“Azərbaycan -
Qafqazın cənnəti”
Bolqarıstanın “Avropa-2001” jurnalının xüsusi sayı ölkəmizə həsr olunub
Bolqarıstanın nüfuzlu “Avropa-2001” jurnalının 2012-ci il üzrə 5-ci buraxılışı
bütünlüklə Azərbaycana həsr edilib.
Ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü
və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə işıq üzü görən
“Azərbaycan - Qafqazın cənnəti”
adlı xüsusi buraxılışda
respublikamızın gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyəti, ədəbiyyatı,
tarixi və bu günü, regionları, turizm
imkanlarından bəhs edən geniş və
dolğun informasiyalar,
çoxsaylı fotoşəkillər yer
alıb.
Jurnal “Azərbaycan - Odlar yurdunun vizit kartı” adlı yığcam tanıtım yazısı ilə açılır. Burada respublikamızın ərazisi, təbiəti, iqlimi, əhalisi haqqında məlumatlar yer alıb. Nəşrin ilk məqaləsi ümummilli lider Heydər Əliyevə həsr edilib. Məqalədə ulu öndərin həyat yolu, siyasi fəaliyyəti, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində tarixi rolundan söz açılır.
Jurnalda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ölkəmizin mədəniyyəti və turizm potensialından bəhs edən məqaləsi də yer alıb. Məqalədə qeyd edilir ki, Azərbaycan çoxəsrlik mədəniyyətə, qədim tarixi köklərə və ənənələrə malik olan ölkədir. Ta qədimlərdən bu ölkədə tolerantlıq bərqərar olmuş, burada yaşayan bütün xalqların milli adət-ənənələrinə və mədəniyyətinə hörmətlə yanaşılmışdır. Yazıda vurğulanır ki, ölkəmiz bu gün də tolerantlıq nümunəsi olaraq mədəniyyətlərarası dialoq prosesinə öz töhfəsini verir. 2011-ci ildə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə mühüm təşəbbüsün əsası qoyulub və bu beynəlxalq tədbir iki ildən bir Azərbaycanın paytaxtında keçiriləcək. Məqalədə bildirilir ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün var. Bununla belə, Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir. Ölkəmiz zəngin təbii sərvətləri, mühüm coğrafi mövqeyi baxımından həmişə dünya üçün maraq doğurub və turistləri özünə cəlb edib. Bu gün ölkədə turizmin inkişafı üçün hərtərəfli şərait mövcuddur. Ölkəmiz beynəlxalq turizm layihələrində yaxından iştirak edir. Turizmin inkişafı həm də ölkələr və sivilizasiyalar arasında mədəni əlaqələrə əlavə zəmin yaradır.
Ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimovla müsahibədə Azərbaycanın beynəlxalq arenadakı mövqeyi və qazandığı uğurlardan söz açılır, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 ildə siyasi, iqtisadi əlaqələrin inkişafı təhlil olunur.
Jurnalın “Cəmiyyət” bölməsində Azərbaycanın arxeoloji abidələri, qədim məskənləri və abidələri haqqında məlumatla yanaşı, XIX əsrdə Bakıda neft sənayesinin maqnatları olan Nobel qardaşlarının fəaliyyətindən söz açılır. Bölmənin “Dahi bakılılar” sərlövhəsində dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviç və Nobel mükafatı laureatı fizik Lev Landaunun həyat və fəaliyyəti haqqında məlumatlar yer alıb. Bundan əlavə, “Şuşa - Azərbaycanın Qarabağının ürəyi” adlı məqalədə və Qarabağ atlarından bəhs edən yazıda bu əzəli yurdumuzun tarixindən, mədəniyyət mərkəzi kimi təşəkkül tapmasından bəhs olunur.
“Vitrin” bölməsində isə Bakıda inşa olunan və orijinal dizaynı ilə diqqətçəkən Xalça muzeyi və Azərbaycan xalçaları, milli irsimiz olan xalçaçılıq sənəti haqqında məlumatlar verilib.
Azərbaycanın bölgələrindən bəhs edən bölmədə paytaxt Bakıdan əlavə, dilbər guşələrimiz olan Şəki, Gəncə, Lənkəran, Qəbələ və Naxçıvana virtual səyahət edirik. Jurnalda həm də incəsənətimiz və ənənələrimiz barədə məlumatlar yer alıb. Muğam sənətimiz, muğamın Azərbaycanın mədəni irsi kimi 2003-cü ildə UNESCO tərəfindən tanınması, Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar keçirilən tədbirlər, dahi şair və mütəfəkkirin irsi barədə yazılar da maraq doğurur.
“Ənənələr” bölməsində milli geyimlərimiz, “Novruz” bayramı, milli mətbəximiz haqqında məlumat verilir. Jurnal yazır ki, Azərbaycan milli geyimləri tarixi dövrlərə görə fərqlənməklə yanaşı, həm də hər bölgənin özünəməxsusluğu ilə seçilir. Yazıda Azərbaycan qadınlarının milli geyimləri, onların bəzək və naxışlarının spesifik xüsusiyyətləri də oxucuların diqqətinə çatdırılır. Milli mətbəximizin möhtəşəm təamları olan plov, dolma, ləvəngi, qutab, şirniyyatlarımızdan paxlava, şəkərburanın hazırlanma qaydalarından da bəhs olunur.
Azərbaycanın tarixi şəxsiyyətlərindən bəhs edən bölmədə A.Bakıxanov, Ş.İ.Xətai, M.F.Axundzadə, H.Z.Tağıyev, M.Ə.Rəsulzadə və digərlərinin vətənimizin tarixində qoyduqları izdən söhbət açılır, onların həyat yolu tarixə səyahət fonunda təsvir edilir.
Mədəniyyətimizin bütün sahələrinin əhatə olunduğu “Azərbaycan milli mədəniyyətinin koloriti” bölməsində isə aşıq musiqimiz, caz, simfonik musiqi, ölkəmizdə fəaliyyət göstərən teatrlar, milli kinomuz, “Eurovision-2012” yarışması barədə əhatəli məlumatlar verilib. Jurnalda həmçinin folklorumuz və ədəbiyyatımızdan da söz açılır. Bütövlükdə nəşr Azərbaycanın Bolqarıstan cəmiyyətinə, geniş oxucu kütləsinə təqdimatı baxımdan olduqca əhəmiyyətlidir.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 29 dekabr.- S. 10.