Mədəniyyət və turizm: dinamik inkişafın altı ili

 

  Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 6 ili tamam oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il yanvarın 30-da dövlət idarəetmə sistemində aparılan islahatların davamı olaraq mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və onun müasir tələblərə uyğun qurulması, bu sahələrdə idarəetmənin səmərəliliyinin daha da artırılmasının zəruriliyini nəzərə alaraq ölkəmizdə yeni mərkəzi icra orqanının - Mədəniyyət və Turizm Nazirliyinin yaradılması barədə fərman imzaladı.

   Yeni nazirliyin fəaliyyətə başlaması ölkəmizin zəngin mədəni irsinin, rəngarəng incəsənətinin inkişaf etdirilməsi və təbliğinə, vətənimizin təbii gözəlliklərinin, geniş turizm potensialının dünyada daha geniş tanıdılmasına, turizm sahəsinin sürətli inkişaf relsinə çıxarılmasına əlavə imkanlar açdı.

   Ötən müddət, ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsi və turizm sektoru üçün də uğurlu dövr olmuş, respublikamızın hərtərəfli inkişafı, sosial-iqtisadi tərəqqisi, regional və beynəlxalq nüfuzunun artması həyata keçirilən rəngarəng mədəniyyət layihələrində, incəsənət tədbirlərində, turizm proqramlarında da özünü göstərmişdir.

   Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizm sahələrinin inkişafı ilə bağlı son illər qəbul etdiyi çoxsaylı fərman və sərəncamları əldə rəhbər tutan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan dövlətinin mədəniyyət və turizm siyasətinin ardıcıl surətdə həyata keçirilməsinin təmin olunması üçün bütün sahələrdə - incəsənət, mədəni irsin qorunması, kinematoqrafiya, nəşriyyat işi, elm və təhsil, turizm, beynəlxalq əlaqələr, mədəniyyət və turizm obyektlərinin tikintisi, yenidən qurulması sahəsində konkret tədbirlər görmüş, bir çox uğurlu nəticələrə imza atmışdır. Bu yazıda həmin fəaliyyətin ayrı-ayrı sahələrinə qısa nəzər salacağıq.

   Konkret mövzulara keçməzdən öncə 2006-2011-ci illərdə mədəniyyət və turizm sahəsinə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu (investisiyalar) haqqında məlumatı diqqətə çatdırmaq istərdik. 2006-2011-ci illərdə mədəniyyət və turizmə ayrılan investisiyalar 27,7 dəfə artmışdır.

  

   İncəsənətimizin uğurları

   

   2006-2011-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən incəsənət sahəsində 1000-ə yaxın beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmiş, Azərbaycan bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi etmişdir. Onların sırasında Azərbaycanda Rusiya İli (2006), Şostakoviç Festivalı (2006), I, II, III, IV, V Beynəlxalq Rostropoviç festivalları (2007-2011), I və II Beynəlxalq muğam festivalı və müsabiqələri (2009, 2011), Bakı beynəlxalq caz festivalları (2009-2011), Ü.Hacıbəyliyə həsr olunmuş I, II və III beynəlxalq musiqi festivalları (2009-2011), Vokalçıların IV və V Bülbül adına Beynəlxalq Müsabiqəsi (2007, 2010), I, II və III Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009-2011), Beynəlxalq Teatr Konfransı (2010), Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi (2010), Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı (2011), I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı (2011), I Beynəlxalq Kukla Biennalesi (2011) kimi beynəlxalq tədbirləri xüsusi qeyd etmək olar.

   Ötən müddətdə Almaniya, Misir, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Rusiya, Qətər, Mərakeş, Küveyt, Çin, İordaniya, Gürcüstan, Kuba, Meksika, İran və s. ölkələrdə Azərbaycan mədəniyyət günləri keçirilmiş, bu tədbirlərdə milli mədəni irsimiz layiqincə təqdim olunmuşdur. Eləcə də Azərbaycanda Türkmənistan, Gürcüstan, Qətər, Küveyt, Tacikistan, Mərakeş, İordaniya və s. ölkələrin mədəniyyət günləri təşkil edilmişdir.

