Böyük ədibin 200 illik
yubileyi türkdilli
ölkələrdə qeyd olunacaq
TÜRKSOY
«Mirzə Fətəli Axundzadə ili»nə start verdi
Yarandığı gündən
türk dünyası, onun tarixi, mədəniyyətinin təbliği
istiqamətində böyük layihələr həyata
keçirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
- TÜRKSOY görkəmli Azərbaycan
yazıçı-dramaturqu, böyük mütəfəkkiri
Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə
2012-ci ili “Axundzadə ili” elan edib.
Xəbər verdiyimiz kimi,
yanvarın 26-da bununla əlaqədar TÜRKSOY-un Ankaradakı qərargahında
təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycandan
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin başçılıq etdiyi nümayəndə heyəti
iştirak edib. Təntənəli tədbirdə həmçinin
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay, Gürcüstanın
mədəniyyət və abidələrin qorunması naziri
Nikoloz Rurua, TÜRKSOY üzvü olan ölkələrin
nümayəndələri iştirak ediblər.
Mərasim TÜRKSOY-un baş katibi
Düsen Kaseinovun açılış nitqi ilə
başlanıb. TÜRKSOY-un fəaliyyətindən bəhs edən
baş katib ötən illərdə təşkilatın
türk dünyasının bir çox mədəniyyət
xadiminin, ədibinin türkdilli ölkələrdə daha
geniş tanıdılması üçün tədbirlər
keçirildiyini bildirib: “Məqsədimiz eyni dili, mədəniyyəti,
tarixi bölüşən xalqlarımızın bir-birilərinə
daha da yaxınlaşması imkanlarını ortaya
qoymaqdır».
Sonra Mirzə Fətəli Axundzadənin şəxsiyyətindən, çoxşaxəli yaradıcılığından bəhs edən baş katib bu il ərzində keçiriləcək tədbirlərdə böyük mütəfəkkirin daha çox ədəbiyyat və teatr fəaliyyətinə diqqət yetiriləcəyini vurğulayıb: “Türk dünyasının ilk dramaturqu olan Axundzadə yazdığı komediyalarla cəmiyyətin işıqlanmasına, ana dilin gözəlləşdirilməsinə çalışıb. Qərbi Şərqə, Şərqi də Qərbə tanıdıb".
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türkdilli ölkələr arasında mədəniyyət körpülərinin möhkəmlənməsinə xidmət edən belə bir toplantıda iştirak etməkdən məmnunluğunu bildirib: “Bu gün biz TÜRKSOY-un həyatında böyük dəyər daşıyan daha bir qərara xeyir-dua veririk. Təşkilatımız türkdilli dövlətlərin mədəniyyət sahəsində 2012-ci ili “Mirzə Fətəli Axundzadə ili” elan edir. Bununla əlaqədar düzənlənən bu mərasim bizim hər birimizin şahidliyimiz və iştirakımızla ortaq tariximizin yeni, şərəfli səhifəsinə çevrilir. Bu qərarı verdiyinə görə TÜRKSOY-un baş katibi cənab Kaseinova, təşkilatın bütün üzv ölkələrinə və tərəfdaşlarına ən dərin təşəkkürümü bildirirəm. Mirzə Fətəli Axundzadə Azərbaycanın, bundan daha çox türk dünyasının, eyni zamanda qocaman Şərqin və bütün dünyanın elə nəhəng zəka, idrak sahibi, elə istedadlı yaradıcı şəxsdir ki, onun qaldırdığı mədəni-mənəvi, fəlsəfi problemlərin bir çoxunun cavabları hələ yüz illər bizdən irəlidədir və təbii ki, davamlı araşdırmalar, ciddi tədqiqatlar tələb edir. Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının dil, düşüncə, ümumən bir cəmiyyət olaraq formalaşmasında “Kitabi-Dədə Qorqud”un, dahi söz ustadı Nizami Gəncəvinin əsrlərlə davam edən təsir qüvvəsi XIX yüzillikdə Mirzə Fətəlinin elmi ədəbi təcrübəsi ilə tamamilə yeni bir məzmun kəsb etmişdir”.
Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikoloz Rurua isə Axundzadənin Şərqin Molyeri hesab edildiyini, onun əsərlərinin gürcü dilinə də çevrildiyini deyib: «Düşünürəm ki, Mirzə Fətəli Axundzadə kimi bir mütəfəkkirin əsərlərinin dünya dillərinə çevrilməsi olduqca vacibdir.
Kosovonun dövlət və bələdiyyə idarəetməsi naziri Mahir Yağcılar Türkiyəyə səfəri çərçivəsində belə bir əhəmiyyətli tədbirdə iştirak etməkdən məmnunluğunu dilə gətirib: “Biz Kosovoda türk dilinin yaşadılması üçün əlimizdən gələn hər şeyi edirik”.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay TÜRKSOY-un son illərdə uğurlu işlərə imza atdığını bildirib: «TÜRKSOY-un fəaliyyətinə böyük maraq göstərilir və bu məni çox məmnun edir. Təşkilat Novruz bayramını ABŞ-da, BMT-də qeyd edib, dünyanın mühüm mədəniyyət mərkəzlərində əhəmiyyətli toplantılar keçirib".
M.F.Axundzadənin ümumtürk mədəniyyətindəki yerinə də toxunan nazir "Əlifba və ədəbiyyat sahəsində işləri ilə Axundzadə çox əhəmiyyətli izlər qoyub. Bu tədbir Axundzadənin ruhunu şad edəcək olan bir mərasimdir. Belə tədbirlərin TÜRKSOY-un çətiri altında davam etməsini diləyirəm. Bu, bir illə tamamlanacaq işlər deyil, əslində yeni qapılar açan işlərdir", - deyə vurğulayıb.
Açılış nitqlərindən sonra M.F.Axundzadənin həyatından bəhs edən qısa film nümayiş etdirilib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Zaman Əsgərli və Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru Yavuz Akpınarın böyük ədibin yaradıcılığı ilə bağlı məruzələri dinlənilib. “Axundzadə ili”nin açılış mərasimi Azərbaycan muğam üçlüyünün konsert proqramı ilə yekunlaşıb.
“Mirzə Fətəli Axundzadə ilı”nin açılışından sonra “3-cü TÜRKSOY Mətbuat Onur Mükafatları”nın təqdimat mərasimi keçirilib. Mükafatları qaliblərə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstan mədəniyyət və abidələrin qorunması naziri Nikoloz Rurua, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz təqdim ediblər.
Qeyd edək “TÜRKSOY Mətbuat Onur Mükafatları”na Azərbaycandan “Trend” analitik informasiya agentliyi, Azərbaycan Televiziyasının «Xəbərlər» departamentindən Vüsalə Quliyeva, «Türküstan» qəzetinin baş redaktoru Aqil Camal layiq görülüblər. Mükafatı alanlar sırasında Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan, Xakasiya, Tatarıstan, Şimali Kipr Türk Cümhuriyyətinin mətbuat nümayəndələri də var.
Mərasimin sonunda iştirakçılar birlikdə xatirə şəkli çəkdiriblər. TÜRKSOY-un qərargahının 1-ci mərtəbəsində "Axundzadənin məmləkəti Azərbaycan" fotosərgi də iştirakçılara təqdim olunub.
Mehparə
Mədəniyyət.-
2012.- 1 fevral.- S. 3.