Bakının turist atlası çap olunub
Bakı şəhərinin turist atlası nəşr edilib. Atlas 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan
olunması ilə əlaqədar Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
Bakı Kartoqrafiya Fabrikində çap olunub. Azərbaycan, rus və ingilis dillərində hazırlanan atlas Bakıya
gələn hər bir turist üçün
əhəmiyyətli vasitədir.
Atlasda Bakı şəhərinin
planı 1:10 000 miqyasda
verilib. Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramovun sözlərinə
görə, nəşrdə
paytaxtın coğrafiyası,
iqlimi, torpağı, bitkisi, ekoloji vəziyyəti, arxeoloji və memarlıq abidələri yer alıb: “Atlasda kurortlar, çimərliklər,
bəzi nəqliyyat növlərinin hərəkət
cədvəli də əksini tapıb. Turistlərə gərəkli
ola biləcəyi
nəzərə alınaraq
“Binə” və “Sədərək” yarmarkalarının
sxematik təsvirləri,
turizm agentlikləri və digər mühüm yerlər də burada əks olunub. Çalışmışıq ki, atlasda turistlər
üçün maraqlı
ola biləcək
hər bir obyekti qeyd edək.
Məsələn, valyutadəyişmə məntəqələri, şadlıq
evləri, hotel və restoranlar, o cümlədən
xarici ölkə mətbəxlərini təqdim
edən restoranlar burada əks olunub. Məsələn, bir yaponiyalı
və ya koreyalı öz mətbəxinə aid restoranı
bu atlasdan istifadə etməklə asanlıqla tapa bilər”.
Bakının turist atlası təkcə əcnəbi qonaqlar üçün nəzərdə tutulmayıb:
“Bəzən bölgədən
gələn vətəndaş
Bakıda hansısa obyekti, müəssisəni
tapmaqda çətinlik
çəkir. Bu baxımdan atlas öz vətəndaşlarımız üçün də dəyərli vəsait olacaq”.
Müqabil Bayramov bildirdi ki, atlas bu ilin mayında paytaxtımızda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi zamanı ölkəmizə gələcək turistlər və xarici qonaqlar üçün xüsusilə maraq kəsb edəcək. Kartoqrafiya Fabrikində “Evrovision”la bağlı turistlərə əhəmiyyətli ola biləcək broşüraların da çapı nəzərdə tutulur: “Müsabiqə ilə bağlı turistlər üçün məlumatlandırıcı broşüraların hazırlanması təkliflərini vermişik. Məsələn, Dənizkənarı Milli Parkın, İçərişəhərin plan xəritəsinin, şəhəri əlaqələndirən yollar, şəhərin özünün ümumi planı hazırlana bilər. Hazırda təkliflər dəyərləndirilir”.
Ceyhun
Mədəniyyət.-
2012.- 1 fevral.- S. 4.