Gədəbəyə
il ərzində 60 mindən artıq turist gəlib
2012-ci ildə Gədəbəyə
60 mindən artıq turist gəlib. Bu barədə qəzetimizə
açıqlamasında Gədəbəy Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Fazilə Məmmədova
bildirdi.
Onun sözlərinə görə, bu rəqəm rayonda fəaliyyət göstərən turizm obyektlərində qeydiyyatdan keçənlərin sayını əks etdirir. Gerçəkdə isə rayona istirahətə gələnlərin sayı daha çoxdur. Bölgəyə gələn qonaqlar bir çox hallarda kirayələdikləri şəxsi evlərdə qalmağa üstünlük verirlər. Bunun hesabatı isə heç bir qurum tərəfindən aparılmır.
F.Məmmədova bildirdi ki, ötən il rayona gələn turist sayı 50 min nəfər olub.
Şöbə müdirinin sözlərinə görə, hazırda Gədəbəydə 7 əsas turist obyekti fəaliyyət göstərir. Bunlardan 4-ü Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. Bu istirahət mərkəzlərində gün ərzində 200 nəfər dincələ bilər.
Romantik səyahətləri xoşlayanlar üçün rayonda piyada marşrutları da var: Gədəbəy-Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy-Söyüdlü kəndi (5 km), Gədəbəy-Maarif kəndi-Slavyanka kəndi (10 km).
Rayonda turizm potensialının tam şəkildə realizə olunması üçün bir sıra məsələlər həllini tapmalıdır. F.Məmmədovanın sözlərinə görə, bu sırada başlıca şərtlərdən biri nəqliyyat infrastrukturunun yaradılması, tarixi yer və abidələrə aparan yolların abadlaşdırılmasıdır. Bundan əlavə, tarixi abidələrin bir çoxunun mütəxəssislər tərəfindən təmir-bərpasına ehtiyac var.
Abdullayeva Fəxriyyə.
Mədəniyyət.-
2012.- 26 dekabr.- S. 7.