Böyük Alim
və Adam
“Elim köməyim olsun, Əlim köməyim olsun, Xalqıma yük olarsam, Ölüm köməyim olsun!” manifestli Xudu Məmmədov
Başlıqdakı son sözü
- “adam” ifadəsini qəribçiliyə salmamalı; axı,
xalq “Alim olmaq asandır, adam olmaq çətin!” deyir. Peşələr,
sənətlər içində bundan çətini, bundan
mürəkkəbi yox. Neçə-neçə “kəllə
alim”in ziya buynuzunu sındırıb, inkişaf kürəyini
yerə vurub, gələcək yol-rizini bağlayıb bu
çətinlik. Çətinlik deyəndə ki, -adam ola bilməmək...
Bunun bir tağı da nəfslə, daxili “mən”lə bağlıdır ki, elmdə bütöv bir epopeya yaratmış bu rəhmətlik ədəbiyyatın ən kiçik odasında belə deyirdi:
Bu qala bizim qala,
Qaldıqca bizim qala.
Tikmədim - özüm qalam,
Tikdim ki, izim qala...
Dostları ona “Sirri-Xuda”
deyiblər. Şairlər onu “ömür karvanının sənət
yükünə” qeyrətli sözlər, əməllər
yükləyən, “Sən dənizsən, biz - tərs axan
çayların” kimi misralarla öyüblər.
Dünyanın elm nəhəngi Con Bernal Moskvada keçirilən
(1953) elmi konfransda öz “dahi tələbəsi” haqda guya
söz tapa bilməyən akademik Sıçevin fikrinə belə
qüvvət verib: “Bizdəki (Britaniya) və sizdəki
(SSRİ) “pensioner” kristalloqrafların həll edə bilmədiklərini
Sizin 25 yaşlı “pioner”-tələbəniz - cənab Xudu Məmmədov
həll etmişdir!”
Belə. 1927-ci il dekabrın 14-də doğulub Xudu
adını almış Məmmədov 25 yaşından
“böyük alim” titulu ilə irəliləməyə
başladı.
Ona belə adlar verdilər,
görüşlərdə ürəkdolusu təriflər
yağdırdılar, EA-nın müxbir üzvü
seçdilər, “Şərəf nişanı” ordeni ilə təltif
etdilər...
Özü isə...
Özü isə
özü haqda heç nə dedirtməmiş, heç kimi
fikirləşdirməmiş, heç kəsdən heç nə
ummamışdır. Məclislərdə “Ev
üçün, ailə üçün işləyərkən
yorulmamaq üçün el üçün də
çalışmaq gərəkdir” kimi sözlərdən
“Heç kəs eşitmək istəməyən adam qədər
kar ola bilməz”, “Həyatın böyük çətinlikləri
səni böyük məqsədlərdən
yayındırırsa, uğurlar uğrunda çəkdiyin əzablar
səni üzürsə, Füzulini oxu, ölməz
“Koroğlu”nun uvertürasına qulaq as,
muğamlarımızı, saz havalarımızı dinlə;
sənə yenidən qalxıb irəli getmək həvəsi
gələcək» kimi kəlmələrədək susmuş,
hərdən də göylərə və rəyasət
yuxarılarına baxıb, aşağıdakı kimi
azar-bezarlanmışdır:
Çiy yumurta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz?!.
Məsəllər var ki...
Biri də belə başlayır:
“Adam var ki, adamların naxışıdır...” İkinci tərəfi yaxşı səslənmədiyi
üçün (mənası çox yaxşı olsa belə)
yazmıram. Amma Xudu müəllim
doğrudan da adamların, adamlığın naxışı
idi. Elmi yaradıcılığına imkanım daxilində,
intellektinə, obrazlı təfəkkürünə, ədəbi-bədii
zövqünə, sənət aşiqliyinə, mədəniyyət
kompleksinə, dahiyanə səmimiyyətinə, dostluq
istedadına isə kifayət qədər bələd
olduğum Xudu müəllim haqda fikirləşib,
dünyanın ən uzun, ən irihəcmli “xatirə”sini
yazmaq imkansızlığı və
mümkünsüzlüyü ilə üzləşəndə
həmişə dadıma bu ikicə kəlmə
çatıb:
“Doyulmaz İnsan”...
Tarixən
adamların dərini olub, dayazı olub, yaxşısı,
pisi, daha neçə-neçə sifəti, təyin-“tamamlığı”
olanları olub, var və olacaq. “Çətin adam” ifadəsini də tez-tez eşidirik. Bunun antonimini - tərsini isə, məncə, hələ
işlədən olmayıb. Bayatılarının birində
“elim-əlim köməyim olsun” demiş Xudu müəllim
elimizə-dilimizə bu sarıdan da xeyir vermiş olub, -
başqalarında öz şəxsinə oyatdığı
münasibət sayəsində daha bir söz birləşməsi
doğurub: “asan adam”...
