İşıqlı insanların sayəsində yola çıxdım...

 

   Kitabxanaçıların II Ümumrespublika müşavirəsi ərəfəsində görkəmli alim, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, “Şöhrət” ordenli Abuzər Xələfovun həyat yoluna nəzər saldıq.

  

    Ömrünün yarım əsrdən çoxunu kitabların arasında keçirən, milli kitabxanaşünaslıq elminin banisi kimi şöhrət tapan Abuzər Xələfovun bu sahədə xidmətləri əvəzsizdir. Ötən ilin elə bu günlərinin birində Abuzər Xələfovla otağında görüşüb ömür kitabını birgə vərəqləmişdik. Yaxşı kitablar kimi, yaxşı ömürləri də təkrar-təkrar “oxumağa” dəyər.

  

   Ömrün səhifələri

  

   Abuzər Alı oğlu Xələfov 1931-ci il dekabrın 25-də Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Toxluca kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1962-ci ildə onun fəal səyi nəticəsində kitabxanaçılıq şöbəsi müstəqil fakültə kimi fəaliyyətə başlayıb. Abuzər Xələfov fakültənin ilk dekanı olub və 25 il fasiləsiz bu vəzifədə çalışıb. 1962-ci ildən bu günədək kitabxanaşünaslıq kafedrasının müdiridir. Keçmiş SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk tarix elmləri doktorudur.

   Abuzər Xələfov o xoşbəxt insanlardandır ki, xeyirxah insanların əhatəsində böyüyüb, onların xeyir-duası ilə yola çıxıb.

   - Universitetdə oxuyarkən mənim böyük müəllimlərim olub. Mir Cəlal Paşayev, Məmmədcəfər Cəfərov, Həmid Araslı, Mirzə Feyzullayev və neçə-neçə belə böyük şəxsiyyətlərin bulağından su içmişəm, belə nəhəng şəxsiyyətlərin əhatəsində böyümüşəm. Məni universitetdə Yusuf Məmmədəliyev saxlayıb. O vaxt universitetin rektoru idi. Prorektora tapşırdı ki, mənə dərs versinlər. Dedi ki, biliyini bilmirəm, amma çox mübariz adama oxşayır. Bunu saxlayın, bu ixtisası dirçəldə bilər.

   Çox keçmir ki, akademikin uzaqgörənliyi özünü doğruldur. Yusuf Məmmədəliyevdən sonra akademik Şəfayət Mehdiyev rektor olur. Onun dövründə kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilir.

   - 1962-ci ildə kitabxanaçılıq fakültəsi yaradıldı. Məni fakültənin dekanı təyin elədilər. 25 il bu vəzifədə çalışdım. 50 ilə yaxındır ki, kitabxanaşünaslıq kafedrasının müdiriyəm. İşıqlı insanların sayəsində yola çıxdım, onların xeyirxahlıqlarını, diqqətlərini, qayğılarını zaman-zaman hiss elədim. Mən təbiət etibarı ilə mübariz adam olmuşam. Bu fakültəni öz övladım hesab edirəm.

   Abuzər Xələfov sanballı monoqrafiyaların, kitabların və dərsliklərin müəllifidir.

   - İndiyədək 34 kitabım çap olunub. “Kitabxana və cəmiyyət” kitabımı oxuyan hər bir insan dərk edəcək ki, kitabxana cəmiyyətin inkişafında çox dəyərli bir mədəniyyət ocağıdır. Kitabxanaçı millətin formalaşmasında, milli ideologiyanın yayılmasında, mədəniyyətimizin, tariximizin inkişafında böyük xidməti olan mütəxəssisdir. Mən ona görə bu sənəti sevirəm ki, bu sənət doğma xalqımın ümumi inkişafına xidmət edir, xalqımın tarixini qoruyub nəsildən-nəslə ötürür.

   34 kitabın müəllifi ən çox zəhmət çəkdiyi kitab barədə danışdı:

   - Ən çox zəhmət çəkdiyim kitab “Azərbaycanda kitabxana işinin tarixindən” adlı üçcildlikdir. Min səhifə həcmində olan topluda qədim zamanlardan bizim dövrə qədər Azərbaycanda kitabxana işinin tarixindən bəhs edir. Bu kitabı yazmaq üçün Azərbaycan tarixini dərindən öyrənmişəm. Çünki kitabxana tarixi cəmiyyət tarixinin, xüsusilə mədəniyyət tarixinin tərkib hissəsidir. Ona görə də mən əvvəlcə xalqımızın milli tarixini öyrənmişəm, o tarixə söykənmişəm. Sonra Azərbaycan ədəbiyyatını dərindən mənimsəmişəm. Azərbaycan klassiklərinin əsərlərini oxumuşam, oradan bəhrələnmişəm. Nizaminin əsərlərində qeyd edilir ki, o zaman Bərdədə kitabxana olub. Bu qiymətli faktı başqa haradan tapmaq olardı? Bəli, bu kitabı araya-ərsəyə gətirmək üçün illər boyu zəhmət çəkmişəm. Bu mənim xalqım qarşısında xidmətimdir.

  

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 6.