Atəşgah məbədi tarixi görkəmini bərpa edir

 

   Tarix və mədəniyyət abidələri xalqın inkişafının müxtəlif mərhələlərində onun mənəvi səviyyəsini göstərir. Sevindirici haldır ki, Azərbaycan da tarixən belə abidələrlə zəngin olub. Onlardan biri də XVII əsrin yadigarı olan "Atəşgah” məbədidir. Bakının Suraxanı rayonundakı abidənin ərazisi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamına əsasən, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.

  

   Əlbəttə, illər keçdikcə tarixin yaddaşı olan abidələr məhv olmaq təhlükəsi ilə üzləşir, onların təmir-bərpasına, yenilənməsinə ehtiyac yaranır. Son illər “Atəşgah məbədi" qoruğunda da yaranmış problemlər burada bərpa və konservasiya işlərini zəruri etmişdi.

   Ümumiyyətlə, Azərbaycanda bərpa-konservasiya işlərinə hələ XIX əsrdən başlanılıb. İlkin dövrlərdə abidələrdə əsasən elmi-tədqiqat və qismən bərpa işləri aparılıb. 1952-ci ildə Elmi-Bərpa İstehsalat Emalatxanası (hazırkı “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu) yaradıldıqdan sonra abidələrin bərpasına kompleks şəkildə yanaşılıb. Ötən dövr ərzində yüzlərlə tarix və mədəniyyət abidəsi tarixi simasını saxlamaqla yenilənib.

   Müstəqillik dövründə, xüsusilə 2000-ci ildən bu işlər daha geniş vüsət alıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində respublikamızda tarix və mədəniyyət abidələrinin, tarixi yerlərin, qoruqların qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə mühüm işlər görülür. Mədəniyyət və Turizm Nazirliyinin köməyi və iştirakı nəticəsində son beş ildə 30-a yaxın abidədə elmi-tədqiqat işləri aparılıb, onların bərpa-konservasiyası və istifadəsi layihəsi hazırlanıb. Bu işlər Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi əsasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən aparılır.

   İnstitutun direktoru Telman Kərimlinin sözlərinə görə, 2011-ci ildə “Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun bərpa və konservasiyası, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması ilə bağlı müvafiq sənədlər hazırlanıb: «Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri ilk öncə bərpa-konservasiya işlərinin metodikasına uyğun olaraq ərazidə arxeoloji tədqiqat işləri apardılar. Sonra bizim institutun mütəxəssisləri orada abidənin bərpası və konservasiyası üzrə layihə sənədlərinin hazırlanması ilə bağlı işlərə başladılar. Arxeoloji tədqiqat işləri zamanı olduqca maraqlı faktlar üzə çıxdı. Məbədin əvvəllər mövcud olan qaz xətləri, qaz rezervuarları, su quyuları və bir çox maraqlı mədəni təbəqələr aşkar olundu. AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun mütəxəssisi İdris Əliyevin rəhbərliyi altında aparılan bu işlər araşdırıldı, hesabat hazırlandı və bizim instituta təqdim olundu. Belə qərara alındı ki, aşkar edilən mədəni təbəqələrin əksər hissəsi konservasiya olunaraq saxlanılsın və abidəni turistlər üçün daha da maraqlı etməkdən ötrü gələcəkdə onlara təqdim olunsun”.

   * * *

   2012-ci ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanmış layihə əsasında məbəddə aparılan bərpa-konservasiya işləri nəticəsində abidənin görkəmi dəyişib: “Abidənin ətrafındakı qrunt təbəqəsi üzündən tikilinin hücrələri daim suyun içərisində olurdu, nəmişlik yarandığından içəri girmək mümkün deyildi. Bu səbəbdən «Atəşgah» artıq qəza vəziyyətinə düşmüşdü. Verdiyimiz layihə əsasında abidənin ətrafı orta hesabla 1 metr 50 sm açıldı. Abidənin ilkin hündürlüyü tam bərpa olundu. Əlbəttə, bu fərq kənardan nəzərə çarpır. Bu işlər isə abidənin xarici görkəmini əvvəlki vəziyyətinə qaytardı. Ərazidə əvvəllər abidəyə bitişik olan, ona xələl gətirən evlər artıq sökülmüşdü. Beləliklə, abidənin görkəmi dəyişdi və tarixi simasını bərpa etdi”.

   “Atəşgah məbədi"ndə xarici fasadda açılan yerlərdə bərpa-konservasiya, daşların təmizlənməsi işləri aparılır. Eyni zamanda xarici fasad açılandan sonra orada müəyyən yerlərdə çökmələr və çatların olduğu nəzərə alınaraq, abidənin bünövrəsində möhkəmləndirmə işləri görülüb.

   İnstitut direktoru bildirdi ki, məbədin dam örtüyü də bərpa olunub: «Abidənin bu hissəsinin bərpasını onun ilkin görkəminə aid 150-200 il əvvəlki fotolar və məlumatlar əsasında etdik. Hazırda dam örtüyü bütövlükdə öz əvvəlki görkəminə qaytarılmışdır. Görülən işlər nəticəsində dam örtüyündə izolyasiya işləri tam başa çatdırılıb. Onu da qeyd edim ki, dam örtüyünü Almaniyanın «Weber» firmasının materialı ilə izolyasiya etmişik. Bu da abidənin uzun müddət qorunmasına xidmət edəcək. Bir sözlə, dam örtüyü yüksək səviyyədə bərpa olunub».

   Hazırda binanın fasadlarında bərpa işləri görülür. Sıradan çıxmış daşlar əvəzlənir, divar və tikişlər təmizlənir, divarın qabarmış hissələri və tikişlər bərpa olunur.

  

   * * *

   Telman Kərimlinin sözlərinə görə, işlərə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu və “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşları nəzarət edir: «Atəşgah» çox əhəmiyyətli abidə olduğu üçün bu qurumların hamısı ona bir yerdə nəzarət edir. Hücrələrdə aparılan bərpa işləri zamanı hər gün hansısa maraqlı bir faktla rastlaşırsan. Orada bərpa ilə yanaşı, tədqiqat işləri də aparılır. İki hücrəni bərpa məqsədilə açan zaman ocaq aşkar edildi. Burada müəyyən işlər görüləcək. Ocaq yerlərinin turistlərə nümayiş olunması məqsədilə bərpası nəzərdə tutulub. Abidədə bərpa-konservasiya işlərinin 2013-cü ildə başa çatdırılması planlaşdırılır”.

  

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 8.