Azərbaycan
Respublikasının mədəniyyət və turizm
qanunvericiliyi: İki
cilddə toplu işıq üzü
görüb
Mədəniyyət və Turizm
Nazirliyinin fəaliyyət göstərdiyi altı ildə mədəniyyətimizin
təbliği və turizm sahəsinin inkişafına təkan
verəcək məqsədyönlü işlərlə yanaşı,
bu sahədə qanunvericiliyə də zamanın tələblərinə
uyğun olaraq çoxsaylı əlavə və dəyişikliklər
edilmiş, yeni qanunlar qəbul olunmuş, proqramlar təsdiqlənmişdir.
Həmin sənədlər bu
yaxınlarda işıq üzü görən “Azərbaycan
Respublikasının mədəniyyət və turizm
qanunvericiliyi toplusu”nda (2 cilddə) əksini
tapmışdır.
Nəşr Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20 illiyi münasibətilə Mədəniyyət və Turizm
Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində
işıq üzü görmüşdür. Toplunun tərtibatçısı
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin
bölmə müdiri Cavid Quliyevdir. Nəşrin məsləhətçiləri
hüquq üzrə fəlsəfə doktorları V.Quliyev və
E.Əliyev, redaktoru isə əməkdar mədəniyyət
işçisi U.Rəhimoğludur.
Müstəqil Azərbaycan
tarixində ilk dəfə tərtib edilən
“Azərbaycan Respublikasının mədəniyyət və turizm qanunvericiliyi toplusu” xronoloji baxımdan
sistemləşdirilmişdir. Toplu
1994-2011-ci illəri əhatə edir. Nəşrin 1-ci cildi 3 bölməni
(Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının məcəllələri, qanunları, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamları),
2-ci cild isə 2 bölməni (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar
və sərəncamlarını, müxtəlif dövlət orqanlarının aktları) əhatə edir. Vəsait müxtəlif mənbələrdən
qanunvericiliyin axtarışına vaxt sərfini azaldacaq, qanunvericiliyin təkmilləşdirilməsinə
təkan verəcək.
Mədəniyyət.- 2012.- 1 fevral.-
S. 4.