Ölkəmizin turizm potensialı İspaniyada nümayiş etdirilib
Xəbər verdiyimiz kimi,
yanvarın 18-dən 22-dək İspaniyanın Madrid şəhərində
“FİTUR” beynəlxalq turizm sərgisi keçirilib. Tədbirdə
mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun
rəhbərliliyi ilə ölkəmizin nümayəndə
heyəti iştirak edib.
Heyətin üzvü, Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və
təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun
sözlərinə görə, dünyanın 166 ölkəsindən
10 mindən çox şirkətin iştirak etdiyi bu
nüfuzlu sərgidə Azərbaycanın turizm potensialı 52
kvadratmetrlik sahədə nümayiş etdirilib.
Sərgi əsnasında nümayəndə
heyətimiz Dünya Turizm Təşkilatının (DTT) Madriddəki
qərargahında qurumun baş katibi Taleb Rifai, habelə
İspaniyanın aparıcı turizm təşkilatlarının
rəhbərləri ilə görüşlər keçirib.
DTT-nin baş katibi Taleb Rifai ilə görüşdə
ölkəmizin qurumla əlaqələrinin perspektivi, bu il
aprelin 12-dən 14-dək Bakıda keçiriləcək XI
“AITF” Beynəlxalq turizm və səyahətlər sərgisində
DTT-nin ayrıca pavilyonla təmsil olunması, ölkəmizin
statistika üzrə mütəxəssisləri
üçün Azərbaycanda və ya İspaniyada təlim
proqramının təşkili, 2013-cü ildə Bakı
şəhərində keçirilməsi nəzərdə
tutulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunda
turizm üzrə sessiyanın təşkil edilməsi və
digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan nümayəndə heyəti
“VI Exceltur Tourism and Leadership” Forumunda da iştirak
edib. Forumda “2012-ci il üçün vaxtından əvvəl əsas çağırışlar:
özəl sektor liderlərinin nöqteyi-nəzərləri”,
“Turizmdə dövlət
və özəl sektorların əməkdaşlığı:
aparıcı institutların
öncə görmələri
və müvəffəqiyyətli
təcrübələri”, “2012-ci ildə Avropa və İspaniya iqtisadiyyatları üçün
iqtisadi və istehlakçı meyillər:
turizm sənayesi üçün cəlbetmələr”,
“Yeni turizm siyasətinin həyata keçirilməsi və
regional əməkdaşlığın təkmilləşdirilməsi” və
s. mövzularda müzakirələr
təşkil edilib. Azərbaycan nümayəndə heyəti
müzakirələrdə fəallıq
göstərib.
Forum başa
çatdıqdan sonra
təntənəli açılış
mərasimi keçirilən
“FİTUR-2012” beynəlxalq turizm
sərgisində Azərbaycan
layiqincə təmsil olunub. Sərgi müddətində Azərbaycan pavilyonuna çoxlu sayda turizm şirkətlərinin
nümayəndələri və
yerli ziyarətçilər
gəlib. Azərbaycana
səfər etmək marağında olanlara ölkəmizə gəlmək
üçün vizanın
alınması qaydaları,
prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri, bu ilin mayında Bakıda keçiriləcək
“Eurovision-2012” mahnı müsabiqəsi
haqqında məlumatlar
verilib, ziyarətçilərə
ölkəmizin turizm potensialına və Ermənistanın işğalı
altında olan Dağlıq Qarabağa dair məlumat xarakterli müxtəlif reklam-çap məhsulları
təqdim edilib.
Sərgidə Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının 4
nəfərdən ibarət
heyətinin xüsusi proqramı maraqla qarşılanıb. Həmçinin ziyarətçilərə Azərbaycanın
turizm potensialını
əks etdirən filmlər və reklam çarxları təqdim edilib.
Qeyd edək ki, Azərbaycan “FITUR” beynəlxalq
turizm sərgisində
2007-ci ildən təmsil
olunur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2012.- 1 fevral.-
S. 6.