Mədəniyyət
və Turizm Nazirliyinin kollegiya iclası
İclasda 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrdən ətraflı söz açıldı
Dekabrın 27-də Nizami Kino Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin
yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.
Nazirlik əməkdaşlarının, nazirliyə
tabe müəssisələrin, şəhər-rayon mədəniyyət
və turizm idarə və şöbələri rəhbərlərinin,
media mənsublarının iştirak etdiyi iclasda bu il ərzində
mədəniyyət, incəsənət və turizm sahəsində
əldə olunan uğurlardan, növbəti ildə
qarşıda duran vəzifələrin icrası ilə
bağlı məsələlərdən ətraflı
söz açıldı. Kollegiyada növbəti 2013-cü
ilin birinci yarısı üçün iş planı da təsdiq
edildi.
İl uğurlarla yadda qaldı
Kollegiya iclasında geniş nitq söyləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2012-ci ilin yekunlarını ətraflı təhlil etdi. Vurğulandı ki, yola salmağa hazırlaşdığımız il ölkəmizin mədəni həyatı üçün uğurlu olub: “İlk növbədə onu qeyd etməliyəm ki, il maraqlı, bəzən gərgin, lakin səmərəli keçib. Mədəniyyət, incəsənət və turizm sahələri üzərlərinə düşən böyük və məsuliyyətli vəzifələrin öhdəsindən gələrək Azərbaycan xalqının əsrlərlə yaratdığı zəngin irsin qorunması, təbliği, inkişafı üçün çalışıblar. Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində görülən işlər ötən illərdə əldə olunan təcrübənin nəticəsi idi. Bu il də Azərbaycanın adı bir sıra beynəlxalq qurumlarda, beynəlxalq mədəni tədbirlərdə hörmətlə çəkildi”.
Mədəni irsimizə böyük qiymət və ehtiram
Nazir bildirdi ki, il mədəniyyətimiz üçün mühüm nailiyyətlərlə yadda qalıb: “Son qələbənin sorağı bu ilin axırında gəldi. Azərbaycanın tar ifaçılıq sənəti UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edildi. Bundan öncə Azərbaycan muğamı, aşıq sənəti, milli xalça sənəti bu siyahıya salınmışdı. Bu, çox böyük hadisədir. Çünki bu qərarla Azərbaycan xalqının yaradıcılığının daha bir növü bəşəriyyətin mədəni xəzinəsinə daxil edildi, onun məhz bizim xalqa məxsusluğu sübut olundu. Milli tar ifaçılıq sənətimizin UNESCO-nun siyahısına daxil edilməsi Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərin məntiqi nəticəsidir. Heydər Əliyev Fondu ilə birgə gördüyümüz işlərdə, həyata keçirilən hər bir layihədə qədim mədəniyyətimiz, sənət irsimiz təbliğ olunur. Biz fəxr edirik ki, bu il Azərbaycan tarı bəşəriyyət tərəfindən qorunan bir incəsənət və yaradıcılıq növünə çevrildi. Bu, bəşəriyyətin milli mədəniyyətimizə verdiyi böyük qiymətdir”.
Nazir bildirdi ki, Azərbaycanın tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsi ilə bağlı müəyyən fikirlər ola bilər: “Amma artıq beynəlxalq təşkilat bunu qəbul edib. Səslənən fikirlərə qarşı müəyyən izahatlar verildi. Azərbaycanın tar ifaçılıq sənətini o siyahıdan heç kim çıxarmaq fikrində deyil. Bu, mümkün də deyil. Əgər hansısa ölkə o ifa sənətində verdiyi töhfələrin daha çox olduğunu deyirsə, buyursunlar, Azərbaycan kimi onlar da müraciət etsinlər”.
Ölkəmizin beynəlxalq səviyyədə tərəfdaşlarının sayı artıb
Çıxışda vurğulandı ki, bu il nazirliyin
bütün əməkdaşları, qurumları, muzeylər,
teatr-konsert müəssisələri, turizm şirkətləri
Azərbaycanın rifahı, dünyada daha geniş
tanınması naminə var qüvvələri ilə
çalışıblar: “Bilirsiniz ki, biz həmişə
öz işimizə tənqidi yanaşmışıq.
Bütün görülən işlərin daha da səmərəli
olması arzusundayam. Beynəlxalq səviyyədə əldə
etdiyimiz qələbələrin siyahısında bir neçəsini
də xüsusilə vurğulamaq istəyirəm. Azərbaycanın
“Eurovision” beynəlxalq mahnı müsabiqəsindəki
möhtəşəm qələbəsi ölkəmizin musiqi
mədəniyyətini bir daha tanıtdı, təbliğ etdi.
