Turizmin inkişafında kitabxanaların rolu

 

   Həyatımızın bütün sahələrinə nüfuz edən informasiya-kommunikasiya texnologiyaları turizmdə də geniş tətbiq olunmaqdadır. Turizmdə ənənəvi təbliğat vasitələri - çap məhsullarının, reklam çarxlarının yayılması ilə yanaşı, elektron resursların da rolu böyükdür.

  

   İnsanlar səfər etmək istədikləri məkanlar, oradakı xidmətlər və s. barədə internet vasitəsilə ətraflı məlumat alırlar. Bu baxımdan hazırda aktual olan məsələlərdən biri də turizmdə elektron resursların rolu və onların kitabxana xidmətində istifadəsidir.

   Azərbaycan Turizm İnstitutunun Kitabxana İnformasiya Mərkəzinin müdiri Gülşən Mehdiyevanın sözlərinə görə, kitabxanalar artıq yalnız kitab saxlancı kimi deyil, eyni zamanda informasiya məkanı kimi fəaliyyət göstərir: «Elektron resurslarımız çoxdur. Bundan əlavə, bir neçə elmi məlumat bazalarına abunə olmuşuq. «Wold of-13», «Evromonitur İnternational» kimi məlumat bazaları turizm sahəsində 80-dən artıq ölkəni əhatə edən tədqiqatlar aparır. Həmin məlumatlar bizim oxucularımız üçün açıqdır”.

   Bu yaxınlarda ATİ-nin Kitabxana İnformasiya Mərkəzi turizm sahəsində ən zəngin kitabxana olaraq mərkəzləşmiş kitabxana sistemlərinin əməkdaşları üçün treninq keçirib. 25 nəfərin iştirak etdiyi treninqlərdə turizmdə elektron resursların istifadəsi və onların rolundan danışılıb: «İştirakçılara virtual muzeylərdən necə istifadə etmək, insanlar üçün turlar hazırlayıb ora dəvət etmək kimi məsələlərlə bağlı məlumatlar verildi».

   ATİ-nin Kitabxana İnformasiya Mərkəzində İRBİS avtomatlaşmış kitabxana proqramı da tətbiq ediləcək. 2013-cü ildə bu elektron baza bütün kitabsevərlərə təqdim olunacaq.

  

   * * *

   Turizm üzrə mütəxəssis Bahadur Bilalovun fikrincə, internet texnologiyaları inkişaf etdikcə onların həyatımızda, o cümlədən turizmdə istifadə imkanları da genişlənir: “Artıq hər kəs yerindən və yaxud evindən internetlə özünə səfər marşrutu seçə, müvafiq xidmətlər haqqında məlumat əldə edə, hətta onun haqqını ödəyə bilər. Eyni zamanda dünyanın ən məşhur kitabxanalarının elektron ünvanına daxil olmaqla istənilən kitabı oxumaq mümkündür».

   Mütəxəssisin sözlərinə görə, kitabxanalar da turizmin inkişafında böyük rol oynamaq iqtidarındadır: «Məsələn, deyək ki, Azərbaycan Milli Kitabxanasında dünyanın heç bir kitabxanasında olmayan qiymətli bir kitabyaxud əlyazma var. Bunun reklamını etmək lazımdır. Bu haqda məlumat kitabxananın elektron kataloquna daxil edilməlidir. Bu reklamla ölkəyə turist cəlb etmək mümkündür. Təbii ki, o kitabla maraqlanan adam, tutaq ki, hansısa əcnəbi mütəxəssis mütləq ölkəmizə gələcək. Bu baxımdan kitabı, qiymətli bir əlyazmanı da turizm məhsuluna çevirə bilərik».

  

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 6.