tədbiri rayon
İcra Hakimiyyəti başçısının birinci
müavini, Masallının
«Folklor paytaxtı» elan edilməsi ilə bağlı yaradılmış Təşkilat
Komitəsinin sədri
Nəsir Muxtarlı açaraq il
ərzində görülən
işlərdən danışdı.
Onun sözlərinə
görə, müvafiq
tədbirlər planına
əsasən il ərzində rayonda müxtəlif müsabiqələr, festivallar,
sərgilər keçirilib.
«Folklor ili»
çərçivəsində rayonda reallaşdırılan
ən böyük tədbirlərdən biri isə beynəlxalq folklor festivalı olub. Tədbirə Türkiyə, İran, Latviya, Rusiyanın Kabardin-Balkar Respublikasından
folklor ansamblları qatılıb.
Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin
müdiri Fikrət Babayev bildirdi ki, «Xalq Yaradıcılığı
Paytaxtları» arasında
Masallının xüsusi
yeri var: “İl ərzində burada keçirilən respublika və beynəlxalq səviyyəli
tədbirlər onu deməyə əsas verir ki, Masallıda
mədəniyyət sahəsində
böyük inkişaf
var. Eyni zamanda, bölgədə belə tədbirlərin təşkili,
çoxsaylı qonaqların
qəbulu üçün
hərtərəfli şərait,
imkanlar mövcuddur. Sentyabr ayında Masallıda yüksək səviyyədə
təşkil olunan beynəlxalq folklor festivalı bunu bir daha sübut
etdi. Festival göstərdi ki, rayonlarımızda belə
tədbirləri keçirmək
olar. Mən şübhə etmirəm
ki, bu tədbirlərin
davamı olacaq. Artıq bunun üçün imkan və təcrübə
var».
F.Babayev nazirliyin «Xalq Yaradıcılığı Paytaxtları»
layihəsinin 2014-cü ildən
sonra da bir qədər fərqli nominasiyalarla davam edəcəyini dedi. Onun sözlərinə görə, növbəti
illərdə Azərbaycanın
musiqi, ədəbiyyat
paytaxtları nominasiyaları
elan ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutunun direktoru Muxtar İmanov Masallıda keçirilən bütün
tədbirlərdə iştirak
etdiklərini bildirdi.
Onun sözlərinə görə,
institutun əməkdaşları
tərəfindən bölgənin
folklor nümunələri
toplanaraq «Azərbaycan
folklor antologiyası.
Masallı folklor örnəkləri»
kitabı çap edilib.
Rayon ağsaqqalı
Ələşrəf Nuriyev
ictimaiyyət adından
tədbirlərin təşkilində
və yüksək səviyyədə keçirilməsində
rolu olan insanlara təşəkkür
etdi.
Masallı Rayon
İcra Hakimiyyətinin
başçısı Rafil
Hüseynov il
ərzində keçirilən
tədbirlərdə fəallıq
göstərmiş bir
sıra mədəniyyət
işçilərini fəxri
fərmanla təltif etdi. Sonra tədbir bədii
hissə ilə davam etdirildi. “Masallı” rəqs
ansamblı, «Halay» folklor ansamblı, «Həcər» halay ansamblı, muğam ifaçıları Ehtiram
Hüseynov və Kamilə Babayevanın çıxışları alqışlarla
qarşılandı.
Məşhur Qala bazarı bərpa olunacaq
Sonra Gənclər Mərkəzinin
akt zalında rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynov jurnalistlərin
suallarını cavablandırdı,
görülən işlərlə
bağlı ətraflı
məlumat verdi.
Onun sözlərinə
görə, Masallı
əhalisinin sayına
görə Azərbaycanın
ən böyük rayonlarından biridir: «Gözəl təbiəti,
mineral suları, mədəniyyət
və incəsənət
ənənələri bölgənin
geniş turizm imkanlarından xəbər
verir. Çoxlu turizm obyektlərimiz
var. Onlarda xidmətin keyfiyyətinin artırılması
istiqamətində işlər
görülür. Bunun üçün
yaxın vaxtlarda Masallıda Turizm Peşə Məktəbi fəaliyyətə başlayacaq.
Rayonda yüksək standartlara cavab verən «Viləş», «Nağıl
dünyası» hotelləri
istifadəyə verilib.
Termal su mənbələrinin yaxınlığında turizm
obyektləri fəaliyyət
göstərir. Bu yerlər xarici ölkədən qonaqları
da çox cəlb edir. Rayonumuza il ərzində təxminən 16-20 min nəfər
turist gəlir».
