Oqtay Yusif oğlu Şıxəliyev

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycanın Xalq rəssamı, Prezident təqaüdçüsü Oqtay Yusif oğlu Şıxəliyev 2012-ci il yanvarın 31-də 81 yaşında vəfat etmişdir. Azərbaycanın ilk professional monumentalçı rəssamlarından olan Oqtay Yusif oğlu Şıxəliyev 1931-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. Əvvəlcə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış (1947-1952), sonra isə V.İ.Muxina adına Leninqrad Ali Bədii Sənaye Məktəbinin Bədii keramika şöbəsini dekorativ-tətbiqi sənət ixtisası üzrə bitirmişdir (1952-1958). Yaradıcılığının ilk illərindən müxtəlif sərgilərdə iştirak edən rəssamın yaradıcılığı tamaşaçıların diqqətini cəlb etmişdir. 1957-ci ildə Gənclərin Ümumittifaq Sərgi Festivalında dekorativ sənət üzrə birinci mükafata layiq görülmüşdür.

   O.Şıxəliyev 1960-cı ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. 1963-1967-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində müəllim, 1967-ci ildə Azərbaycan Teatr İnstitutunun müəllimi, 1969-cu ildən baş müəllimi vəzifələrində işləmişdir. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəsm kafedrasının dosenti seçilmiş, 1993-cü ildə həmin kafedranın professoru elmi adını almışdır. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsm kafedrasının, 2005-ci ildən akademik rəsm kafedrasının, 2011-ci ildən ömrünün sonunadək isə rəsm kafedrasının professoru vəzifələrində çalışmışdır.

   O, 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 1992-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.

   O.Şıxəliyev 60-cı illərdən etibarən bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metro stansiyası, park və s. bədii tərtibatını vermiş və binaların eksteryeri və interyerində insanların zövqünü oxşayan kompozisiyalar yaratmışdır. Yaradıcılığında milli və müasir monumental rəssamlıq sənəti ənənələrinin sintezini peşəkarlıqla əlaqələndirən rəssamın əsərlərində etnoqrafik elementlər, folklor motivləri, parlaq rənglərin əlvan çalarları tamaşaçıda xüsusi bədii-estetik zövq yaradan forma və kompozisiyalar üstünlük təşkil edir.

   Rəssamın monumental yaradıcılıq nümunələrinə misal olaraq Bakıdakı 18 saylı məktəb, Bakı məişət kondisionerləri zavodu, “Azərbaycan” nəşriyyatının binası, Bakıda “Uşaq dünyası” universal mağazası, “Novbahar” restoranı və digərlərini göstərmək olar.

   O.Şıxəliyev dəzgah rəngkarlığının müxtəlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Ancaq sülh” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980), “Muğam” (1982) və s. əsərləri rəssamın tematik tablolarının əsas bədii xüsusiyyətlərini əks etdirir.

   Onun portret və mənzərə janrında yaratdığı “Mənim qaracam” (1970), “Tarzən Bəhram Mansurov” (1972), “Rəssam Rasim Babayev” (1975), “SSRİ Xalq artisti Mirzəağa Əliyev” (1974), “Nigar” (1975), “Rəssamın ailəsi” (1976), “Qobustan daşları” (1966), “Sumqayıt boruları” (1970), “Meksika həyəti” (1982), “Aydın səma” (1974) və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir.

   Rəssam bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanada və s. yaradıcılıq ezamiyyətlərində olmuşdur. Onun əsərləri dünyanın müxtəlif ölkələrindəki nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

   O, istedadlı rəssam və pedaqoq olmaqla yanaşı, həm də qayğıkeş və səmimi insan olmuşdur. O.Şıxəliyevin işıqlı xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

 

 

   Mədəniyyət.- 2012.- 1 fevral.- S. 4.