“Adını alim qoyub, otların adını da bilmir

 

   “Nə cerastium, nə alpinum, canım, bu, kəklikotudur”

  

   Azərbaycan kinosunun tarixində epizodik rollarla yadda qalan aktyorlarımızdan biriKamil Məhərrəmov olub. Onun adı çəkildikdə ilk ağıla gələn obraz “Dərviş Parisi partladır” filmindəki (1976) Qəmbərdir. Hətəmxan ağanın nökərinin Firəngistandan gəlmiş nəbatat alim müsyö Jordanla bitkilərin adları ilə bağlı mübahisəsi filmin ən yaddaqalan səhnələrindəndir.

  

   AktyorunYol əhvalatı”nda canlandırdığı Paşa obrazı, “Mən mahnı qoşuram” filmindəki Höcəti, “Evlənmək istəyirəm”dəki Hüseyni, eləcə də “Mozalansatirik kino-jurnalında yaratdığı komik personajlar bu gün də tamaşaçı yaddaşından silinməyib, hər dəfə sevilərək baxılır, baxılaraq sevilir. Bu personajların dilindən səslənən bir çox ifadələr kinosevərlər arasında bir növ zərb-məsələ çevrilib. Ümumilikdə aktyorun filmoqrafiyasında 40-dan çox ekran əsərinin adı var.

   Kamil Məhərrəmov 1941-ci il mayın 6-da Şamaxıda dünyaya gəlib. Ailədə üç uşaq olublar - iki qardaş, bir bacı. Ataları dərzi idi. Sonra ailələri Bakıya köçür, Kamil orta məktəbdə oxuyarkən dram dərnəyinə yazılır.

   Xalq artisti Hacı İsmayılov Kamil Məhərrəmovu belə xatırlayır: “Mən Kamili ilk dəfə Lütfi Məmmədbəyovun dram dərnəyində görmüşdüm. Onda sənətə böyük maraq var idi. Hər gün dərsdən çıxıb dərnəyə gələr, özü oynamadığı tamaşaların belə məşqlərinə baxırdı. Lütfi müəllim də onun istedadını çox bəyənirdi. Amma bir gün eşitdik ki, Kamil Energetika Texnikumuna daxil olub. Tale elə gətirdi ki, sənətə hədsiz sevgisi olduğundan o, yenə də aktyorluğu seçməli oldu. Xasiyyətcə həlim və çox mehriban insan idi. İstər dərnəyə getdiyimiz zamanlarda, istərsə də sonra münasibətlərimiz həmişə yaxşı olub. İndiyə kimi heç zaman sənət dostlarımızdan kimsənin Kamildən incidiyini eşitmədim”.

   Uzun müddət Kamil Məhərrəmovla birlikdə “Mozalansatirik kino-jurnalında çalışan Əməkdar artist Şamil Süleymanov da onu xoş xatirələrlə yada salır: “Kamil Məhərrəmovun adı gələndə üzlərdə təbəssüm, eyni zamanda, bir nisgil görürəm. Çünki onun həyatı o qədər də asan olmayıb. Uşaqlıqdan analarının xəstəliyi, ailənin çətin dolanışığı, sonradan elə özü də çətinliklə yaşayıb. Bildiyim qədər, nəsillərində ondan savayı sənətlə məşğul olan olmayıb. Onu sənətə böyük sevgisi gətirmişdi. İncəsənət İnstitutunu bitirəndən sonra onu təyinatla Sumqayıt teatrına göndərmişdilər. “Mozalan”ın kollektivində ən şən insanlardan biri idi. Kollektivimizin belə bir ənənəsi var idi. Kiminsə ad günü, yaxud xeyir işi olanda ayrıca dəvətnamə paylanılmazdı. Sadəcə otağın qapısında bir elan vurardıq: “Filan gün filankəsin toyu, yaxud ad günüdür. Hamınız dəvətlisiniz”. O, kollektivdən gedəndən sonra da xəbər tutduğu zaman belə xeyir işlərdə iştirak edərdi. Deyirdi ki, nə olsun, işdən ayrılmışam, bilirəm ki, yenə qapıya ümumi dəvət asırsınız. Dostluqda çox sədaqətli idi”.

   Aktyorun vaxtilə çalışdığı Sumqayıt Musiqili Dram Teatrına zəng vurub ailəsinin ünvanını öyrənmək istəsək də, dəqiq məlumat əldə edə bilmədik. Bircə onu öyrəndik ki, həyat yoldaşı Mahirə xanım təhsil müəssisələrinin birində müəllimədir. Arxivi vərəqləyib Mahirə xanımın müsahibələrinin birində həyat yoldaşı haqqında xatirələri ilə tanış oluruq: “Bakıda onların evlərinin pəncərəsi bizim məktəbin həyətinə baxırdı. Hər gün zəng vurulan kimi birgörürdüm, Kamil dayanıb qarşımda. O qədər şən, gözəl insan idi ki, tez vuruldum ona. Evləndik, institutu bitirəndən sonra o, Sumqayıta göndəriləndə çox sevindim. Əvvəla ona görə ki, Sumqayıt sakit şəhər idi. Həm də düşündüm ki, Bakıdakı çevrəsindən uzaqlaşdıraram onu. Bakıda oturub-durduğu insanlar onu içkiyə alışdırmışdılar. Teatrda yaxşı rolları vardı, kinoya da çəkilirdi. Ailədə iki övladımız dünyaya gəlmişdi. Tezliklə bizə Sumqayıtda ev də verdilər. Amma zərərli aludəçilik onun sənətinə də zərbə vururdu. Onun ucbatından teatrda bir çox rollarını itirmişdi. Mən, qardaşı, bacısı nə qədər dilə tuturduq ki, onu bu yoldan döndərək, xeyri olmurdu”.

   Bəlkə də zərərli aludəçilik olmasaydı, aktyor həyatdan erkən getməz, istedadı sayəsində nə qədər maraqlı obrazlar yaradardı. O, kinoda kiçik, lakin xarakterik rollar oynayırdı. Xırda həcmli obrazla xarakter ortaya qoya bilmək hər aktyora qismət olmur. Yalnız xüsusi istedadın olmalıdır ki, bəzən sözün deyə bilmədiyini mimikalarla, jestlərlə deyə biləsən. “Evlənmək istəyirəm”dəki Hüseyn kimi.

   Aktyor 1993-cü ilin oktyabrında həyatdan gedib. Özü də faciəli şəkildə. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Odur ki, avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. Bu da bir aktyorun həyat yolu...

  

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 26 dekabr.- S. 15.