   Son 6 ildə dövlət teatrlarında 500-dək yeni tamaşa hazırlanmışdır. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində 2009-cu ildə Gəncədə, 2011-ci ildə Lənkəranda “Yeni Teatr” respublika festivalları gerçəkləşmişdir.

   Bu müddətdə Azərbaycan təsviri sənətinin inkişafı, təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də xeyli işlər görülmüşdür. Ötən 6 ildə bu sahədə 250-dək respublika və beynəlxalq əhəmiyyətli tədbir və sərgilər keçirilmişdir. 2007, 2009 və 2011-ci illərdə İtaliyada keçirilən Dünya Təsviri Sənət Sərgisində (52, 53 və 54-cü Venesiya Biennalelərində) Azərbaycan pavilyonu təşkil edilmişdir.

   2011-ci ildə xaricdə keçirilən tədbirlər sırasında ABŞ-ın Hyuston, Los-Anceles, San-Fransisko və Vaşinqton şəhərlərində ilk dəfə olaraq Azərbaycan mədəniyyətinin rəngarəng elementlərini özündə birləşdirən mədəniyyət tədbirləri keçirilməsini də qeyd etmək lazımdır. Son 6 ildə bir çox görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, incəsənət kollektivlərinin yubileyləri qeyd olunmuşdur.  

 

   Mədəniyyət siyasətində nailiyyətlər

  

   Bu illərdə nazirlik tərəfindən kitabxana, muzey işi, qeyri-maddi mədəni irs, o cümlədən aşıq sənəti, xalq yaradıcılığı və kulinariya mədəniyyəti sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində folklor, sənətkarlıq, əfsanələr paytaxtları (2010-cu ildə Qazax, Şəki, Gəncə, 2011-ci il üzrə Lənkəran, İsmayıllı, Şabran) elan edilmiş, müvafiq tədbirlər planı icra olunmuşdur. 2011-ci ildə “Azərbaycan doğma diyar” devizi altında keçirilən Milli Azlıqların İncəsənəti III Respublika Festivalı gerçəkləşmişdir.

   Kitabxana-informasiya sahəsi müxtəlif layihələrlə yadda qalmış, kitabxana fondlarının zənginləşdirilməsi davam etmişdir. Ölkəmizdə 160-dan çox kitabxana və 4200-dən çox kitabxana filialı əhaliyə xidmət göstərir. Respublikanın kitabxana fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur. Prezidentin 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə”, 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə müvafiq sərəncamlarına uyğun olaraq kitabxanalar vahid informasiya sahəsinə daxil olmuş, şəhər, rayon mərkəzi kitabxanalarının veb-saytları yaradılmış, elektron kataloq və elektron kitabxanalar təşkil olunmağa başlanmışdır. Kitabxanaların beynəlxalq əlaqələri genişlənmişdir.

   Muzey işi sahəsi üzrə xeyli iş görülmüş, Azərbaycanda muzey quruculuğu yeni mərhələyə qədəm qoymuşdur. Prezident tərəfindən Azərbaycanda muzey işinin yaxşılaşdırılmasına, dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni-xidmət işinin keyfiyyətinin yüksəldilməsinə dair bir sıra mühüm əhəmiyyətli sərəncamlar imzalanmışdır: “Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” (2006-cı il 18 dekabr), ”Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” (2006-cı il 19 dekabr), “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” (2007-ci il 6 mart), ”Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında (2009-cu il 22 may) və s. Bu sərəncamlar üzrə müvafiq tədbirlər görülmüş, yeni muzeylər yaradılmış, mövcud muzeylərdə təmir-bərpa işləri aparılmışdır.

   2006-cı ildə ölkəmizdə 169 muzey vardısa, 2011-ci ildə onların sayı 22% artaraq 229-a çatmışdır. Bu müddətdə muzeylərin fondu 15% artaraq 1 milyon 198 min əşya təşkil etmiş, muzeylərə gələnlərin sayı 50% artaraq 2011-ci ildə 1 milyon 814 min nəfərə çatmışdır.

