Kitabxanalar bütün cəmiyyətə xidmət göstərən intellektual mərkəzə çevrilməlidir

 

   Xəbər verdiyimiz kimi, dekabrın 20-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə bu sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələrə dair geniş fikir mübadiləsi aparılıb.

  

   Tədbirin sonunda müşavirənin qətnaməsi qəbul edilib. Qətnamədə Azərbaycanda müasir kitabxana siyasətinin konsepsiyası işlənib hazırlanarkən səmərəli və praktiki əsaslara malik olan araşdırmaların aparılmasının zəruriliyi vurğulanır. Sənəddə bildirilir ki, kitabxana təkcə müxtəlif xarakterli məlumatları qoruyub saxlayan məkan deyilkitabxana işi təkcə informasiya axınları ilə işləməklə məhdudlaşmır. Yeni mərhələdə kitabxanalar məzmununa, formasına və mənbələrinə görə hansı biliklərə güclü tələbat olduğunu müəyyən etməli, uzunmüddətli layihələrin həyata keçirilməsi yolu ilə sərgilərin, seminarların, konfransların, müəlliflərlə görüşlərin, kütləvi mühazirələrin, ustad dərslərinin, bir sözlə, kitabxananı yerli cəmiyyətlərin həyatına inteqrasiya edən bütün tədbirlərin həyata keçirilməsi formalarında fəaliyyətini genişləndirməlidir.

   Qətnamədə bu sahənin perspektiv inkişaf istiqamətləri üzrə müşavirədə səslənən təkliflər də yer alıb. Sənəddə bildirilir ki, mədəniyyətin normal fəaliyyətinin zəruri şərti olan xüsusi sosial təsisatlar kimi kitabxanalar şəbəkəsinin inkişaf etdirilməsi olduqca vacib məsələdir. Kütləvi kitabxanalar şəbəkəsi ölkənin bütün ərazisini səmərəli şəkildə əhatə etməlidir.

   Respublikanın kitabxana-informasiya sahəsinin informasiya dövrü olan XXI əsrin tələblərinə uyğun modernləşdirilməsi və inkişafı da başlıca vəzifədir. Bu işdə kitabxanalar təkcə qabaqcıl dünya ölkələrində yaradılmış modellərə oriyentasiya etmək yolu ilə deyil, öz bənzərsizliyini qoruyub saxlamaq istiqamətində də inkişaf etməlidir.

   Sənəddə vurğulanır ki, Azərbaycanda kitabxanalar vasitəsilə ölkənin güclü intellektual potensialının yaradılması, əhalinin bütün təbəqələrinin müxtəlif biliklərə və informasiyaya olan tələbatını operativtam ödənilməsi mümkündür. Bu mədəniyyət müəssisələri əhalinin bütün kateqoriyalarına informasiya xidməti göstərən intellektual mərkəzə çevrilməlidir. Kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi, fondların artırılması və qorunub saxlanması, gələcək nəsillərə çatdırılması, kadrların hazırlanması və yenidən hazırlanması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması da gündəlikdə duran vacib məsələlərdir.

  

   C.Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 26 dekabr.- S. 3.