İl kino sahəsində əlamətdar hadisələrlə yadda qaldı

 

   2012-ci il kino sahəsində bir sıra yeniliklərlə yadda qaldı. “Azərbaycanfilm”in istehsal etdiyiDolu”, “Sübhün səfiri” bədii filmləri təqdim olundu. İlk dəfə olaraq 3D animasiya filmi - “Cırtdan və Təpəgöz” təhvil verildi. Bir neçə sənədli və qısametrajlı film ərsəyə gəldi. Kino sahəsində müştərək layihələr həyata keçirildi. Onlardan “Bakı, mən səni sevirəm” və “Mahmud və Məryəm” filmlərinin çəkiliş mərhələsi yekunlaşdı. Rejissor Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmi də çəkiliş mərhələsini arxada qoydu. Əlamətdar hadisələrdən biriilk dəfə olaraq Bakıda I Beynəlxalq İdman Filmləri Festivalının keçirilməsi oldu. Növbəti, 8-ci “Start” Gənclərin Beynəlxalq Film Festivalı keçirildi. “Bu meydan, bu ekran” layihəsi çərçivəsində gənc rejissorların 3 filmi - “Mayak”, “Yuva”, “İşığa doğrunümayiş olundu. Gənc rejissor Elmar İmanovun lentə aldığı “Tabutçunun yelləncəyi” filmi tələbə “Oskar”ına - bürünc mükafata sahib oldu. Dünya şöhrətli polyak rejissoru Kşiştof Zanussi Bakıda ustad dərsləri keçirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilk dəfə milli kino mükafatını təsis etdi.

   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov növbəti ilin daha yaddaqalan olmasını arzu edir: “2012-ci ildə “Dolu” təqdim edildi. Bir neçə filmimiz - “Buta”, “Mayak”, “Çölçü” və bir neçə sənədli film beynəlxalq festivallarda uğurla nümayiş olundu. Düzdür, hər zaman gözlədiyimiz, kino xadimləri, tənqidçilər üçün böyük sənət hadisəsi olacaq film ortaya çıxmadı. Gələn il belə filmin çəkilməsini arzu edirəm”.

 

Mədəniyyət.- 2012.- 29 dekabr.- S. 6.