Ömür vəfa etsəydi...
İlk dəfə
idi ki, çox
sevdiyim və hörmət bəslədiyim
bir insan, sevimli müəlliməm Əqidə Ələkbərova
ilə bağlı yazmaqda çətinlik
çəkdim. Onun haqqında indiyə qədər
bir neçə dəfə
yazmışam. Lakin bu
gün o, həyatda
olmadığı vaxt söz
demək, onu anmaq mənə
ağır gəlir.
Əqidə Ələkbərova ilə bizim hələ bu yaxın günlərdəki söhbətlərimizi xatırlayanda, xəyalən onun Naxçıvan Musiqi Texnikumunda bizə dərs deyərkən sevinc saçan gözlərini görürəm. O, öz tələbələrinin qəlbinin, könlünün tərbiyəçisi idi, onların mənəvi ideallarını və yaradıcı simalarını sevgi ilə yetişdirirdi. Mənə elə gəlir ki, indi Əqidə müəllimənin bir çox fikirlərini artıq özü olmadan səsləndirmək qeyri-mümkündür. Onun müdrikliyi, dərrakəsi məni hər zaman təəccübləndirərək məftun edirdi.
Nəcib, xeyirxah, təvazökar, qayğıkeş, həyat dolu - bütün bu anlayışları, keyfiyyətləri bir insana şamil etmək, adətən, çətin olur. Lakin Əqidə Ələkbərovaya - əsl ziyalı Azərbaycan xanımına bu məfhumların hamısı eyni dərəcədə yaraşırdı. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, dosent, Naxçıvanın ilk qadın musiqişünası Əqidə Ələkbərova 1956-cı ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Ata tərəfi Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində yaşayan Əkbərilər tayfasındandır. Bu tayfada bir çox musiqiçilər yetişmişdir. Əmisi Tağı Ələkbərov 1938-ci ildə Naxçıvanda açılan ilk musiqi məktəbinin direktoru olmuş, atası Məmməd Ələkbərov istedadlı musiqiçi, görkəmli ictimai xadim və pedaqoq kimi həyatını muxtar respublikanın musiqi mədəniyyətinin inkişafına həsr etmişdir. Əmisi oğlu Şulan Ələkbərov Azərbaycanın ilk professional musiqişünaslarından biri olmuşdur. Belə bir mühitdə böyüyən Əqidə xanım həyatını məhz musiqi ilə bağlamalı idi.
Əqidə Ələkbərova 1975-ci ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfini bitirərək Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə şöbəsində təhsilini davam etdirmişdir. Sonra Moskva Sənətşünaslıq Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunmuş, 1994-cü ildə namizədlik dissertasiyası müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır.
Konservatoriyanı bitirib Naxçıvana qayıdan Əqidə xanım Naxçıvan Orta İxtisas Musiqi Məktəbində musiqi nəzəri fənləri üzrə müəllim işləməyə başlayır. 1983-1996-cı illərdə məktəbdə müəllim, şöbə müdiri, direktor vəzifələrində çalışır. 1996-cı ildən Naxçıvan Dövlət Universitetində müəllim, bir il sonra, 1997-ci ildə pedaqogika fakültəsində dekan müavini, 1998-ci ildən incəsənət fakültəsində dekan, 2000-ci ildən musiqişünaslıq və metodika kafedrasının müdiri işləyir. Naxçıvan Dövlət Universitetində konservatoriya fakültəsinin, tələbə teatr studiyasının, musiqi kollektivləri və incəsənət növlərinə aid dərnəklərin açılmasında onun böyük əməyi olmuşdur. Son illərdə sənətşünas Türkiyənin Qars şəhərində Qafqaz Universiteti Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir.
Lakin daşıdığı bütün vəzifələr onun istedadlı bir musiqişünas kimi fəaliyyətinə mane ola bilməyib. O, 40-dan artıq elmi-publisistik məqalənin, 3 kitabın, o cümlədən «Naxçıvan musiqi mədəniyyətinin inkişaf mərhələləri» adlı elmi-metodiki nəşrin müəllifidir.
Əqidə xanımın ən diqqətəlayiq işi isə 1992-ci ildə Kanadada Hollandiyanın «Paradoks» firmasının köməyi ilə yazdırdığı «Heyvagülü» adlı kompakt diskdir.
30 ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan sənətşünas həm də onlarla musiqi əsərinin müəllifidir.
Deyirlər, insan haqqında gördüyü işlər əsasında fikir yürüdürlər. Əqidə Ələkbərovanın Naxçıvan musiqi mədəniyyətində gördüyü işlər musiqi elminə və incəsənətinə fədakarcasına xidmət mücəssəməsidir. Qeyd etdiyimiz kimi, Naxçıvanda gənc musiqişünasların yetişməsində onun çox böyük əməyi olmuşdur. Əqidə Ələkbərova, sözün əsl mənasında, müəllim idi - geniş və hərtərəfli biliyə malik olan professional və eyni zamanda öz savadını, təcrübəsini tələbələrlə bölüşməyə hazır olan mütəxəssis. Etiraf etməliyik ki, hər peşəkar müəllim ola bilmir. Müəllim olmaq üçün bilik və təcrübə ilə yanaşı, böyük ürək tələb olunur. Bu peşəyə yalnız gəncliyi başa düşən və onu sevən insanlar cəlb olunmalıdır. Əqidə xanım məhz belə insanlardan idi.
Ömür vəfa etsə idi, hələ neçə-neçə yeni uğurlara imza atacaqdı. O, biz musiqiçilərin həyatında çox müsbət iz qoymuşdur. Onun vaxtilə qəlbimizdə yandırdığı qığılcımları indi biz öz tələbələrimizə aşılamaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Jalə Əliyeva-Qulamova,
Azərbaycan Milli
Konservatoriyasının dosenti, sənətşünaslıq
namizədi
Mədəniyyət.-
2012.- 26 dekabr.- S. 15.