Bəli, Xudu müəllim
dünyanın ən asan insanı idi. Seçdiyi elm sahəsindən
tutmuş bütün fərdi-ictimai münasibətlərə
qədər - cəfalı dolanışıq səbri,
dönməz vətəndaşlıq, susmaz ziyalılıq,
xalsız paklıq, “mənəm-mənəm”likdən tam xali
təvazökarlıq, milli düşüncə davaları
istisna edilməklə, həyatın ən çətin
imtahanlarını seçmiş ən asan insan!
Xudu Məmmədov
sadə xalqla mürəkkəb elm arasında ən get-gəlli
körpü salan alim-ziyalılardan idi. Bu məqamda
onunla söhbətlərimizdən birini xatırladım.
Doğma yurdunda (Ağdamın Mərzili kəndində)
orijinallığı ilə adamı heyran edən
(büsbütün öz layihəsi ilə tikdirdiyi) evində
binələnmişdi bu xatirə. Damla-damla
suallarımla bu canlı elm, sənət, ədəbiyyat dəryasından
dalğa-dalğa cavablar qoparırdım. Gecənin gec vədəsində
ortaya atdığım “...Bəşəriyyət niyə belə
ədalətsizdir: olanları yaradan şairlərə, sənətçilərə
daha çox heykəl qoyur, olmayanları ixtira edən alimlərə
isə çox az...” sualımla onu səhərə
qədər yuxusuz qoydum. Hər birinin arxasında “məntiq
valyutası” dayanan fikirlər söyləyib geniş şərhlər
versə də, “xatircəm” qalıb-qalmayacağımdan
narahat olan bu həssas insan sözünü belə
tamamladı: “Bu dünyada bir elm evi var; alimlər zaman-zaman gəlib
ona - az ya çox, pis ya yaxşı - suvaq
çəkib gedirlər. Sənətkarların isə hər
birinin ayrıca evi olur”...
Bəli, elmçi sənətçilər
tərəfində...
Bu əsnada “hər kəs
közü öz qabağına çəkər” məsəlini
mütləq xatırlamalı.
Təhsilcə geoloq,
ixtisasca kristalloqraf-kimyaçı olan bu alim nə qədər
elm adamı idisə, bir o qədər də el adamı idi.
Tarixən yalnız əkin-biçinə məhkum
edilmiş xalqımızın bir parası onun kristalloqrafik
ornamentlər yaradıcılığından, “Sənət təbiətin
öyrənilməsində strategiya, elm isə taktikadır”
kimi hikmətlərindən, “Cansızlardan canlı aləmə
körpü atmasından” (C.Bernal) o qədər də asan
baş aça bilmirdi. Ancaq onlar onun özüylə beş-on
kəlmə kəsəndən, məclis-mərəkədə,
efir-ekranda söhbətlərini dinləyəndən sonra
ayılırdılar ki, yox, bu anlaşılmazlıqların təqsiri
alimdə deyil, aləmdədir...
Canlı məktəb
Xatirələrində
yazır ki, uşaqlıqda qır-saqqız suallarıyla
yaşlı qohum-əqrəbasını, xüsusən
atasını boğaza yığırmış. Bir
gün də Qarqar çayında selinti (təndir-soba
oduncağı) toplayarkən bəzəkli çaylaq
daşlarının “iç-içalat”ı haqda o qədər
sorğu-sual edir ki, Surxay kişi qəzəblənir:
“Ay bala, bura sizin məktəb daxması döyül ey, Stalin
yoldaşın atalıq qayğısı sayəsində
puçumuza çır-çırpı gətirən
çay yatağı xarabasıdır!”
Xudu Məmmədov
üçün hər yer, hər məkan, hər nöqtə
məktəb olub. O “məktəb”ləri gəzə-gəzə,
görə-görə oxuyub. O qədər oxuyub ki, sonda
özü də bir məktəb olub.
Xudu
müəllimdə hamıya çatdıq mənəvi pay,
irfani ziya vardı. O, mükəmməl incəsənət
timsallı bir varlıq idi - aydın və gözəl musiqi,
füsunkar tablo, monumental heykəltəraşlıq nümunəsi,
memarlıq abidəsi kimi - hamıya çatırdı.
Xudu müəllimin
el-oba sevgisində bir Leyli-Məcnunluq vardı. Hər dəfə də səfərdən fəlsəfi
qənaətlərlə qayıdardı. 70-ci illərin
axırlarında ucqar rayonların birindən qayıdıb,
orada gördüyü müsbət yeniliklərlə bərabər,
bir az şimaldan gəlmə, bir qədər
qərbdəngötürmə “modernizm”ə eyhamla: “Kənd
görmək istəyirsinizsə, tələsin, kənd
qurtarır... - dedi. - Xoruz banı, mal-davar mələrtisi əvəzinə,
“Jiquli”-“Volqa” ciknələyir”...
