“Sənətkarlıq paytaxtı”na beş mindən çox turist gəlib

 

   «Bu il ərzində Quba rayonuna 5200 turist gəlib. Onlardan 1500 nəfəri xarici ölkə vətəndaşlarıdır». Bunu qəzetimizə açıqlamasında Quba Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov bildirdi.

  

   Onun sözlərinə görə, Qubanın 2012-ci ildə Mədəniyyət Turizm Nazirliyi tərəfindən «Azərbaycanın sənətkarlıq paytaxtı» elan edilməsi rayon haqqında turistlərin daha ətraflı məlumatlandırılmasına zəmin yaradıb: «Qubaya gələn xarici turistlər, yerli insanlarımız sənətkarların əl işləri ilə maraqla tanış oldular».

   Şöbə müdiri bildirdi ki, rayon ərazisində mövcud olan 162 tarixi abidə dövlət tərəfindən qeydiyyata alınıb. Hazırda Qubada 45 turizm obyekti mövcuddur. İldən-ilə bu obyektlərin sayının artdığını deyən E.Məhərrəmov qeyd etdi ki, əsas məqsəd turistlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması onlara təklif edilən qiymətlərin münasib olmasıdır: «İndi rayondakı turizm obyektləri arasında bu istiqamətdə rəqabət gedir. Hesab edirəm ki, bu çox yaxşı haldır. Amma xidmətin keyfiyyəti bizi daim düşündürən bir məsələdir. Bu istiqamətdə Mədəniyyət Turizm Nazirliyi tərəfindən bəzi işlər həyata keçirilir. Yaxın vaxtlarda Qubada turizm peşə kolleci fəaliyyətə başlayacaq».

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 9.