  

   Mədəni irs

  

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Dövlət Siyahısına əsasən, Azərbaycan Respublikası tərəfindən 6308 dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz abidə daxil edilmişdir. Ölkə başçısı son illər ərzində Azərbaycanın tarixi və mədəni irsin qorunub saxlanması, onun istifadəsi və gələcək nəsillərə çatdırılması sahəsində mühüm qərarlar qəbul etmişdir. Buna misal olaraq “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin tarixi və memarlıq abidələrinin bərpası və qorunması haqqında”, “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərin ümumi görkəminin qorunub saxlanması və ətrafının abadlaşdırılmasına dair tədbirlər planının təsdiq edilməsi barədə və s. sərəncamlarını göstərmək olar.

   Son illər ərzində ölkə Prezidentinin sərəncamları ilə 4 yeni tarix-mədəniyyət qoruğu: Bakı şəhəri, Suraxanı qəsəbəsində «Atəşgah məbədi» Dövlət tarix-memarlıq, Abşeron rayonunda «Yanar dağ» Dövlət tarix-mədəniyyət və təbiət, Ağstafa rayonunda «Keşikçidağ» Dövlət tarix-mədəniyyət və Quba rayonunda «Xınalıq» Dövlət tarix-memarlıq və etnoqrafiya qoruqları yaradılmışdır. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir.

   2007-ci ilin 29 iyun tarixində Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. 2011-ci il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Qobustan qoruğunun yeni inzibati binası və müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş yeni ekspozisiyaların açılış mərasimi keçirilmişdir.

   Tarix və mədəniyyət abidələrində bərpa işləri daim dövlətimizin diqqət mərkəzindədir, ötən müddətdə 40-dək abidədə bərpa işləri, 50-dən çox abidənin bərpa və konservasiya layihələri başa çatdırılmışdır. Mədəni irsimizə qayğıdan söz açarkən bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən geniş layihələri (Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksinin yaradılması, Gəncədə Cavad xan məqbərəsi, Şah Abbas və Həzrəti Zeynəb məscidləri və s. abidələrin təmir-bərpası) xüsusi qeyd etmək gərəkdir.  

 

   Kinematoqrafiya

  

   Milli kinomuzun inkişaf etdirilməsi istiqamətində də məqsədyönlü işlər görülmüşdür. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq kinonun bütün istiqamətlər üzrə inkişaf etdirilməsinə yönəldilən tədbirlər həyata keçirilməkdədir. Dövlət Proqramı çərçivəsində Dövlət Film Fondunun (DFF) yeni binası istifadəyə verilmişdir (2009). Beynəlxalq Kinoarxivlər Federasiyasının məlumatında deyilir ki, DFF son illərdə dünyada inşa edilmiş ən uğurlu kino-arxiv binasıdır.

   Son altı ildə dövlət sifarişi ilə 70-dən çox sənədli, 30-dək tammetrajlı film çəkilmişdir. Müqayisə üçün qeyd edək ki, öncəki 10 ildə (1995-2005) ölkəmizdə cəmisi 18 tammetrajlı film çəkilmişdi. Hazırda “Mən evə qayıdıram”, “Dolu”, “Sübhün elçisi”, “Qırmızı bağ”, “Qisasını alıb öl”, “Qorxma, mən səninləyəm -2” filmləri üzərində iş gedir.

   2006-2011-ci illərdə ekran əsərlərimiz 40-a yaxın ölkədə 100-dən artıq festivalda uğurla iştirak etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sahə” bədii filmində rol almış Timur Oduşev 2011-ci ildə ABŞ-ın Los-Anceles şəhərində ”The Young Artist Foundation” tərəfindən keçirilmiş 32-ci “Gənc Hollivud Ulduzları” müsabiqəsinin qalibi elan edilmiş və mükafata layiq görülmüşdür. 2011-ci ilin noyabrında “Buta” filmi Avstraliyanın Kvinslend şəhərində V Asiya-Sakit Okean Kino Akademiyasının “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib elan olunmuşdur.

   2011-ci ildə 64-cü Beynəlxalq Kann kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil olunmuş, “Filmland of Azerbaijan” multimedia kino bələdçisi, milli kinomuzun tarixinə həsr edilmiş “Dövlət Film Fondu təqdim edir” sənədli filmi, “Aktrisa” və “Sahə” bədii filmləri nümayiş olunmuşdur.

