“Əjdaha ili”nin sonunda
“Pələng ili”
Bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrında
yazıçı-dramaturq Firuz
Mustafanın eyniadlı
pyesi əsasında hazırlanan “Pələng
ili” tamaşasının
premyerası keçirildi.
İkihissəli dramın quruluşçu
rejissoru Ağalar İdrisoğludur.
Pyesdə insan mənəviyyatının
ekologiyasında gedən
aşınmalar mahiyyətcə
müxtəlif qütblərdə
dayanan adamlar arasında baş verən konflikt fonunda göstərilir.
Hadisələr təbiət qoynunda
cərəyan edir.
Gənclik illərindən
dost olan Nihad, Tumas və Çinar
öz həyat yoldaşları ilə böyük şəhərin
səs-küyündən, gündəlik
gərginlikdən uzaq
bir yerdə istirahət etmək qərarına gəlirlər.
Onları səfalı bir
guşədə meşə
gözətçisi Ağa
qarşılayıb müşayiət
edir. Əvvəlcə hər şey
öz qaydasında gedir, hamı deyib-gülür, yeyib-içir,
şənlənir, hər
kəs öz iş-gücündən söhbət
açır.
Amma hadisələrin sonrakı gedişində sakit vəziyyət tədricən dəyişir,
hər bir obrazın daxili aləmi, ambisiyası üzə çıxır.
Meşədə qəfil pələng
peyda olur. İndi hərə öz canının hayındadır.
Bayaqdan bəri bir-birinə can deyən dostları indi bir məsələ
düşündürür: necə xilas olmalı? Səmimi, şən bir ab-hava ilə başlayıb, yaltaqlıq
və şəxsi mənafeyi güdmək istiqamətində irəliləyən
hadisələr ayrı-ayrı
xarakterlərin daxili aləmini, iç üzünü göstərir.
Premyeradan əvvəl çıxış
edən millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov dramaturqun yaradıcılığı
və əsərlərində
fəlsəfi baxışların
dərinliyindən söz
açdı. “Əsərin
səhnə variantından
nə dərəcədə
razı qaldınız”
sualını cavablandıran
müəllif isə bildirdi ki, tamaşanın
yaxşı alınması
üçün bütün
heyət öz bacarıq və gücünü sərf edib: “Düzü, heç zaman rejissorların işinə
müdaxilə etmirəm.
Bu gün bir rejissor, sabah
digər rejissor əsərə quruluş
verə bilər. Hərənin də öz
fantaziyası, öz yozumu var”.
Quruluşçu rəssamı Elşən
Sərxanoğlu, musiqi
tərtibatçısı İradə Muradova olan tamaşada rəqslərin quruluşu
və plastika Vüsal Mehrəliyevə məxsusdur. Səhnə
əsərində rolları
Xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Elşən Rüstəmov,
Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Sabir Məlikov, Məhərrəm
Musayev, Ədalət Əbdülsəməd, Nuriyyə
Əliyeva və başqaları canlandırırlar.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 26 dekabr.- S. 11.