“Azərbaycan
mədəniyyətin inkişafı üçün gözəl
məkandır”
“Ölkənizdə Şərq və
Qərb orkestrlərinin festivalı keçirilsə
yaxşı olar. Beləcə, mədəniyyətlər bir
araya gələr”
Tanınmış dirijor Vijay Upadyaya əslən Hindistandan olsa da, Avstriyada yaşayıb-yaradır. Müntəzəm olaraq Avropa, Asiya və Amerikada konsertlərə dirijorluq edir, müxtəlif ölkələrdə ustad dərsləri keçir. 2007-ci ildən Avropa İttifaqının Avropa mədəniyyət layihələrinin qiymətləndirilməsi üzrə müstəqil ekspertlər jürisində Avstriya nümayəndəsi kimi təmsil olunur. Eyni zamanda Vyana Universiteti orkestrinin və xorunun bədii rəhbəridir. Peter Selar, A.R. Rahman, Subhaş Gay, Penq Lyuan, Kristof Şlingensef kimi dünya şöhrətli sənətçilərlə layihələr həyata keçirib.
Dirijorun Azərbaycana
səfəri də bir sıra layihələrin
reallaşdırılması ilə bağlıdır. Onunla
söhbəti təqdim edirik.
- Cənab Upadyaya, yaradıcılığınızla tanış olduqda həm dirijor, həm də musiqi layihələri ilə bağlı çoxşaxəli fəaliyyətiniz diqqət çəkir. Bəlkə söhbətə sizi Hindistandan Avstriyaya aparan musiqiyə marağınızdan başlayaq?
- Mən həm
Asiya, həm də Avropa ənənələri ilə
böyümüşəm. Hindistanda anadan olmuşam. Dörd
yaşımda pianoda ifa etməyi anamdan öyrənmişəm.
İngilis tarixi, ədəbiyyatı və
iqtisadiyyatı üzrə universitet təhsilindən (incəsənət
bakalavrı) sonra Avstriyada musiqi təhsili almaq istədim və
Qrats Musiqi və İncəsənət Universitetinin dirijorluq
şöbəsinə daxil oldum. Mənim təhsilimə
həmçinin hind zərb aləti olan tabalada ifa və hind
klassik rəqsi - katak üzrə diplom da daxildir. Artıq 25 ildir ki, Avstriyada, Qrats şəhərində
yaşayıram. Son 16-17 ildə Vyana
Universiteti Orkestrinin və Xorunun bədii rəhbəriyəm.
Həm də Çin Milli Opera və Xoru Orkestrinin dirijoruyam.. Mən həmçinin 2010-cu
ildə Hindistan Milli Gənclər Orkestrinin əsasını
qoymuşam. Eyni zamanda Santyaqoda Çili
Simfonik Orkestrin, Rio-de-Janeroda Braziliya Simfonik Orkestrin dirijoruyam.
Bunlar mənim üçün maraqlıdır.
Çünki dirijor kimi dünyanı gəzir,
maraqlı məqamlar aşkar edirəm.
Digər fəaliyyətim
isə konsepsiyalar, layihələr hazırlamaqla
bağlıdır. 2007-ci ildən Avropa
İttifaqında Avropa mədəniyyət layihələrinin
qiymətləndirilməsi üzrə müstəqil ekspertlər
jürisində Avstriya nümayəndəsiyəm. Əhalisinin sayı, ərazisi baxımından
Avstriya Azərbaycana bənzəyir. Azərbaycan
maraqlı musiqi konsepsiyaları həyata keçirmək
baxımından əlverişli məkandır.
- Azərbaycana səfərinizin məqsədi
də yəqin bununla bağlıdır...
- Ölkənizə artıq
üçüncü dəfədir ki, gəlirəm. Məni buraya Avstriyanın Azərbaycandakı səfirliyi
dəvət edib. Məqsəd Mədəniyyət
və Turizm Nazirliyində görüşlər keçirmək,
birgə musiqi layihələrini reallaşdırmaq
imkanlarını öyrənməkdir. Ölkənizdə
olduğum 5 gün ərzində o qədər insanlarla
görüşdüm ki, hətta ideyalarım da
çoxalıb. Hiss etdim ki, ölkəniz bütün
sahələrdə, xüsusilə də iqtisadi baxımdan
gündən-günə inkişaf edir. Və bu
inkişafın fonunda mədəniyyətin inkişafı
üçün də resurslar yaranır. Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət Şöbəsinin
rəhbəri Fərəh Əliyeva ilə söhbət əsnasında
birgə konsert proqramları, birgə festivalların
keçirilməsi ilə bağlı bir sıra fikirlər
meydana gəldi.
- Azərbaycana əvvəlki səfərlərinizin
məqsədi nə idi?
- Azərbaycana 1999 və 2005-ci ildə
gəlmişəm. İlk dəfə, sadəcə,
bu regionu görmək üçün gəlmişdim. Həmin vaxt Gürcüstana da getmişdim. İkinci səfərim zamanı isə dostum, Azərbaycan
Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi ilə
görüşdüm və Azərbaycan instrumental musiqisi sahəsində
hansı layihələrin keçirilməsinin
mümkünlüyü ilə bağlı söhbətlər
apardıq. Lakin həmin vaxt bu layihənin
həyata keçirilməsi üçün çox tez idi.