   Gənclərin kino yaradıcılığına xüsusi diqqət verilir. Nazirliyin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsi kino sənətimizə müxtəlif qısametrajlı filmlər bəxş edib. Təkcə 2011-ci ildə gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər 25-dən artıq beynəlxalq kinofestivalda göstərilmişdir.

   2011-ci ilin dekabrında «Nizami» kinoteatrının əsaslı təmir-bərpadan sonra açılışı və bu müəssisənin Kino Mərkəzinə çevrilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

  

   Nəşriyyat, reklamın təşkili və informasiya

  

   2006-2011-ci illərdə nazirlik tərəfindən 250-dək adda kitab nəşr edilərək ölkə kitabxanalarına paylanmışdır. Bu kitabların əksəriyyəti Azərbaycan dövlətinin mədəniyyət siyasətinə uyğun olaraq mədəniyyət, incəsənət, və ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması, mədəniyyət və turizm sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri ilə bağlı olmuşdur.

   2011-ci il ərzində nazirliyin dəstəyi ilə 40-a yaxın nəşr layihəsi gerçəkləşmişdir. Bu sırada Üzeyir Hacıbəylinin məqalələrinin toplandığı “Bayrağımız sarsılmaz”, İlyas Əfəndiyev haqqında “Şeirə sığmayan ömür”, ingilis dilində “Azərbaycan miniatür sənəti”, “Azərbaycan nağılları”, “Novruz”, “XX əsr Azərbaycan musiqisi” və s. kitabları misal göstərmək olar.

   Nazirliyin dəstəyi ilə işıq üzü görmüş kitablar sırasında “Vətənin İlhamı. Ömürdən reportaj” kitabı ümumən ölkə nəşrləri üzrə 2011-ci ilin ən uğurlu nəşrlərindən biridir. Burada zəngin faktlarla və fotomateriallarla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət və turizm siyasətinin əsas istiqamətlərindən, əldə olunmuş nəticələrdən bəhs olunur. 2011-ci ildə işıq üzü görən və dövlət müstəqilliyimizin 20 illiyinə həsr olunmuş “Vətənə sevgi çələngi” kitabı da maraqlı nəşrlərdəndir.

   2006-cı ildən başlayaraq Azərbaycan kitabı İsgəndəriyyə (Misir), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Moskva (Rusiya), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) və s. şəhərlərdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında nümayiş etdirilmiş, sərgi ziyarətçilərinin böyük marağına səbəb olmuşdur.

   2009-cu il sentyabrın 10-12-də Bakıda I Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmiş, tədbirdə 20 xarici ölkədən 35-dək, Azərbaycandan isə 60-dan artıq nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etmişdir. 2011-ci il sentyabrın 28-30-da gerçəkləşən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan kitabının beynəlxalq aləmdə təbliği və tanıdılmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə nəşriyyat və poliqrafiya sahəsinin bugünkü inkişaf səviyyəsinin bariz göstəricisi olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə 100-dən çox yerli, 30-a yaxın xarici nəşriyyat-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak etmişdir.

   2009-cu ildə nazirlik tərəfindən “Qızıl Kəlmə” Ədəbi Mükafatı təsis edilmiş və mükafatlar ilk qaliblərinə təqdim olunmuşdur. İki ildən bir keçirilən müsabiqənin ikincisi 2011-ci ildə gerzəkləşmişdir. Eyni zamanda Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin yubileyləri ilə bağlı bir sıra tədbirlər və təqdimat mərasimləri keçirilmişdir.

  

   Elm və təhsil

  

   Ötən müddətdə elm və təhsil sahəsində də geniş tədbirlər, çoxsaylı layihələr həyata keçirilmiş, o cümlədən uşaq və gənclərin yaradıcılığının inkişafı, musiqi, incəsənət, rəssamlıq məktəblərinin yenidən qurulması, maddi-texniki təchizatı hər zaman diqqət mərkəzində olmuşdur. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” çərçivəsində yenidən qurulan Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi, Siyəzən Rayon Uşaq İncəsənət Məktəbinin yeni binası ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Bakının Binə qəsəbəsində yeni istifadəyə verilmiş Mədəniyyət Mərkəzinin açılışında Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Yardımlı Rayon Uşaq Musiqi Məktəbinin yeni binası, habelə Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin və Bakı şəhər Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin binaları əsaslı təmirdən sonra istifadəyə verilmiş, Göygöl rayonunun Xaqani kəndində yeni uşaq musiqi məktəbi açılmışdır.

