İnformasiyalı cəmiyyətdə yüksək ixtisaslı kitabxanaçı kadrların rolu mühümdür

 

   Dekabrın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyinə həsr olunmuş “İnformasiyalı cəmiyyət üçün yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasına doğrumövzusunda elmi konfrans keçirildi. Əvvəlcə iştirakçılar fakültənin yubileyi münasibətilə hazırlanan kitab sərgisi ilə tanış oldular.

  

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli BDU-nun kitabxanaçılıq-informasiya fakültəsində kitabxanaşünas, kitabşünas və nəşriyyat redaktoru ixtisasları üzrə ali təhsilli kadrlar hazırlandığını, fakültənin ölkədə kitabxanaçılıq sahəsinin inkişafına mühüm töhfələr verdiyini bildirdi: “Fakültənin 50 illik yubileyini Azərbaycanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirirəm. Təhsil ocağı uzun illər həyatını kitabxana işinə bağlayan gənclərə yol göstərib, onlara savad, bilik verib. İnanıram ki, fakültə bundan sonra da bu sənəti sevən yüksək ixtisaslı ziyalılar yetişdirəcək”.

   Müasir dövrdə kitabxanaların rolunun artdığını deyən şöbə müdiri yeni kitabxanaçı kadrların, bacarıqlı mütəxəssislərin hazırlanmasının önəmini vurğuladı: “Müasir dövr, informasiya texnologiyalarının inkişafı fakültənin də qarşısında yeni tələblər qoyur. Bu müqəddəs sənəti seçənlər hərtərəfli yetişməli, informasiya texnologiyaları üzrə biliklərə də dərindən yiyələnməlidirlər”.

   Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məzunu olduğu kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik tarixindən söz açdı, onun şöbə kimi fəaliyyət göstərməsinin isə 65 ilinin tamam olduğunu diqqətə çatdırdı.

   Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov və başqaları çıxış edərək indiyədək 5 mindən çox ali təhsilli kitabxanaçı kadr yetişdirən tədris ocağının keçdiyi inkişaf yoluna nəzər saldılar. Fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, professor Abuzər Xələfovun xidmətləri xüsusilə vurğulandı.

   Konfrans çərçivəsində, həmçinin BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyi münasibətilə hazırlanmış elektron məlumat bazası təqdim edildi.

  

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 7.