O zaman Avstriyanın Azərbaycanda səfirliyi də yox idi.
- Avropa, Asiya, Latın
Amerikasının bir sıra ölkələrində olmusunuz,
nüfuzlu orkestrlərə dirijorluq etmisiniz. Ölkəmizə
də üçüncü dəfə səfər edirsiniz.
Azərbaycan mədəniyyəti, xüsusilə
də musiqisi ilə bağlı sizdə hansı fikir
formalaşıb?
- Qeyd etdiyim kimi, Azərbaycan
sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycan
mədəniyyətinin inkişafı, onun başqa ölkələrdə
də tanıdılması üçün uzunmüddətli
konsepsiya tapmaq vacibdir. Məsələn,
Avstriyada mədəniyyət turizmi deyilən bir anlayış
var. İnsanlar teatrlara, konsertlərə gəlirlər və
ölkənin mədəniyyəti bu yolla tanıdılır.
Azərbaycan musiqisi əsasında da mədəniyyət
turizmini inkişaf etdirmək maraqlı olardı. Ölkənizdə Qərb musiqisinə marağı
daha da inkişaf etdirmək lazımdır.
Elə işlər
ortaya qoyula bilər ki, bu, ölkənizin beynəlxalq
nüfuzunun daha da artmasına töhfə verə bilər.
Azərbaycanda Musiqi Akademiyasının gözəl
binası, maddi-texniki imkanları var. Milli Konservatoriyanız
var. Lakin ümumilikdə götürdükdə tələbələrin
sayı azdır. Beynəlxalq musiqi
standartları səviyyəsində daha çox tələbə
yetişdirilməlidir.
İnstrumental musiqi
sahəsində təhsilin daha da gücləndirilməsini istərdim.
- Cənab Upadyaya, Azərbaycan
klassik musiqisi olan muğam hazırda Qərb musiqiçilərinin
böyük marağına səbəb olub. Sizi
necə, muğam bir musiqi janrı kimi nə dərəcədə
cəlb edir?
- Azərbaycan muğamlarını
dinləmişəm, bu musiqi çox xoşuma gəlib. Mənə olduqca maraqlı təsir
bağışlayan muğam Hindistan klassik musiqisinə bənzəyir.
Azərbaycanlıların səsində çox
yaxşı kolorit var. İran, Türkiyə və ya ərəb
ölkələrində də muğam musiqisi olduğu halda,
onlarda belə səsi tapa bilməzsən. Azərbaycanlıların
səsi isə muğam üçün çox unikaldır.
İndi bəzi Qərb bəstəkarları
muğamı xüsusilə klassik musiqi ilə sintez edirlər,
bəziləri isə muğamı dinləyir, onu öyrənir
və muğam əsasında yeni simfonik musiqi yaratmağa
çalışırlar. Sırf muğam
musiqisi ifa ediləndə, bu, əcnəbi dinləyicilər
üçün bir qədər mürəkkəb olur, lakin
onu simfonik musiqi ilə sintez edəndə hər kəs
anlayır.
- Sintezdən söz
düşmüşkən, mədəniyyətlərin,
musiqilərin qaynayıb-qarışmasına münasibətiniz
necədir? Məsələn, bu gün dünya
bir sıra məsələləri mədəniyyətlərin
dialoqu ilə həll etməyə çalışır.
Sizcə, iki qitənin kəsişməsində
yerləşən Azərbaycanda mədəniyyətləri
musiqi vasitəsilə bir araya gətirmək
mümkündürmü?
- Bu məsələdə çox
diqqətli olmaq lazımdır. Məsələn,
götürək muğamı. Muğam
melodik və harmonik musiqidir və mən ondan istifadə edə
bilərəm. Amma, baxır necə. Gəlin tarixə nəzər salaq. Orta əsrlərdə Avropadan Şərq ölkələrinə
səlib yürüşləri zamanı səlibçilər
Kiçik Asiyanı işğal edərkən muğamın
ifa texnikasını, sirlərini öyrənib özləri ilə
Avropaya apardılar. Və onu öz musiqiləri
ilə birləşdirdilər. Əvvəllər
Avropa musiqisi tonal olduğu halda, XIII-XV əsr Avropa renessans
musiqisi melodikdir və o, muğam nümunəsi əsasında
yaranıb. Mənə elə gəlir ki,
muğamı olduğu kimi saxlamaq lazımdır, o dəyişdirilməməlidir.
Məsələn, biz musiqini dinlədikdə,
onun iki fərqli ənənəyə, Qərb və ya Şərqə
aid olduğunu aydın şəkildə dərk edirik. Onları harmoniya edə bilərik və bu, çox
maraqlıdır.