Bu gün Azərbaycan Dünya Turizm Təşkilatının ən
qabaqcıl tərəfdaşları siyahısındadır.
Qarşılıqlı səfərlər, birgə layihələr
həyata keçirilir. Bu da Azərbaycanın turizm
potensialının təbliğinə yeni imkanlar yaradır. Bu
günlərdə UNESCO-nun silahlı münaqişələr
zamanı mədəni obyektlərin qorunması üzrə
Hökumətlərarası Komitəsinin iclası
keçirildi. Azərbaycan bu qurumun vitse-prezidenti seçildi. Bu nədən
xəbər verir? Bu bizə işğal
altında olan torpaqlarımızda dağıdılan mədəni
irsin qorunmasına imkan verir. Bu, işin
başlanılması üçün qətiyyətli
addımdır.
Ölkəmizin təmsil
olunduğu beynəlxalq təşkilatlarda
uğurlarımızın sayı ildən-ilə artır.
Bunların hamısı səsvermə nəticəsində
olur. Deməli, bizi müdafiə edən
ölkələrin, tərəfdaşların sayı
çoxdur. Bütün bunlar onu göstərir
ki, Azərbaycan Prezidentinin apardığı siyasət nəinki
ölkə vətəndaşları tərəfindən dəstəklənir,
bu siyasət dünya miqyasında təhlil olunur, bəyənilir”.
Yeddi ölkədə mədəniyyət
günləri keçirilib
Nazir bu il yeddi
ölkədə Azərbaycanın mədəniyyət
günlərinin uğurla keçirildiyini xatırlatdı: “Mədəniyyət
günləri bir-iki tədbirlə məhdudlaşmadı,
konfranslarla, görüşlərlə, sərgilərlə, əməkdaşlıqların
yaranması ilə və s. yadda qaldı. 2012-ci il
silsilə mədəniyyət tədbirləri ilə zəngin
oldu. Ölkə başçısının sərəncamlarına
uyğun olaraq ədiblərimizin yubileyləri geniş qeyd
olundu. Nizami Gəncəvinin, Mirzə Fətəli
Axundzadənin, Mirzə Ələkbər Sabirin, Hüseyn
Cavidin - ümumilikdə 12 görkəmli ədəbiyyat
xadiminin yubileyləri ilə bağlı ölkə daxilində
və xarici ölkələrdə tədbirlər
keçirildi. TÜRKSOY-un xətti ilə
türkdilli ölkələrdə, habelə İtaliya,
İran, Çin və digər ölkələrdə
maraqlı mədəni tədbirlər gerçəkləşdi.
Azərbaycanın ədəbiyyatı, zəngin
mədəniyyəti təbliğ olundu. Axundzadənin
200 illiyinə dair sərəncamla bağlı əksər
teatrlarımızda yeni tamaşalar səhnələşdirildi,
hətta xaricdə də nümayiş olundu.
İtaliyanın Roma
şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin
abidəsi ucaldıldı. XII əsrdə
yaşayan şairin XXI əsrdə başqa bir mədəniyyətin
paytaxtı sayılan Romada heykəli qoyuldu. Bu, dünyanın xalqımızın mədəniyyətinə
verdiyi qiymətdir”.
Azərbaycan regionun mədəniyyət
paytaxtına çevrilib
“Ölkəmizdə
hər il silsilə olaraq beynəlxalq musiqi festivalları
keçirilir. İlboyu Heydər Əliyev Fondunun və Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə IV Qəbələ Beynəlxalq Musiqi Festivalı, VI
Beynəlxalq Rostropoviç Festivalı, Üzeyir Hacıbəyli
adına Beynəlxalq Musiqi Festivalı, Vokalçıların
Bülbül adına VI Beynəlxalq Müsabiqəsi
keçirildi. Növbəti il Qara Qarayev
adına Musiqi Festivalı, muğam festivalı keçiriləcək.
Bütün bunlar Azərbaycanı regionun mədəniyyət
paytaxtına çevirib. Mədəniyyət
paytaxtı o deməkdir ki, bu ölkənin inkişafda olan
qaynar mədəni mühiti var. Onun daimiliyini yaşatmaq
lazımdır. Bunun üçün yeni əsərlər,
ideyalar, sərgilər, tamaşalar, binalar, layihələr
lazımdır. Bütün bunlar var ki,
ölkəmizi haqlı olaraq regionun mədəniyyət mərkəzi
hesab edirlər”.
