“Skal Bakı” klubu ilə yekun vurdu
Dekabrın
19-da Bakıdakı «Divan Express Baku» mehmanxanasında “Skal İnternational Bakı” turizm klubunun növbəti, 12-ci toplantısı
keçirildi.
Toplantıda Mədəniyyət və
Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov,
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Türkiyənin
Azərbaycandakı səfirliyinin
mədəniyyət və
tanıtım müşaviri
Seyid Əhməd Arslan, hotel və turizm şirkətlərinin
təmsilçiləri, media nümayəndələri iştirak
edirdilər.
Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə
başlandı. “Skal Bakı” klubunun prezidenti Ruslan Quliyevin təklifi ilə qurumun yaradıcılarından
biri, «Bakı tur» turizm şirkətinin
müdiri mərhum Fayis Məmmədovun xatirəsi yad edildi.
«Skal İnternational» haqqında
filmin nümayişindən
sonra Ruslan Quliyev «Skal Bakı»nın 2012-ci ildə fəaliyyəti haqqında
geniş məlumat verdi. Bildirdi ki, 1932-ci ildən fəaliyyət göstərən
«Skal İnternational»ın
Bakı klubu 2009-cu ildə yaradılıb: «Dostlar arasında biznesin bərqərar olması» şüarı
ilə tanınan «Skal İnternational»ın hazırda 22 minə yaxın üzvü var. «Skal Bakı» MDB məkanında ilk və tək təşkilatdır.
Odur ki, təşkilatın mərkəzi ofisi MDB ölkələri üzrə
koordinasiyanı bizə
həvalə edib.
Bu bizi çox
sevindirir. «Skal Bakı»nı yaratmaqda əsas məqsədimiz Azərbaycanı
yeni bir turizm mərkəzi kimi dünyaya tanıtmaqdır”.
Ötən müddətdə «Skal Bakı»nın bir çox nailiyyətlərə imza
atdığını deyən
təşkilat rəhbəri
bildirdi ki, bu həm xarici
ölkələrdəki həmkarlarla
əməkdaşlıqda, həm
də ölkə daxilində görülən
işlərdə özünü
göstərib: «Antalya və
Bakı skal klubları əkiz klublar oldular. Gələcəkdə İstanbul, Roma, Los-Anceles skalçıları
ilə də əməkdaşlıq qurmaq
niyyətindəyik. «Skalite 2012» tədbirində
fəal iştirak etmişik. Ölkə daxilində də
fəaliyyətimiz geniş
olub. Çalışırıq ki, turizmin inkişafında maraqlı
olan bütün tərəfləri bu təşkilatda birləşdirək.
Strategiyamızın mühüm istiqamətini
Azərbaycanda yeni fəaliyyətə başlayan
brend hotellərin rəhbərlərini və
türkiyəli mütəxəssisləri
bu işə cəlb etmək təşkil edir”.
Mədəniyyət və Turizm Nazirliyi Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov bildirdi ki, 2012-ci ildə həyata keçirilən tədbirləri ötən «Turizm ili»nin davamı kimi qiymətləndirmək olar: «Bu il də Bakıda beynəlxalq şəbəkə hotellərinə daxil olan yeni komplekslər açıldı. Turizm sahəsində güclü təbliğat işi aparılır. Bunu istər ölkəmizin təmsil olunduğu sərgilər, istərsə də xarici telekanallarda nümayiş olunan reklam çarxları baxımından demək olar. Bu il eyni zamanda normativ hüquqi aktlar sahəsində yeniliklər oldu. «Turizm haqqında» qanun layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir, çox güman ki, 2013-cü ildə bu qanun qəbul olunacaq. Mehmanxanalarla bağlı yeni standartlar təsdiq olundu.
Yay turizm mövsümü ilə bağlı hər il olduğu kimi, bu il də nazirliyin monitorinq qrupu tərəfindən monitorinqlər aparıldı. Nəticələrlə əlaqədar onu demək olar ki, ötən illə müqayisədə qiymətlərdə 10-15 faiz ucuzlaşma olub. Bunun əsas səbəbi sayı artan turizm obyektləri arasında rəqabətin güclənməsidir. Yaxın günlərdə ölkəmizdə ən iri turizm layihəsi olan Şahdağ Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi yekunlaşacaq və bu məkan turistləri qəbul etməyə başlayacaq”.
Sonra «Evimiz Azərbaycan» jurnalının baş redaktoru Sevil Zeynalqızı nəşr haqqında məlumat verdi. Qeyd edildi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan jurnal ölkədə daxili turizmin inkişafına həsr edilmiş ilk nəşr olacaq. Jurnal «Tur-imkan», «Reytinq», «İstiqamət», «Xidmət» və s. rubrikalarla oxucuların görüşünə gələcək.
Toplantıda
www.azerbaijanbooking.com saytı, həmçinin tədbirin baş tutduğu «Divan Express Baku»
mehmanxanası haqqında da
iştirakçılara məlumat verildi. Hotelin baş meneceri Bülənd Süzər bildirdi ki, «Divan Express»in əsas fəaliyyəti Türkiyədədir. Mehmanxananın
xaricdə ilk brendi Azərbaycanda açılıb,
eyniadlı növbəti
hotelin gələn il Macarıstanın
paytaxtı Budapeştdə
fəaliyyətə başlayacağı
nəzərdə tutulur.
Hotelin 62 nömrəsi,
bir restoranı və bir barı var.
Sonra yeni «Skal» üzvlərinə kart və
sertifikatlar təqdim edildi. Bir sıra kütləvi
informasiya vasitələri
klubun fəaliyyətini
geniş işıqlandırdığına
görə fəxri fərmanla təltif olundu. Təltif edilənlər arasında
«Mədəniyyət» qəzeti
də var.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 21 dekabr.- S. 9.