Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həvəskar rəssamların töhfəsi
Dekabrın 25-də
Xətai Miniatür Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı
ilə həvəskar rəssamların təsviri və tətbiqi
sənət əsərlərindən ibarət sərgi
açıldı. Sərgi 31 Dekabr
- Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə həsr olunub.
Açılışda çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iştirakçıları təbrik etdi. Sərgidə işləri nümayiş olunan rəssamlara yaradıcılıq uğurları dilədi.
Mərkəzin direktor müavini Polad Zeynalov sərgilənən əsərlərin peşəkarlıqdan xəbər verdiyini bildirdi. Onun sözlərinə görə, təqdim olunan əl işlərinin hər biri özünəməxsusluğu ilə seçilir.
Mərkəzin incəsənət şöbəsinin müdiri Rafiq Quliyev mədəniyyətimizin təbliği istiqamətində belə maraqlı tədbirlərin mühüm yeri olduğunu qeyd etdi. Sərginin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.
Sonra sərgiyə qatılan rəssamlara Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin fəxri fərman və sertifikatları təqdim olundu.
Sonda sərgiyə baxış keçirildi. 60 müəllifin 200-dən artıq əl işinin nümayiş olunduğu sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı, xalçaçılıq, nəqqaşlıq, bədii tikmə və digər tətbiqi sənət nümunələri yer alıb. Sərgi 3 gün davam edəcək.
Reyhan
Mədəniyyət.-
2012.- 26 dekabr.- S. 2.