Müasir dövrlə uzlaşmayan
düşüncələrə hələ də rast gəlinir
Nazir vurğuladı ki, bu il də Azərbaycanın turizm
potensialını, mədəni irsini dünyada tanıtmaq,
beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində
böyük işlər görülüb: “Bizim xüsusi
proqramımız var, müxtəlif dövlət qurumları
ilə, nüfuzlu kütləvi informasiya vasitələri ilə
əməkdaşlıq edirik. Azərbaycanda
keçirilən bütün festivallar haqqında həm CNN,
Euronews, həm də ərəb ölkələrinin, Rusiya və
Türkiyənin telekanallarında məlumatlar verilir. Bəzən bu məlumatlar nəinki xəbər kimi
verilir, həm də proseslər, mədəni layihələr
təhlil olunur.
Dünyada bizi
qabaqcıl ölkə kimi tanıyırlar. Ona görə də mən bəzən Azərbaycanın
daxilində bizim gündəlik işlərimizdə müasir
dövrlə uzlaşmayan düşüncə ilə
yanaşmanı görəndə təəssüflənirəm.
Dünya bizə baxır və nümunə
götürməyə çalışır.
Biz irəliyə
baxmalıyıq, üzərimizə düşən məsuliyyəti
dərk etməliyik, dünyada gedən proseslərlə
ayaqlaşmalıyıq, təhlil etməliyik. Hansı əsaslarla, hansı metodlarla işləməyin
daha səmərəli olacağını düşünməliyik
ki, nailiyyətləri qoruyub saxlaya bilək”.
Kino və teatr sahəsində
mövzulara diqqətlə yanaşılmalıdır
Nazir çıxışında
teatr və kino sahəsində görülən işlərin
də qısa təhlilini apardı: “Bu il teatr sahəsində
böyük işlər görüldü.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı çərçivəsində
"Dünya teatr prosesi XXI əsrdə: problemlər,
perspektivlər və alternativlər" adlı II Bakı Beynəlxalq
Teatr Konfransının keçirilməsi də mühüm
hadisə kimi dəyərləndirilməlidir. Konfransda dünyanın 35 ölkəsindən 80-dən
çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini
araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar
və menecerlər iştirak etdilər. Azərbaycanın
müxtəlif teatr institutları ilə əməkdaşlığı
genişləndi. Bütün bunlar bizə
imkan verir ki, qabaqcıl təcrübələrdən səmərəli
istifadə edək. Biz bu istiqamətdə
işlərimizi davam etdirəcəyik. Növbəti il üçün Gənc
Tamaşaçılar, Kukla teatrları festivallarının
keçirilməsi nəzərdə tutulur. Biz
onların beynəlxalq səviyyədə təşkilini
planlaşdırırıq”.
Kino sahəsində də müxtəlif
konfransların, təqdimatların, festivalların
keçirildiyini diqqətə çatdıran nazir
C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının yenidən qurulması ilə bağlı
müqavilənin imzalandığını, Türkiyə,
İran, Rusiya, İngiltərə və Gürcüstanla birgə
layihələrin həyata keçirildiyini bildirdi: “Yeni filmlər
çəkilir, əməkdaşlıqlar davam etdirilir. Ancaq mən düşünürəm ki, kino sahəsində
mövzuların, ssenarilərin seçilməsində
müasir Azərbaycanın tələblərini nəzərə
almalıyıq. Bu teatr sahəsinə də
aid edilə bilər. Gələcəyimiz
haqqında düşüncələrə cavab verən
ssenarilər olmalıdır. Əgər
yeni fikir varsa, onun əsasında vətənə sevgi və məhəbbət
durmalıdır. Ona görə də
tarixi, ölkənin gələcəyi, uşaqlara həsr
olunmuş mövzular həm tamaşalarda, həm də çəkilən
filmlərdə öz əksini tapmalıdır. Mən demirəm ki, klassik əsərləri səhnələşdirməkdən,
ekranlaşdırmaqdan uzaqlaşmalıyıq. H.Cavidin, V.Şekspirin əsərlərində
müasir dövrlə səsləşən fikirlər, məqamlar
var. Əslində əsərin qiyməti ondan ibarət
olmalıdır ki, hər ölkədə, bütün
dövrlərdə aktual olsun. Daima
axtarış, təşəbbüs olmalıdır. Hesab edirəm ki, görülən işlər imkan
verir ki, biz gələcəyə nikbinliklə baxaq. Bu yaxınlarda Azərbaycanda “Mədəniyyət
haqqında” qanun Milli Məclisdə qəbul edilib və
dövlət başçısına təqdim olunub. Eyni zamanda “Kinematoqrafiya haqqında” qanunun üzərində
işləyirik”.
