Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar

 

   1988-ci ildən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın 20 faiz ərazisi ilə yanaşı, o torpaqlardakı mədəni irsimiztalan olunub. Dağlıq Qarabağonun ətrafında işğal edilmiş rayonlarda yüzlərlə mədəniyyət ocağımız, o cümlədən kitabxanalar məhv edilib. İşğal altında qalan rayonlarda ümumilikdə 930-dək kitabxana müəssisəsi dağıdılaraq qarət edilib.

   İşğaldan əvvəl Şuşa şəhərində 32 kitabxana fəaliyyət göstərib. 1977-ci ildən Şuşa rayon MKS-nin 32 kitabxanasında kitab fondunun sayı 200 min nüsxə olub. Laçın rayonunun işğalı nəticəsində isə 119 kitabxana məhv edilib. Bu kitabxanalarda 843 min nüsxə kitab olub. Kəlbəcər rayonunun işğalı nəticəsində 119 kitabxana talan edilib.

   Ağdam rayonunda 107 kitabxana 970 min nüsxə kitab fondu ilə birlikdə tamamilə dağıdılıb. Çəbrayıl rayonunda 78, Füzuli rayonunda 90, Qubadlıda 85, Zəngilanda 70 kitabxana işğalın qurbanına çevrilib. Ağdərə rayonu üzrə 65, Xocalı rayonu üzrə 69, Xocavənddə 82, Qazax rayonunun Ermənistanla həmsərhəd kəndlərində isə 8 kitabxana məhv edilib.

   İşğal olunmuş ərazilərdə kitabxanalarda saxlanılan nadir kitab kolleksiyaları talan edilərək yandırılıb. Şuşada ilk qiraətxananın yaradıcısı, görkəmli ensiklopedist alim Mir Möhsün Nəvvabın şəxsi kitabxanası, dahi bəstəkar Üzeyir Hacıbəylinin və vokal sənətimizin banisi Bülbülün ev-muzeylərində saxlanılan dəyərli kitablar məhv edilib. Erməni qəsbkarlarının mədəni irsimizə qarşı vandalizmi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Təəssüf ki, tərəqqipərvər dünya bütün bunları görməzdən gəlir.

   

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 6.