Nəğmə dolu bir il ötdü

 

   2012-ci il mədəniyyətimizin digər sahələri kimi, musiqi incəsənətimiz üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmiz beynəlxalq musiqi bayramlarına, festivallara, “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi. Görkəmli musiqi xadimlərimizdən Bülbülün 115, Niyazinin 100, Fikrət Əmirovun 90, Müslüm Maqomayevin 70, Şövkət Ələkbərovanın 90 illik yubileyləri qeyd olundu, digər sənətkarlarımız yad edildi.

  

   Musiqi xadimlərinin yaddaşında bu il il yadda qaldı? Bu barədə ilk olaraq Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin fikirlərini öyrəndik:

   - 2012-ci ildə ölkəmizdə çox böyük nailiyyətlərə imza atıldı. Beynəlxalq miqyaslı tədbirlər keçirildi. Biz musiqiçiləri xüsusilə sevindirən o oldu ki, ilk dəfə olaraq Qafqaz regionunda məhz Azərbaycanda “Eurovision” kimi möhtəşəm müsabiqə keçirildi. Özü ən yüksək səviyyədə. Həmin günlər gözəl ifaçılarımız Mələkxanım Əyyubova, Möhlət Müslümov, Fəxrəddin Dadaşov Babək Niftəliyevlə Amerikada səfərdə idik. Hyustonda telekanalların birində Azərbaycanda müsabiqənin keçirilməsi ilə bağlı reportaj yayımlanırdı. Biz kanalları dəyişəndə görürdük ki, digər televiziyalarda da Bakı haqqında danışılır. Bunu seyr etmək çox xoş idi.

   Son dövrlərdə respublikamızda, bütün sahələrdə olduğu kimi, musiqi sahəsində bir canlanma var. İstifadəyə verilən yeni konsert salonlarımız, Azərbaycan musiqisinin dünyanın müxtəlif ölkələrində səslənməsi, ifaçılarımızın çıxışları qəlbimizi qürur hissi ilə doldurur. UNESCO kimi mötəbər təşkilat tərəfindən bizim muğamımız, aşıq sənətimizin ardınca, tar ifaçılığımız da bəşəriyyətin mədəni irsi kimi qəbul olundu. Bunların hamısı çox böyük nailiyyətlərdir.

   Bu il Bəstəkarlar İttifaqının fəaliyyəti mühüm hadisələrlə yadda qaldı. İpək Yolubeynəlxalq musiqi festivalı Şəki Xan Sarayının 250 illik yubileyi ilə birlikdə daha da geniş şəkildə keçirildi. Şəkini təkcə turistlər deyil, xaricdən gələn musiqiçilər yaxından tanıdı. 2012-ci ildə Qəbələdə növbəti dəfə beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli adına festival, caz, Rostropovic festivalları, Gənc bəstəkarların plenumu nəhayət Bəstəkarlar İttifaqının qurultayı keçirildi. Bu il musiqişünaslarımız yeni kitablar ərsəyə gətirdilər, simpoziumlarda musiqimizi layiqincə təbliğ etdilər. Bütün bunlar musiqimizin uğurudur. Yeni il münasibətilə xalqımıza yeni-yeni uğurlar arzulayıram.

  

   * * *

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor, Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli üçün 2012-ci il daha yaddaqalan unudulmaz oldu. Çünki professor ilin sonunda 65 illik yubileyini qeyd etdi. Fərhad müəllim şəxsi həyatında xoş təəssüratlarla yaddaşa yazılan ili Bakı Musiqi Akademiyasının tarixində məhsuldar il adlandırdı: “Mən həmişə deyirəm ki, Azərbaycanın ən böyük silahı onun mədəniyyətidir. Musiqimiz daim döyüşür, vuruşur dünya miqyasında Azərbaycanımızın adını yüksəklərə qaldırır. Yola salmağa hazırlaşdığımız ildə dahi musiqiçilərimiz Fikrət Əmirovun, Niyazinin, Müslüm Maqomayevin yubileylərini qeyd etdik. Bizim musiqi mədəniyyətimiz böyük bir sərvətdir. 2012-ci ildə Bakı Musiqi Akademiyasının kamera orkestri yaradıldı, bir çox konsertlər təşkil etdik. Tələbələrimiz beynəlxalq festivallarda - İtaliyada, Bolqarıstanda, Sinqapurda s. musiqimizi layiqincə təmsil edərək bizi sevindirdilər. Üzeyir bəyin özülünü qoyduğu bu ocaq həmişə musiqimizin xidmətindədir qazandığımız uğurlarla 2013-cü ilə optimist arzularla gedirik. Bütün xalqımızın Yeni ilini təbrik edirəm!”

  

   * * *

   Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi ilin yekunu ilə bağlı fikirlərini bizimlə bölüşdü: “2012-ci ili Milli Konservatoriyamızın inzibati binasının hazır olması sevinci ilə yola salırıq. Artıq yeni binaya köçməyə hazırlıqlar görürük. 2012-ci il uğurlarla yadda qaldı. İlk növbədə, tədrisdən əlavə, filarmonik fəaliyyətimizin sayəsində. Azərbaycanın bir çox görkəmli ifaçıları bizim təhsil ocağında çalışırlar, musiqimizi istər ölkə daxilində, istərsə xaricdə layiqincə təbliğ edirlər. Musiqi xadimlərimiz dünyanın bir çox ölkələrində - İsveçrədə, Almaniyada, Fransada s. bir çox uğurlara imza ataraq mədəniyyətimizi daha da geniş tanıtdılar. 2012-ci ildə ən vacib işlərimizdən biri gələn il keçiriləcək III Beynəlxalq Muğam Festivalına hazırlıq oldu. İnanıram ki, növbəti festivalda da Azərbaycan təmsilçiləri nailiyyətlər qazanacaqlar. Bundan əlavə, ümumilikdə yola saldığımız il görkəmli musiqi xadimlərimizin yubileyləri, abidələrinin açılışı, beynəlxalq xarakterli festivallarda ifaçılarımızın uğurları ilə yaddaşlarımıza həkk olundu. Bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə təbrik edir, cansağlığı arzulayıram!”

  

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 29 dekabr.- S. 5.