   2010-cu ildə Azərbaycan Turizm İnstitutunun ilk buraxılışı (74 nəfər) olmuş, 2011-ci ildə institutu 192 nəfər bitirmişdir. Turizm İnstitutu ilə Avstriyanın Krems Universiteti arasında akademik anlaşmaya əsasən, bu məzunların müvafiq olaraq 14-ü (2010) və 33-ü (2011) Krems Universitetinin də diplomunu almışdır. 2006-2011-ci illərdə Mingəçevir Turizm Kollecini 2424 nəfər, o cümlədən 2011-ci ildə 527 nəfər bitirmişdir.

   Ötən 6 ildə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərini ümumilikdə 69,9 min nəfər, o cümlədən 2011-ci ildə 11,3 min nəfər bitirmişdir. Bu müddətdə Bakı Xoreoqrafiya Məktəbini 191 tələbə (klassik rəqs - 61, xalq rəqsi - 130), o cümlədən 2011-ci ildə 27 nəfər (klassik rəqs - 8, xalq rəqsi - 19) başa vurmuşdur. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərini, Bakı Xoreoqrafiya Məktəbinin 36 müəllimi Azərbaycan Respublikasının fəxri adlarına və mükafatlara layiq görülmüşdür.

   Ölkə başçısının müvafiq sərəncamları ilə Bakı Xoreoqrafiya Məktəbinin, uşaq musiqi və incəsənət məktəblərinin 32 şagirdi (2007-ci ildə 7, 2008-ci ildə 11, 2009-cu ildə 4, 2010-cu ildə 5, 2011-ci ildə 5 nəfər) Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılmışdır. Hazırda nazirliyin dəstəyi ilə bir neçə Prezident təqaüdçüsü İtaliya, Rusiya, İsveçrədə təhsillərini davam etdirirlər.

   Hər il yeniyetmə istedadlarımız beynəlxalq müsabiqələrdə uğurla iştirak edirlər.

   Eyni zamanda respublikamızda keçirilən müxtəlif müsabiqə və baxışlar yeniyetmə istedadların üzə çıxmasına təkan verir. 2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi, Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi, Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi, uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı respublika müsabiqəsi keçirilmişdir.  

 

   Turizm

  

   Son altı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi, turizm sahəsində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, ötən dövrdə Proqram çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

   Ölkə başçısının 15 fevral 2011-ci il tarixli sərəncamı ilə 2011-ci ilin Azərbaycan Respublikasında “Turizm ili” elan edilməsi bu sahəyə dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, turizmin inkişafında yeni mərhələ açmışdır. İl ərzində respublikamızda yeni hotellər (o cümlədən Bakıda dünya brendli üç beşulduzlu hotel), istirahət mərkəzləri, turizm müəssisələri istifadəyə verilmişdir.

   Son altı ildə respublikamızda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78% artaraq 2006-cı ildəki 285-dən 2011-ci ildə 508-ə çatmışdır.

   Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2006-cı ildə 1,262 milyon, 2007-də 1,333 milyon, 2008-də 1,899 milyon, 2009-da 1,830 milyon, 2010-cu ildə 1,963 milyon nəfər olmuşdur. 2011-ci ilin yekunlarına görə, ölkəmizə 2 milyondan çox xarici ölkə vətəndaşı gəlmişdir. Ümumilikdə 2006-cı ildən ötən müddətdə ölkəmizə gələn əcnəbilərin sayı 55 faizdən çox artmışdır.

   Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Son 6 ildə nazirliyin iştirak etdiyi beynəlxalq turizm sərgilərinin coğrafiyası genişlənmiş və il ərzində iştirak etdiyimiz sərgilərin sayı 19-a çatmışdır (London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, İstanbul, Tokio, Dubay və s.).

   2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. Bunların sırasına “CNN”, “Euronews” “National Geographic”, “Travel Channel”, “CNN”, “Euronews”, “BBC” və “CNBC” kimi nüfuzlu televiziya kanalları daxildir.

