Britaniyalı jurnalist Şəki və Qəbələnin gözəlliklərindən yazıb

 

   Böyük Britaniyanın “baldhiker.com” saytında bu elektron resursun yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan “Ən yaxşı jurnalist” adına layiq görülmüş Pol Stil ölkəmizə növbəti səfəri zamanı Şəki və Qəbələyə səyahəti ilə bağlı təəssüratlarını bölüşüb.

 

   Müəllif “Azərbaycan - Şəki Xan Sarayı” adlı məqaləsində yazır: “Azərbaycana - məftun olduğum ölkəyə yenidən qayıtmaq mənim üçün çox sevindirici idi. Yenə də zəngin mədəniyyəti olan bir ölkədə həqiqi dostluq, çoxlu gəzməli və görməli yerlər. Bu dəfə mən paytaxt Bakıdan ölkənin şimal-qərbinə doğru səyahət edərək inanılmaz gözəlliyin möcüzəsinə qapıldım. Şəki şəhərinə səyahət etdim. Mən şəhərin gözəlliyinə heyran qaldığım memarlıq abidəsi - Şəki Xan sarayı haqqında danışmaq istəyirəm”.

   Pol Stil yazır ki, əslində bu möhtəşəm tikilinin gözəlliyi və əzəməti fotoşəkillərlə ifadə edilə bilməz: “Hüseyn xan Müştaq (Hacı Çələbi xanın nəvəsi) tərəfindən tikilən sarayla bağlı ən heyrətamiz faktlardan biri odur ki, onun tikintisi zamanı bir damla belə yapışqandan və bir mismardan da istifadə olunmamışdır. Pəncərələr sarı, qırmızı və mavi rəngli şüşələrdən ibarətdir ki, bu da binaya düşən işığı daha da füsunkar edir. Sarayda hər birinin fərqli dizaynı olan 6 otaq vardır. Birinci mərtəbədə geniş qəbul otağı vardır. Göy qurşağını xatırladan rənglər, minlərlə rəsm və çiçək şəkilləri insanı dərhal özünə cəlb edir. Buradakı güzgülər içəriyə süzülən əlvan işığı əks etdirmək üçündür. Hər bir otaq digərindən fərqli şəkildə bəzədilmişdir. İkinci mərtəbədə divar rəsmləri heyrətamizdir. Rəsmlərin əksəriyyətində nar təsvir olunmuşdur. Azərbaycanda olarkən mən hər gün bu meyvənin şirəsindən daddım. Nar bu ölkədə bolluq və bərəkət rəmzi hesab edilir”.

   Məqalədə sarayın füsunkar görüntülərini əks etdirən şəkillər də verilib.

   “Azərbaycan - beşulduzlu Qəbələ” sərlövhəli məqaləsində müəllif yazır ki, zəngin mədəniyyəti, gözəl təbiəti, füsunkar mənzərələri ilə insanı valeh edən Qəbələ Azərbaycanın ən qədim şəhərlərindən biridir. O, füsunkar təbiət qoynunda yerləşən “Qafqaz Resort” və “Qafqaz Riverside” hotellərində yüksək xidmət, müştərilərə təqdim olunan zəngin mətbəx nümunələrindən həvəslə söz açır: “Məni tanıyanlar yaxşı bilirlər ki, çətin səyahətlərə və gəzdiyim yerlərdə hotellərdə deyil, əsasən çadırlarda qalmağa daha çox üstünlük verirəm. Lakin heyranı olduğum bir ölkədə - Azərbaycanda çadırda qalmaq fikrindən daşındım. Buna səbəb isə Qəbələdəki beşulduzlu hotellərin, həqiqətən də, çox gözəl və rahat olması idi. Mən burada yüksək səviyyəli qonaqpərvərliyin, səmimiliyin şahidi oldum. Çox böyük məmnuniyyətlə aylarla burada qalardım”.

 

Mədəniyyət.- 2012.- 29 dekabr.- S. 10.