Qarşıdakı
planlardan danışan
icra başçısı
bildirdi ki, rayon ərazisində vaxtilə
mövcud olmuş Qala bazarının ilkin modelinin layihələndirilməsi üzərində
iş gedir: «Burada dulusçular, həsirçilər əl
işlərini təqdim
edəcək, rayonun özünəməxsus mətbəxi
nümayiş olunacaq,
qədim ənənələr
yaşadılacaq. Bu məkan eyni zamanda turizm nümayiş obyekti kimi rayona gələn
qonaqlara xidmət edəcək. Masallı
Mədəniyyət evinin
təmiri başa çatır, gələn
il istifadəyə
veriləcək. Kənd mədəniyyət
evlərinin təmiri nəzərdə tutulur.
2012-ci ildə Gənclər Mərkəzi,
yay konsert salonu istifadəyə verilib».
Minbir dərdin dərmanı - İstisu
Tədbirdən sonra Masallı
İstisu Fatimeyi-Zəhra
Şəfa Sanatoriyasına
baş çəkdik.
Müalicə-istirahət mərkəzi Masallı
şəhərindən 13 km-lik məsafədə, Viləş çayının
sahilində yerləşir.
Burada yerin təkindən 60 dərəcə temperaturda
isti su çıxır.
Suyun tərkibində müxtəlif mineral maddələr
(hidrogen-sulfid, maqnezium-hidrokarbonat
və s.), hər litrində 30 milliqram yod var. 1960-cı illərin
əvvəllərində məşhur
həkim-alim Mir Kazım
Aslanlı-Sarəng elmi
yolla sübut edib ki, buradan
çıxan təbii
su ilə revmatizm, dəri xəstəlikləri, böyrək
və sidik yolları xəstəlikləri,
hipertoniya, prostatit, qaraciyər və öd yolları, mədə-bağırsaq, qadın
xəstəlikləri və
travmatik zədələnmələri
müalicə etmək
mümkündür.
Sanatoriyanın direktoru Hacı İldırım Allahyarov bildirdi ki, müəssisə 1998-ci ildən fəaliyyət göstərir. Burada gündə 300 nəfərin qəbul edilib yerləşdirilməsi üçün hər cür şərait mövcuddur. Sanatoriyaya gələnlər əvvəlcə yüksək ixtisaslı həkimlər tərəfindən müayinə olunur, sonra xəstəliyə uyğun müalicə prosedurları təyin olunur. Yerli əhali sanatoriyaya həmkarlar təşkilatlarının xətti ilə də gələ bilər. Müəssisə turizm şirkətləri ilə sıx əməkdaşlıq şəraitində işləyir. Buraya il ərzində bir çox xarici ölkələrdən, o cümlədən İrandan, Türkiyədən, Rusiyadan və Avropadan turistlər gəlir.
Layihənin əhəmiyyəti barədə bir neçə söz
Günün
sonunda rayonun mərkəzində
yerləşən «Masallı» hotelinə gəldik. Bu hotel də yüksək standartlara cavab verən turizm obyektlərindən biridir.
Beləliklə,
Mədəniyyət və
Turizm Nazirliyinin
«2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı
Paytaxtları» proqramı
çərçivəsində 2012-ci il üçün
paytaxt elan edilmiş rayonlara KİV təmsilçilərinin infoturu
başa çatdı.
Sonda bu layihənin əhəmiyyəti barədə
fikirlərimi bildirmək
istəyirəm. Biz bu
səfərlərimiz zamanı
bölgələrimizin tarixi,
mədəniyyəti, turizm
potensialı, mətbəxi,
insanlarının qonaqpərvərliyi
ilə daha yaxından tanış
oluruq, jurnalist olaraq Azərbaycanın regionlarını tanımaq
və tanıtmaq fürsəti əldə edirik. Eyni zamanda isə
bu bilgilər gələcək yazılarımızda
bizə bir növ bələdçilik
edir.
Bu səfərlərin
bir yaddaqalan məqamı da Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev, mətbuat katibi Zöhrə Əliyeva, şöbənin əməkdaşı
Rəşad Əliyev
kimi əvəzsiz yol yoldaşlarının olmasıdır.
2013-cü ilin
“Xalq Yaradıcılığı
Paytaxtları”nda görüşmək
ümidi ilə...
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 9.