   2011-ci ildə Böyük Britaniyanın “Voyager” bort jurnalının mart, may, sentyabr, oktyabr, noyabr buraxılışlarında, “ABTA” jurnalında, Fransanın məşhur “Le Nouvel Economist” qəzetində respublikanın turizm imkanları haqqında reklam səhifələri verilmiş, Ukraynanın milli telekanalında reklam çarxı yayımlanmışdır. Rusiyanın “Grand Fair” şirkəti tərəfindən Azərbaycan haqqında rus dilində “Tomas Kuk” bələdçisi hazırlanır. Ölkəmizin turizm imkanlarının xarici ölkələrdə geniş təbliğ olunması məqsədilə Fransanın, İspaniyanın qabaqcıl kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Azərbaycan Respublikasına müvafiq marşrut üzrə press-turlar təşkil olunmuşdur.

   2011-ci ildə ölkəmizə səyahət etmək istəyən turistlərin və hər bir Azərbaycan vətəndaşının tələbinə cavab verə biləcək səviyyədə məlumatlara və xidmətlərə malik olan GoMap.Az Turizm Naviqasiya portalı istifadəyə verilmişdir.

   Ənənəvi “AİTF” - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə hər il daha çox xarici şirkət qatılır. Eyni zamanda 2010-cu ildən keçirilən Ümumrespublika Daxili Turizm Sərgisi ölkəmizin turizm imkanlarını, regionlarda turizmin inkişafı ilə bağlı görülən işləri nümayiş etdirir. 2011-ci ilin aprelində keçirilən daxili turizm sərgisində Azərbaycanın turizm potensiallı 15 bölgəsi təmsil olunmuşdur. 2011-ci ildə “Turizm ili” ilə bağlı Tədbirlər Planına əsasən, qonşu dövlətlərin nümayəndələrinin iştirakı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunun 2010-cu ildə ilk buraxılışı olmuşdur. 2011-ci ildə həmçinin ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılmışdır. Bundan əlavə, 5 rayonda regional məktəblərin yaradılması nəzərdə tutulur.

  

   Beynəlxalq əlaqələr və mədəniyyət proqramları

  

   2006-2011-ci illərdə Azərbaycan ilə xarici ölkələr arasında mədəniyyət və turizm sahələrində 100-dək ikitərəfli əməkdaşlıq sazişi və ya digər sənədlər imzalanmışdır. Bu müddətdə Azərbaycan dünyanın 70-dən çox ölkəsi, habelə BMT, MDB, İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO, TÜRKSOY, GUAM və s. beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahəsində əməkdaşlıq qurmuşdur. Beynəlxalq əlaqələr çərçivəsində keçirilən tədbirlər Azərbaycanın dünyada təbliğinə mühüm töhfədir.

   2006-cı ilin oktyabrında Parisdə UNESCO-nun Baş Qərargahında təşkilatın 60 illiyinə həsr olunmuş həftə çərçivəsində “Azərbaycan: sivilizasiyalar və mədəniyyətlərin kəsişməsində” mövzusuna həsr olunmuş tədbir təşkil edilmişdir. Həmin ilin sentyabrında Bakıda İslam Konfransı Təşkilatı ölkələrinin Turizm Nazirlərinin V Konfransı keçirilmişdir. 2007-ci ilin fevralında Parisdə UNESCO-nun Baş Qərargahında görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 100 illik yubileyi qeyd olunmuşdur.

   Azərbaycanın təşəbbüsü ilə 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin 1-ci Konfransı keçirilmişdir. Tədbir mədəniyyətlərarası dialoq mövzusunda Avropa Şurasına və İSESCO-ya üzv dövlətlərin birgə iştirakı ilə keçirilən ilk Nazirlər Konfransı olmuşdur. Konfransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına dair “Bakı prosesi”nin əsası qoyulmuşdur.

   2008-ci ildə UNESCO-nun qərargahında Mir Cəlal Paşayevin və “Leyli və Məcnun” operasının 100 illik yubileyləri təşkil olunmuşdur.

