Yaddaşlarda yaşayan el sənətkarı

 

   Şəki Azərbaycan mədəniyyətinə Ələsgər Abdullayev, Əlövsət Sadıqov, Əhmədbəy Tahirov, Həbibullah Cəfərov, Məhərrəm İsmayılov, Yunis Qarabağlı, Mürşüd Məmmədov kimi görkəmli el sənətkarları bəxş etmişdir. Unudulmaz el sənətkarımız Ələfsər Rəhimov (Şəkili) da belə soydaşlarımızdandır.

  

   Ələfsər Məmmədrəhim oğlu Rəhimov 1930-cu il mayın 5-də Şəkidə anadan olmuşdur. Hələ kiçik yaşlarından musiqiyə həvəsi olan Ələfsər balaban çalmağı öyrənmiş, oyun havalarını sərbəst ifa etmişdi. Onda zurnaya meyli Həbibullah Cəfərov və Qaçay Mustafayevin sənətkarlığı yaratmışdı. Muğamxalq mahnılarını əsasən Ələsgər Abdullayevin, Cabbar Qaryağdıoğlunun, Zülfü Adıgözəlovun patefon vallarından öyrənmişdi.

   1955-ci ilin martında bəstəkarlar Soltan Hacıbəyov, Səid Rüstəmov və baletmeyster Əlibaba Abdullayev qədim folklor nümunələrini toplamaq məqsədilə Şəkiyə gəlirlər. Onlar yeni təşkil olunmuş “Şəki toyu” rəqs kollektivinin ifasında bir neçə rəqsə baxırlar. Rəqsləri Həbibullah Cəfərovun rəhbərlik etdiyi zurnaçılar dəstəsi müşayiət edirdi. Gənc ifaçı Ələfsər Rəhimov da onların arasında idi. Kollektiv 1955-ci ilin aprelində Bakıda OperaBalet Teatrında keçirilən bayram konsertində uğurla çıxış etmişdir.

   Ələfsər Rəhimov respublika gənclərinin 1956, 1957 və 1962-ci illərdə Bakıda keçirilən festivallarında laureat adına layiq görülmüş, birinci dərəcəli diplom və qızıl medalla mükafatlandırılmışdır. 1959-cu ildə isə o, Moskvada keçirilən Azərbaycan İncəsənət və Ədəbiyyatı günlərində “Şəki toyu” rəqs kollektivini bacarıqla müşayiət edən zurnaçılar dəstəsinə rəhbərlik etmişdir. 1963-1967-ci illərdə Şəki Orta İxtisas Musiqi Texnikumunda təhsil almış, 1962-1977-ci illərdə Şəki Şəhər Mədəniyyət Evində bədii rəhbər və direktor vəzifəsində çalışmışdır.

   1974-cü ildə Ə.Rəhimovun ifa etdiyiŞur”, “Segah”, “Qatar” muğamları, “Şəki yallısı”, “Cəngi”, “Koroğlu”, “Pəhləvani” və digər rəqslər Azərbaycan radiosunun “Qızıl fondunda lentə alınmışdır.

   İstedadlı ifaçı 1967-ci ildə Ümumittifaq xalq yaradıcılığı festivalının, 1977-ci ildə isə zəhmətkeşlərin bədii yaradıcılıq festivalının laureatı adına layiq görülmüşdür.

   1983-cü ilin may-iyun aylarında Fransada keçirilən beynəlxalq musiqi festivalında, 1984-cü ilin mayında isə Belçikada Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrı ilə birlikdə qastrol səfərində olmuşdur. O, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Yenilməz batalyon” filmlərində zurnaçılar dəstəsi ilə birlikdə çəkilib.

   Xalq şairi Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Aşıq Şəmşir və başqaları Ələfsərə şeirlər həsr etmişlər. B.Vahabzadə istedadlı ifaçı haqqında demişdir: “Mən hər dəfə Ələfsəri dinləyəndə ayaqlarım yerindən üzülür, xalqımın keçdiyi min illik yollarından keçir, tariximizə - ulu babalarımızın ruhuna qovuşuram”.

   O, 1980-ci il noyabrın 30-da vəfat etmişdir. 1990-cı ildə onun 60, 2000-ci ildə 70 illik yubileyləri keçirilmişdir. 2010-cu ilin oktyabrında Mədəniyyət Turizm Nazirliyi tərəfindən Şəkidə görkəmli el sənətkarının 80 illiyinə həsr olunmuş “Milli nəfəs alətləribayramı keçirilmişdir.

   Ələfsərin qardaşı oğlu Əbülfət Məmmədrəhimov tarın, sazın, udun əvəzsiz ifaçısı kimi uzun illərdir ki, Dövlət Mahnı Teatrının solistidir. Nəvəsi Ələfsər isə Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyiNatiqritm qrupunun fəal üzvlərindən biridir.

   Uzun illərdir ki, Şəki Şəhər Mərkəzi Mədəniyyət Evində Ə.Şəkili adına zurnaçılar ansamblı fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri İlham İbrahimxəlilov, üzvləri Baxışəli Abdurəhmanov, Xurşud İbrahimxəlilov, Samir Abdurəhmanov, Mübariz İsmayılov başqaları vaxtilə sənətkarın şagirdləri olmuşlar.

  

   V.Kərimov,

   Şəki Mərkəzi Mədəniyyət Evinin direktoru

 

   Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 12.