Dialoqa gəlincə,
məsələn, indi siz sabit inkişaf edən ölkədə
yaşayırsınız. Lakin ətraf regionlarda isə
qeyri-sabitlik, qarışıqlıq var. Sizin
ölkənizdə incəsənət daha yaxşı
inkişaf edə bilər. Məsələn, Xəzər
dənizi ətrafında əməkdaşlığı
inkişaf etdirmək üçün incəsənətdən
istifadə etmək olar. Xüsusilə Xəzər
dənizi regionunda çoxlu müxtəlif fərqli mədəniyyətlərə
məxsus xalqlar yaşayır. Mədəniyyət
və Turizm Nazirliyində görüş əsnasında qeyd
etdim ki, Azərbaycan Şərqlə Qərbin kəsişməsində
yerləşdiyindən burada Şərq və Qərb orkestrlərinin
festivalı keçirilsə yaxşı olar. Beləcə, mədəniyyətlər bir araya gəlmiş
olar.
- Hindistanda doğulmusunuz, Avstriyada
yaşayırsınız. Belə
çıxır ki, siz də iki fərqli mədəniyyətin
daşıyıcısınız. Özünüzü
hindistanlı, yoxsa avstriyalı hesab edirsiniz?
- Əgər siz
Hindistana getsəniz, orada insanların nə qədər
açıq, istiqanlı olduğunu görəcəksiniz.
Bu baxımdan deyərdim ki, qəlbim
hindistanlı, beynim avstriyalıdır. 25
ildir ki, Avstriyada yaşayıram. Mənim
evim, karyeram, hər bir şeyim oradadır.
- Söhbət əsnasında
Bakının fərqli şəhər olduğunu da
vurğuladınız. Bu fərqlilik nədən
ibarətdir?
- Belə getsə, Bakı Dubaydan
da yaxşı məkan olacaq. Sizin həm
qazınız, neftiniz, həm tarixiniz, həm də mədəniyyətiniz
var. Bir var əlverişli şərait, bir də var əlverişsiz
şərait. Əlverişli şərait
olanda əldə edilən mənfəət mədəniyyətin
inkişafına sərf edilir. Amma əlverişsiz
şərait olduqda, əksinə, cəmiyyət materialist
olur, insanlar yalnız pul haqqında düşünürlər.
Bu indi Hindistanda da problemdir. Məsələn,
hindlilərin öz milli geyimləri var, lakin o, sürətlə
itir. İnsanlar Avropa geyimləri, cins geyinməyə
başlayıb. Ancaq Hindistanla qonşu olan Butanda insanlar
iş yerlərinə milli geyimlərdə getməlidirlər.
Düşünürəm ki, mədəniyyətin,
ənənənin bu yolla qorunması yaxşıdır.
Bunun üçün mətbuatda davamlı piar
kampaniyaları da aparılmalıdır. Sizin
unikal mədəniyyətiniz var və bu, unudulmamalıdır.
Məsələn, Avstriyada mədəniyyət
bir sənayedir. Çoxlu musiqi məktəbləri həm
də iş yerləri deməkdir. Müstəqilliyin əldə
edilməsindən keçən 20 il ərzində
artıq ölkəniz mühüm inkişafa nail olub və bu,
mədəniyyət sənayesini Azərbaycanda da tətbiq etmək
mümkündür.
- Azərbaycanla əməkdaşlıqda
gələcək planlarınız konkret nədən ibarətdir?
- Ağaverdi
Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət
Filarmoniyası Xalq Çalğı Alətləri
Ansamblında dirijorluq etməyə dəvət almışam.
Digər tərəfdən, mən nazirlikdə
görüşüm zamanı da bildirdim ki, Avstriya Azərbaycanla
mədəniyyət sahəsində əlaqələrin
inkişafında maraqlıdır, bu sahədə öz
köməyini göstərə bilər. Məsələn,
Avstriyadan nəfəs alətlərində ifa etməyi öyrədən
müəllimləri Azərbaycana göndərə bilərik.
Musiqi meneceri sizin ölkəniz üçün
yeni termindir. Bu, məzmunca bir qədər
prodüser işinə bənzəsə də, fərqlər
var. Biz konsert verəcəyimiz ölkələrdə bəzən
səfirlik əlaqələrin qurulmasında çətinlik
çəkir. O halda musiqi meneceri bununla bağlı
bütün işləri öz üzərinə
götürür. Artıq Avropa və Amerikada bu bir iş, institut hesab olunur. İstərdik
ki, belə bir institut burada da yaradılsın. Bu sahədə də Azərbaycanla əməkdaşlıq
etmək istərdim. Güman edirəm ki,
2-3 aydan sonra geri qayıdacağam. Azərbaycan
mədəniyyətin inkişafı üçün gözəl
məkandır. Bilirəm ki,
Naxçıvan və Gəncədə də filarmoniyalar fəaliyyət
göstərir və növbəti səfərlərimdən
birində Gəncəyə getmək istərdim. Azərbaycanda “Eurovision” musiqi
yarışmasının keçirilməsi də
böyük hadisədir və bu həm də Azərbaycanın
musiqi marketinqində irəliyə doğru
addımıdır. Yəni artıq
ölkəniz mədəniyyətini beynəlxalq aləmdə
daha yaxşı göstərə bilir.
Mehparə
Mədəniyyət.-
2012.- 1 fevral.- S. 5.