Onun dostlarının
hamısı, tələbələrinin əksəriyyəti
milli keyfiyyət daşıyıcıları idi. Bu, onun həyati baxışları, xarakter
naxışları ilə bağlıydı. Həm də
- elm və millət azarından savayı heç nəyi, hətta
kiməsə bir çay qonaqlığı vermək
imkanı olmayan bu kristal kristalloqrafın yanında qeyri-millilərin
nə işi vardı, axı?!.
Dostları arasında ad-sanları
bütün dünyaya bəlli Çingiz Aytmatov, Cavad Heyət,
Bəxtiyar Vahabzadə, Nurəddin Rza, vətəndaşlıq
məramları bütün Azərbaycana məlum Şahmar
Əkbərzadə, Zeynal Məmmədov vardı.
...1980-ci ilin yayı. Qarabağın Arazqırağı kəndlərindən
birində toydur. DTK-nın rayon şöbəsinin
sədri o vaxtlar üçün “misilsiz” hesab edilən bir cəsarətlə
Xudu müəllimlə Şahmar Əkbərzadəni gecəyarısı
“Araz-stroy” körpüsündən o taya - Güney Azərbaycana
keçirir. Vətənin yar yarısı ilə o on-on
beş dəqiqəlik vüsalda, Xudu müəllimin öz
diliylə “Oğrun Vətən görüşündə”
Güneyin Quzey təşnəlisi nələr çəkmir,
nələr etmir?! Diz çöküb
öpdüyü torpaqda çəmən qoxlayır,
çiçək axtarır, həsrət otları yolur.
Ertəsi gün onu həmişəkindən daha şad-xürrəm görən toy adamları (bu kənddə üçüncü oluşuydu) sualı suala caladılar, ötəkilərdən daha yaxın pərvanələşdilər. Kənd xəstəxanasının baş həkimi “qədəmlərinizə üz qoyum”, “mənalarınıza can verim” deyənlərdən bir istək də artıq boy verib, “Fədanız olum, ay Xudu müəllim, hər şey gözəldir, amma heyf ki, içmirsiz, şərəfinizə qaldırdığımız badələrə bir avtoqraf-badə toxundurmursuz...” - dedi. Xudu müəllim isə özünəməxsus təbəssümüylə bu kəndin qonaqpərvərliyindən, əsrin əvvəllərindəki qaçaq-qoçaqlığından bir xeyli danışıb, ürəyinin gizlinində çiçək çırtladan ötəngecəki olayın eşqi ilə söhbətini belə yekunlaşdırdı: “Mənim içib-içməməyimi neynirsiz, qardaşlar! Siz məndən dəmlik istəyin. Mən dəməm...”.
Sabahısı onu öz rayonundan qatarla yola salırdıq. “Sərnişinlərdən xahiş olunur...” elanından sonra o, yarıkönül vaqona qalxdı və əlbəəl qayıdıb yerə düşdü. “Ay Zeynal müəllim, - dedi - sən Allah, vaxt elə, sabahda-birigündə Bakıya gəl. Srağagün gecə o tayımızda gördüklərimi, lətifəsi insanlardan uzaq, gövşəyib qurtara bilmirəm! Gəl, bir əməlli-başlı paylaşaq...”.
Bütün şüurlu ömrü uzunu canında-qanında, sözündə-söhbətində milli azadlıq, müstəqillik arzusu və mücadiləsi aparan bu insan, təəssüf ki, öz ana arzusunun mənzil başına üç il qalmış - 1988-ci ildə dünyasını dəyişdi. Özü də bu sevgili mücadilənin ilkin ritmi üstdə - Qarabağ yanğısının əlimyandı məqamında. Dünyadəyişmə məkan-mənzili isə bir Tanrı peşkəşi idi; canından artıq, milləti qədər sevdiyi Üzeyir bəyin ev-muzeyi!..
Sonda da bir nəzm gərəkir. Nəsrdə
nə qədər yazıb-pozsan da, sətirdən-sətrə,
modern çətirdən folklor-fətirə keçsən də,
nəzm sazıyla deyilmişin yerini vermir. O vaxtlar ədəbiyyat
disidentliyinə özünəməxsus dividentlər gətirmiş
Məmməd Araz elmdəki həmkarı Xudu Məmmədova
ithaf etdiyi şeirlərin birində belə
ağılayırdı:
Bax donqar dəvənin səbət
yükünə,
Bənzəyir içiboş
şöhrət yükünə,
Ömür karvanının sənət
yükünə
Bir-iki qeyrətli söz yükləməsək
-
Sən kimə gərəksən,
mən kimə gərək?
Yenə dağ döşündə
dənərləndi qar,
Yenə zirvələrin
həsrətində qal.
Sel qopdu - dərəyə
düşdü qalmaqal,
Bir ocaq başında bir isinməsək,
Sən kimə gərəksən,
mən kimə gərək?..
Tahir
Abbaslı
Mədəniyyət.-
2012.- 21 dekabr.- S. 13.