Şəkidə Prezident Kuboku uğrunda VII çövkən oyunları keçirilir

 

   Dekabrın 17-də Şəkidə Prezident Kuboku uğrunda VII çövkən oyunlarına start verilib. Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən yarışlar dekabrın 22-dək davam edəcək.

  

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən bu tədbir xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası və dirçəldilməsi, habelə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.

   Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komanda iştirak edir. Milli atüstü oyunlar üzrə mübarizə Şəki, Yevlax, Ağdam, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz, TovuzZaqatala rayonlarının komandaları arasında aparılır. Komandalar çövkən, sürpapaq, papaq atüstü milli oyunları ilə yanaşı, bərpa olunaraq bu il ilk dəfə proqrama salınmış yaylıq milli oyunu üzrə də yarışırlar.

   Dekabrın 19-da Atçılıq Turizm Mərkəzində oyunların təntənəli açılış mərasimi keçiriləcək. Oyunlara dekabrın 22-də yekun vurulacaq, qalib komandalara nazirliyin diplompul mükafatları təqdim olunacaq.

 

 Ceyhun

 

Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 2.