Mədəni irs
sahəsində müsbət tendensiya
“2012-ci ilin müsbət
cəhətlərindən biri mədəni irsin qorunması, təbliği
ilə bağlıdır. Bu il bir
neçə beynəlxalq konfrans keçirildi. Naxçıvan,
Şəki, Şəmkir, Ağsu, Gəncədə alimlər,
mütəxəssislər bir araya gəldilər. Beynəlxalq aləmdə cərəyan edən
proseslər müzakirə olundu. Mədəniyyət və
Turizm Nazirliyinin UNESCO-nun Ümumdünya İrs Mərkəzinin
məşvərətçi orqanları olan Mədəni
mülkiyyətin mühafizəsinin və bərpasının
öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin
(İCCROM) və Abidələr və tarixi yerlər üzrə
Beynəlxalq Şuranın (İCOMOS), eləcə də Azərbaycan
Memarlıq və İnşaat Universiteti ilə
İtaliyanın Romualdo del Bianko Fondunun birgə tərəfdaşlığı
ilə "Təzyiq altında irs - şəhərlərin
tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq
Bakı konfransı keçirildi. Bu gün
dünyada ən böyük problem ondadır ki, tarixi abidələrin
əksəriyyəti təzyiq altındadır. Bu problem təkcə münaqişələrlə
bağlı deyil. Bütün bunlar bəşəriyyəti
düşündürən məsələlərdir. Geniş auditoriya kütləsi üçün nəzərdə
tutulmuş tədbirdə dünyanın 30-dan artıq ölkəsindən
50-dən çox nüfuzlu elm adamı və ekspert iştirak
etdi. Azərbaycanda tarixi və mədəni
irsin qorunması istiqamətində işlər davam etdirilir.
Abidələrin təmir-bərpası davam edir.
Biz bu gün gələcəyə baxaraq
keçmişi, tarixi irsi unutmamalıyıq”.
Regionların mədəniyyət
ocaqları elektron məkana çıxmağı
bacarmalıdır
Əbülfəs Qarayev
çıxışında vurğuladı ki, nazirlik və
yerlərdəki müvafiq dövlət qurumları regionlarda mədəniyyət
siyasətinə daha çox önəm verməlidirlər:
“Azərbaycanın Xalq Yaradıcılığı
Paytaxtları” layihəsi regionlarda böyük əks-səda
doğurdu. Artıq bununla bağlı regionlar arasında rəqabət
hiss olunur. Layihə tədricən beynəlxalq səviyyəyə
çıxır. Qonşu ölkələr
də bu layihəyə maraq göstərirlər. Bu gün bərpa işləri gedir, muzeylər
inşa edilir, amma eyni zamanda onların fəaliyyəti də
yeniləşməli, müasirləşməlidir. Yeni texnologiyalar tətbiq olunmalıdır. Mən düşünürəm ki, Azərbaycan mədəniyyəti
dünya elektron məkanına nəinki paytaxtın mərkəzi
mədəniyyət müəssisələri çərçivəsində,
həmçinin kənd klubu, kitabxanası vasitəsilə də
çıxmağı bacarmalıdır. Bütün
mədəniyyət və turizm obyektləri bu prosesə fəal
şəkildə qoşulmalıdır.
Müxtəlif
dövlət qurumları hər hansı bir ölkədə təqdimatlar
keçirirsə, bizim nazirliyin əməkdaşları onlara
dəstək verirlər. Bu il muzey
işçilərimizin fəaliyyətində məsuliyyət
artıb. Yerlərdə muzeylər yenidən
qurulur, mədəniyyət evləri tikilir, parklar
salınır. Ancaq bəzən onların daxilində
olan təqdimatlar, əfsuslar olsun ki, yaxşı
keçirilmir. Ona görə nazirliyin Mədəniyyət
siyasəti şöbəsi, Muzey işi sektoru bölgələrdə
olan muzeylərin fəaliyyətinin yenidən qurulmasına və
onların fəaliyyətinin təkmilləşdirilməsinə
diqqəti artırmalıdırlar.
