Fikrət Verdiyevin yaradıcılıq gecəsi

 

   Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Göygöl” ansamblının yaradıcısı, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, tanınmış tarzən, Əməkdar artist Fikrət Verdiyevin 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirildi.

  

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubilyarın yaradıcılığından söz açdı. Fikrət Verdiyevi istedadlı musiqiçi, bacarıqlı təşkilatçı, yüksək insani keyfiyyətlərə malik insan kimi dəyərləndirdi. Qeyd olundu ki, “Göygöl” ansamblının yaradıcısı və Gəncə Filarmoniyasının bədii rəhbəri kimi uzun illər səmərəli fəaliyyət göstərən sənətkarın gənc istedadların üzə çıxarılmasında da böyük xidmətləri olub. İstedadlı sənətkarlarımızla dünyanın əksər ölkələrində Azərbaycan musiqisini layiqincə təbliğ edən Fikrət Verdiyevin Azərbaycan televiziyasında və radiosunda həm solo, həm müşayiət formasında qiymətli lent yazıları qorunub saxlanılır.

   Nazir müavini mənalı, ləyaqətli bir ömür yaşayan Fikrət Verdiyevin müəyyən fasilədən sonra yenidən sənətə, musiqiyə qayıdışını yüksək qiymətləndirdi, onu yubiley münasibətilə təbrik etdi: “Tarixdə sənətkarlar qalır. Nə yaxşı ki, Fikrət yenidən musiqidədir, yenidən kollektivi ilə bir yerdədir”.

   Çıxışının sonunda başa çatmaqda olan 2012-ci ilin mədəniyyət yekunları barədə söz açan Ədalət Vəliyev sənət adamlarına qarşıdan gələn Yeni il münasibətilə təbriklərini çatdırdı.

   Gecənin aparıcısı, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Fikrət Verdiyevin yaradıcılığından danışdı. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov gəncəlilər adından yubilyarı təbrik etdi.

   Xatırladaq ki, bu il həm də Fikrət Verdiyevin sənətə gəlişinin 45 ili tamam olur. O, 1969-cu ildə, 22 yaşında “Göygöl” ansamblını yaradıb. Ansambl 8 il ictimai əsaslarla fəaliyyət göstərib. 1977-ci ildə kollektivə dövlət ansamblı statusu verilib. Fikrət Verdiyev 1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını, filarmoniyanın nəzdində “Göygöl” mahnı və rəqs ansamblı ilə yanaşı, notlu xalq çalğı alətləri orkestrikamera orkestrini yaradıb.

   Uzun illər tanınmış sənətkarlar Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Baba Mahmudoğlu və başqaları “Göygöl” ansamblı ilə birgə çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən bu ansamblın müşayiəti ilə konsertlər verib. Sonralar öz orkestrini yaradıb və Fikrət Verdiyev ansamblın konsertmeysteri kimi fəaliyyət göstərib.

   Fikrət Verdiyev 2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradıb. Hazırda Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəridir.

   Yaradıcılıq gecəsində Fikrət Verdiyevin tarda müşayiəti ilə Q.Qarayev adına Dövlət Kamera Orkestri və “Göygöl” ansamblının iştirakı ilə maraqlı konsert proqramı təqdim olundu.

  

   Təranə Vahid

 

  Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 6.