Bəstəkarlar İttifaqının rəhbər orqanlarına seçkilər keçirilib

 

   Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayının yekunu çərçivəsində qurumun rəhbər orqanlarına seçkilər keçirilib.

   Tədbirdə qurumun ötən beş ildə fəaliyyətindən söz açılıb. İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə hesabat məruzəsində bəstəkarlarımızın son illərdə qazandıqları uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, 2007-2012-ci illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslarımız öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirmiş, yeni əsərlərlə milli bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdiriblər.

   Vurğulanıb ki, müasir Azərbaycan musiqi mədəniyyəti çox zəngin bir bəstəkarlıq məktəbi üzərində qurulub. Ulu öndər Heydər Əliyev bəstəkarlara və musiqiçilərə daim diqqət və qayğı göstərib, bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

   Diqqətə çatdırılıb ki, Azərbaycan bəstəkarlarının əsərləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə həyata keçirilən beynəlxalq musiqi festivallarında hər zaman maraqla qarşılanıb.

   Sonra nəzarət-təftiş komissiyasının üzvü Elnarə Dadaşovanın məruzəsi dinlənilib.

   Məruzə ətrafında çıxışlarda xalq artistləri Sevda İbrahimova, Faiq Sücəddinov, Nəriman Məmmədov, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Əməkdar müəllim Oqtay Rəcəbov və başqaları hesabat dövründə ittifaqın fəaliyyətini yüksək qiymətləndiriblər.

   Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə əsasında professor Firəngiz Əlizadə növbəti 5 illik müddətə ittifaqın sədri seçilib, həmçinin 25 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib. Sonra ittifaqın yeni idarə heyətinin ilk iclası keçirilib.

   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iştirak edib.

 

Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 5.