Siz bilirsiniz ki,
Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi Avropa Şurası tərəfindən
müəyyən olunmuş “İlin ən yaxşı muzeyi”
nominasiyasına daxil olub. Qobustan həm
qoruq, həm də muzeydir. Hər iki
baxımdan cəlbedicidir. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamının
icrası ilə bağlı “Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunda da genişmiqyaslı
bərpa-konservasiya, yenidənqurma və abadlaşdırma
işlərinin aparılmasına başlanılıb.
Orada da hazırda yeni
bir muzey təşkil olunur və qoruq-muzey vəhdətini biz
orada da görə biləcəyik. Sözsüz,
biz istənilən sahədə uğur qazanmaq
üçün var gücümüzlə
çalışmalıyıq. Bu gün
bir çox mədəniyyət ocaqları əsaslı təmir
olunur, hər bir məkan gözəlləşir, amma o məkanların
ziyarətçilərə təqdimatını da yüksək
səviyyədə keçirməliyik”.
Muzey və kitabxanalar haqqında
internetdə dolğun məlumatlar olmalıdır
“Dünya internet məkanında
hər bir muzey, kitabxana haqqında dolğun məlumat
tapılmalıdır. Bizim məqsədimiz
odur ki, Azərbaycan mədəniyyəti bütünlüklə
internet şəbəkəsinə daxil olsun. Biz bu gün ciddi hücuma keçməliyik.
Bütün məlumatlar internet şəbəkəsində
olmalı və bu istiqamətdə iş getməlidir”, - deyə
nazir sözlərinə davam etdi: “Yerlərdə təqdimatlar
rəqəmsal daşıyıcılarda verilməlidir. Ötən dövr ərzində kitabxanalarda əməkdaşlar
üçün komyuter kursları təşkil edilib.
Növbəti ildə muzeylərdə də bu iş təşkil
olunmalıdır. Əgər muzey əməkdaşı
müasir texnologiyanı mənimsəyə bilməyəcəksə,
həmin muzeyin gələcəyi yoxdur. Muzeylər
təkcə keçmişi əks etdirmir. Bu mədəniyyət müəssisələri
işini müasir tələblərə uyğun qurmalı, təqdim
etməlidir”.
Nazir kitabxana sahəsində
görülən işlərdən də danışdı,
bu günlərdə Azərbaycan
kitabxanaçılarının ümumrespublika müşavirəsinin
keçirilməsini müsbət hal kimi dəyərləndirdi.
Kitabxana sahəsində beynəlxalq, o cümlədən
Baltikyanı ölkələrin təcrübəsinin nəzərə
alınacağını bildirdi: “Azərbaycanda kitab işinin
təkmilləşdirilməsinə ehtiyac var və biz bunun
üçün müəyyən addımlar atmağa qərar
vermişik”.
Bu günlərdə
yekunlaşan “Milli Net” müsabiqəsində Mədəniyyət
və Turizm Nazirliyinin saytı qiymətləndirmədə
ikinci yeri tutub. Nazir bu nəticəni müsbət qiymətləndirdi:
“Birinci yeri də əldə edə bilərdik. Gündəlik
işimizi daha çevik əks etdirməliyik. Biz bu gün işimizi yeni sistemlə
qurmalıyıq. İnternetin
imkanlarından maksimum yararlanmalıyıq”.
Mədəniyyət və turizm
müəssisələrinin vəhdət halında fəaliyyət
göstərməsi vacibdir
Əbülfəs Qarayev turizm
müəssisələri və mədəniyyət
ocaqları arasında hələ də sıx əməkdaşlığın
olmadığını diqqətə çatdırdı:
“Biz canlı orqanizmin hissələri kimi vəhdət
halında fəaliyyət göstərməliyik. Hansı muzeyin turizm şirkətləri ilə
müqaviləsi var? Belə müqavilələrin
sayı azdır, bəlkə də iki-üçdür.
Turizm şirkətləri özəldir, mən
onları məcbur edə bilmərəm. Ancaq
mədəniyyət ocaqları özləri turizm şirkətləri
ilə əməkdaşlığa maraq göstərməlidirlər.
Gələn ildən Azərbaycana gələn
turistlər üçün elektron vizaların verilməsi ilə
bağlı sərəncam imzalanıb. Bu iş turizm
şirkətlərinin vasitəçiliyi ilə həyata
keçiriləcək. Bəs, turizm şirkətləri
turistlərə hansı proqramı təqdim edəcəklər?
Turistlər hansı muzeylərə, mədəniyyət
ocaqlarına gedəcək, hansı səyahətləri edəcəklər?
Bunlar hamısı vahid sistemə bağlı
olmalıdır”.