   2009-cu ildə Bakı şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Il ərzində 100-dən çox milli və beynəlxalq tədbir təşkil edilmişdir. “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ili çərçivəsində Bakı şəhərində İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı (13-15 oktyabr), TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının XXVI toplantısı (16-17 oktyabr) keçirilmişdir.

   2009-cu ildə Azərbaycan Aşıq sənəti və Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildə Azərbaycan Xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilmişdir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və himayəsi ilə 7-9 aprel 2011-ci il tarixində Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu geniş beynəlxalq rezonans doğurmuşdur. Bu forum dünyada yeganə beynəlxalq tədbirdir ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi kimi nüfuzlu beynəlxalq qurumlar onun təşkilində əməkdaşlıq edir. Forumda 100-dən çox ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak etmişdir. Forumun iki ildən bir Bakıda keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 27 may 2011-ci il tarixli Sərəncam ölkəmizin bu sahədə qlobal mərkəzə çevrilməsinə daha da böyük imkanlar açmışdır.

 

   Regionlarla iş

  

   Ötən altı il Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri də bölgələrlə bağlı olmuşdur. Bu müddətdə regionlarda mədəniyyət və turizmin inkişafına xüsusi diqqət yetirilmiş, bir çox maraqlı layihələr həyata keçirilmişdir. Regionlarla iş barədə danışarkən yerlərdə gənc nəslin mədəni tərbiyəsi sahəsində görülən işləri, uşaq və yeniyetmə ifaçıların iştirakı ilə müxtəlif müsabiqələrin keçirilməsini ayrıca qeyd etmək lazımdır.

   2006, 2008 və 2010-cu illərdə Astara şəhərində Uşaq muğam ifaçılarının III, IV və V respublika müsabiqələri keçirilmişdir. 2008-ci ildə Sumqayıt, Xırdalan, Şəki şəhərlərində və Şamaxı, Qəbələ, Balakən rayonlarında, 2010-cu ildə isə Lənkəran şəhərində, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında müsabiqə qaliblərinin konsertləri təşkil olunmuşdur. Həmin illərdə Gənc aşıqların Aşıq Şəmşir adına III, IV və V respublika müsabiqələri gerçəkləşmiş, Bakı şəhərində R. Behbudov adına Mahnı Teatrında və Gəncə Dövlət Dram Teatrında müsabiqə qaliblərinin təltif olunma mərasimləri və onların iştirakı ilə konsertlər keçirilmişdir.

   2011-ci il ərzində ölkənin regionlarının da mədəni həyatına, turizminin inkişafına xüsusi diqqət ayrılmışdır. Masallı, Oğuz şəhərlərində folklor kollektivlərin respublika baxış-müsabiqəsi, Salyan, Sabirabad, Saatlı, Beyləqan şəhərlərində və Ağcabədi rayon Taxtakörpü qəsəbəsində incəsənət ustalarının iştirakı ilə “Novruz şənliyi”, Ucarda Milli musiqi alətləri ifaçılarının V respublika müsabiqəsi keçirilmiş, Lənkəranda, Xaçmazda rəssamların səyyar yaradıcılıq emalatxanaları, Lerik, Yardımlı, Xızı, Şabran, İsmayıllı rayonlarında yaradıcılıq görüşləri, Gəncədə, Qazaxda rəsm əsərlərindən ibarət sərgilər təşkil edilmişdir.

   İsmayıllıda keçirilmiş “Sənətkarlar bayramı”nda Şəki və Mingəçevir şəhərlərinin, Qəbələ, Oğuz, Ağsu, Şamaxı, Göyçay rayonlarının bədii-özfəaliyyət kollektivlərinin çıxışları və xalq sənətkarlarının əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

  

   İnvestisiya və texniki proqramlar

  

   2006-2011-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi üzrə tikinti, təmir-bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş obyektlərin siyahısı bu sahədə görülən genişmiqyaslı işlərin bariz mənzərəsidir.