Turizm sektorunda xidmətlərin
müxtəlifliyi təmin edilməlidir
Turizm sahəsində
görülmüş işlərə də toxunan nazir
Əbülfəs Qarayev perspektivdə duran məsələlərdən
də ətraflı söz açdı: “Turizm xidmətlərinin
müxtəlifliyinin formalaşdırılması da bizim
üçün çox önəmlidir. Bilirsiniz
ki, bu yaxınlarda Qusar rayonunda Şahdağ Qış-Yay
Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə
infrastruktur obyektlərinin açılışı oldu.
Bu kompleks 2015-ci ilədək tam həcmdə
işə düşəcək. Azərbaycana
gələn qonaqlar üçün çox cəlbedici bir
yer olacaq. Kompleksdə hotel, xizək sürmək
üçün imkanlar var. Gələn il
böyük axın gözləyirik. Növbəti il 500-ə qədər yerləşdirmə
otağı olacaq.
İndi
üçulduzlu hotellərin inşasına diqqət yetirməliyik.
Hazırda beş və dördulduzlu hotellərin
sayı kifayət qədərdir. Onlar hazırda
tam gücü ilə işləyirlər. İndi isə biz daha aşağı ulduz
kateqoriyası olan hotellərin inşasına
başlayacağıq. Gələn ildən artıq beynəlxalq
standartlara uyğunlaşmış və
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi tərəfindən təsdiqlənmiş hotellərin
yeni ulduz alma qaydalarının tətbiqinə
başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib.
Bu da zamanın tələbidir. Çünki biz istəyirik ki, bizim hotellər və
turizm şirkətləri tərəfindən təqdim olunan
xidmətlər dünya standartlarına uyğun olsun. Yeni hotellərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi
bu qiymətlərin daha sivil şəkildə tənzimlənməsinə
imkan verəcək. Biz bu istiqamətdə
işlər aparırıq. Hazırda Azərbaycanda
lisenziya almış 400-dən artıq hotel fəaliyyət
göstərir. Artıq ötən iki il
müddətində Azərbaycan hotellərində qiymətlər
15-20 faiz enib. Biz də qanunvericiliyə uyğun
olaraq, qiymətlərin tənzimlənməsi istiqamətində
müəyyən işlər görürük”.
Yeni ildə bizi yeni vəzifələr
gözləyir
Kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev 2013-cü ildə mədəniyyət, incəsənət və turizm sahəsində çalışanları mühüm vəzifələr gözlədiyini bildirdi: “Növbəti il bizim üçün olduqca vacib ildir. 2013-cü ilin əsas tədbiri Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olacaq. Bu işə hazırlıq artıq başlanıb. Növbəti ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı böyük mədəniyyət tədbirləri keçiriləcək. Onun bünövrəsini qoyduğu mədəniyyət siyasəti bu sahədə böyük uğurların qazanılmasına zəmin olub. Biz bu tədbirlərə xüsusilə hazırlaşırıq.
Son olaraq demək istəyirəm ki, mədəniyyət, incəsənət və turizm mövzusu nəinki dövlətin maraq dairəsindədir, artıq geniş ictimaiyyət və ictimai qurumların maraq dairəsinə daxildir. Müxtəlif təşkilatlardan təşəbbüslər daxil olur, müxtəlif layihələr həyata keçirilir. Bu o deməkdir ki, cəmiyyət, hər bir şəxs mədəniyyət, incəsənət və turizm sahələrini özünə doğma bilir”.
Əbülfəs Qarayev çıxışında problem və nöqsanlardan da danışdı: “Bizim problemimiz bəzi işçilərin köhnə təfəkkürlü olmasındadır. Mən ilk gündən bu vəzifəyə gələndə demişəm, mədəniyyət və incəsənət sahəsində işləyən bütün insanlar bu cəmiyyətin qaymaqları olmalıdırlar. Rayonlarda mədəniyyət və turizm şöbəsinin, kitabxanaların, muzeylərin müdirləri cəmiyyətdə sayılan və hörmət edilən insanlar olmalıdır”.
Sonda nazir toplantı iştirakçlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdı: “Mən hər birinizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm! İnanıram ki, Azərbaycanın mədəniyyət, incəsənət və turizm sahələrində çalışan fədakar insanlar növbəti ildə də qarşıda duran çox məsuliyyətli və böyük vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər”.
Ceyhun Zərbəliyeva
Mədəniyyət.-
2012.- 29 dekabr.- S. 3;9.