   2006-cı ildə 4 obyekt (Bakıda Azərbaycan Dövlət Uşaq Filarmoniyası, L. və M. Rastropoviçlərin ev-muzeyi, Qusar rayon Həzrə kəndində «Şeyx Cüneyd» türbəsi, Balakən şəhərində Uşaq kitabxanası), 2007-ci ildə 8 obyekt (Üzeyir Hacıbəylinin ev-muzeyi, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Bakı şəhər 13 nömrəli Uşaq Musiqi Məktəbi, Dəvəçi Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Hacıqabul rayon Qubalı Baloğlan kəndindəki «Pir Hüseyn» xanəgahı, Quba rayonunda Rustov kənd məscidi, Qəbələ rayon Həzrə kəndindəki Türbələr kompleksi, Astara rayon Ərçivan kəndində Ləm), 2008-ci ildə 7 obyekt (Bakıda Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Bakı şəhərində Muğam Evi, Şamaxı şəhərində Mədəniyyət Evi, Zərdab şəhərində Uşaq İncəsənət Məktəbi, Balakən şəhərində Minarəli məscidi, Qax rayonunda İlisu Dövlət Tarix Mədəniyyət Qoruğundakı «Sumuq qala» abidəsinin və ətraf ərazinin seldən mühafizə edilməsi üçün sahilbərkitmə işləri) istifadəyə verilmişdir.

   2009-cu ildə Azərbaycan Dövlət Film Fondunun yeni binası fəaliyyətə başlamış, 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası əsaslı təmir-bərpadan sonra qapılarını sənətsevərlərin üzünə açmışdır.

   2011-ci il də bu sarıdan yaddaqalan olmuş, 7 obyekt, o cümlədən Bakıda “Nizami” Kino Mərkəzi, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbi, Dövlət Mahnı Teatrı, habelə Qobustan Milli Tarix-Bədii Qoruğunda muzey və inzibati bina, Mingəçevir Dövlət Dram Teatrı, Salyan rayonunda \"Cümə\" məscidi, Şəki şəhərində Nakam adına şəhər kitabxanası istifadəyə verilmişdir.

   Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyinin keçid korpusunda tikinti, ”Şahdağ” Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi üzrə tikinti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında yenidənqurma və s. işlər davam etdirilir.

  

   Fədakar əməyə verilən yüksək qiymət

  

   Mədəniyyət və turizmin inkişafından danışarkən bu sahədə çalışan insanların, cəmiyyətin sosial-iqtisadi və mədəni inkişafına təkan verən, onu tərəqqiyə doğru istiqamətləndirən qüvvənin - məmur kadrların rolunu qeyd etməmək olmaz. Mədəniyyət və turizm sahəsində dövlət kadr siyasətinin həyata keçirilməsi istiqamətində ötən müddətdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestrinin aparılması Qaydaları»nın və bu məsələyə aid digər normativ-hüquqi aktların icrası ilə bağlı zəruri işlər görülmüşdür.

   Bu sahədə çalışan insanların, mədəniyyətimizi tanıdan, təbliğ edən, onun inkişafına töhfələrini əsirgəməyən şəxslərin yaradıcı əməyi, fədakar işi dövlətimiz tərəfindən də daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-2011-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən 1174 nəfər mədəniyyət və incəsənət işçisi orden, medal və fəxri adlarla təltif olunmuşdur. Onlardan 20 nəfəri Mədəniyyət və Turizm Nazirliyinin Aparatında çalışan əməkdaşlardır.

  

   Son olaraq

   

   Bütün bu və ölkəmizin mədəni həyatında, turizm sektorunda adlarını bir yazıya sığışdıra bilmədiyimiz onlarla digər tədbirin işıqlandırılması, təbliği və cəmiyyətə çatdırılması işində “Mədəniyyət” qəzeti olaraq bizim də üzərimizə böyük məsuliyyət və vəzifələr düşüb. Ötən müddətdə bu məsuliyyət yükünü layiqincə daşımağa, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi genişmiqyaslı işlərə öz töhfəmizi verməyə çalışmışıq.

   Qarşıdakı illərdə ölkəmizdə həm mədəniyyət, həm də turizm sahəsində daha böyük işlər, geniş layihələr həyata keçiriləcək. Bu inkişaf və tərəqqi mədəniyyətimiz üçün də yeni üfüqlər deməkdir.

  

 

   Mədəniyyət.- 2012.- 1 fevral.- S. 8-10.