Yaradıcı
gənclərimizlə qürur duyuruq
1996-cı il fevralın 2-də Azərbaycan
gənclərinin ümumrespublika forumu keçirildi. Bu,
müstəqillik dövründə ölkə gənclərinin
ilk böyük toplantısı idi. Forumda ümummilli lider Heydər
Əliyev iştirak etmişdi. Prezident Heydər Əliyevin
1997-ci ildə imzaladığı fərmanla 2 Fevral Azərbaycanda
Gənclər Günü elan edildi. Beləcə, Azərbaycanın
təqviminə daha bir əlamətdar tarix əlavə olundu.
2 fevral ölkəmizdə gəncliyin bayramı kimi qeyd
olunmaqla yanaşı, ayrı-ayrı sahələrdə
çalışan gənclər üçün də əldə
etdikləri nailiyyətlərin nümayişi, təqdimatı
üçün mühüm bir fürsətdir.
Bu gün ölkəmizdə gənclərin yaradıcılıq imkanlarının realizə olunması, onların müxtəlif sənət layihələrində fəal iştirakı üçün hər cür şərait yaradılıb, gənclərlə iş dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Gənclərin mənəvi və mədəni inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xaricdə təhsil alması, gənclər təşkilatlarının fəaliyyətinə yaradılan şərait, dövlət tərəfindən verilən dəstək gənclərimizi daha da ruhlandırır, yeni uğurlara təşviq edir.
Mədəniyyət sahəsində də istedadlı, bacarıqlı gənclərimiz hər zaman dövlətin diqqət və qayğısını hiss edirlər. Musiqi, rəssamlıq, kino və digər sahələrdə gənclərimizin uğurları müntəzəm olaraq mediada işıqlandırılır, geniş ictimaiyyətə çatdırılır. Gənclər günü ərəfəsində biz də onların bir neçəsi ilə görüşüb fikirlərini, ürək sözlərini dinlədik.
Fariz Əhmədov (kinorejissor)
1983-cü ildə Bakıda anadan olub. Mədəniyyət və İncəsənət
Universitetini bitirib.
“Miras”, “Kiçik əmanət”, “Lahıc ritmləri” və s. filmlərin rejissorudur. Bir çox beynəlxalq müsabiqələrin qalibidir.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi
ilə Rusiya Dövlət Kinematoqrafiya Akademiyasında kinorejissor ixtisası üzrə təhsil alır.
- 10 ilə yaxındır kino sahəsində çalışıram.
Sənətə gəldiyim
ilk gündən dövlətin
qayğısını üzərimdə
hiss etmişəm. Moskvada təhsil
almağım da bu qayğının bariz nümunəsidir.
2011-ci ildə “Bu meydan, bu ekran”ın
qalibi olmuş “Mayak” filminin çəkilişlərini başa
vurmuşuq, ikinci sənədli film üzərində
çalışırıq. Bilirsiniz ki, bu layihə
də gənc kino mütəxəssislərinə
dəstək məqsədi
daşıyır. Bu gün mədəniyyətin
digər sahələrində
olduğu kimi, kinoda da gənclərin
yaradıcılığına dəstək verilir. Hər il
müxtəlif layihələr
çərçivəsində dövlət dəstəyi
ilə istehsal olunan ekran əsərləri
arasında gənc müəlliflərin də
adlarına rast gəlirik.
Kino yaradıcılıqla
yanaşı həm də sənayedir. Rəssamlıqdan, bəstəkarlıqdan fərqli olaraq kino daha çox
maliyyə tələb
edən sahədir.
Dünyanın heç bir
ölkəsində birbaşa
və birdəfəlik
qaytarılmamaq şərtilə
kinoya dəstək layihələri yoxdur.
Azərbaycanda yaradılmış belə bir şəraitdən
biz gənclər layiqincə
bəhrələnməli, xaricdə
ölkəmizi layiqincə
təmsil etməli, öz potensialımızı
nümayiş etdirməliyik.
Bizə göstərilən dəstək
və qayğıya görə dövlətimizə,
əlaqədar qurumlara
öz təşəkkürümüzü
bildiririk. Bütün yaradıcı
gəncləri təbrik
edirəm.
Gümrah Ömər (teatr rejissoru)
Mədəniyyət və İncəsənət
Universitetini bitirib.
Milli Dram, Gəncə,
“Yuğ” teatrlarında,
Estoniya teatrında tamaşalar səhnələşdirib.
- Çox sevindirici haldır ki, bu gün
gənclərin üzərinə
məsuliyyətli işlər
düşür. Gəncə Dövlət
Dram Teatrı kimi böyük sənət ocağında baş rejissor vəzifəsində
çalışmaq mənim
üçün böyük
məsuliyyətdir. Bu,
əlbəttə, dövlətin
biz gənclərə göstərdiyi
etimaddır. Gənc həmkarlarımdan
Mingəçevir teatrında
çalışan Günay
Səttarovanın, Lənkəran
teatrından Tural Mustafanın adlarını
qeyd etmək istərdim. Bu mənada son dövrlərdə
gənc nəslə ayrılan diqqət çox təqdirəlayiqdir.
Bizi dünyaya tanıdan
“Eurovision” mahnı müsabiqəsindəki
qalibiyyətimiz də
gənclərə göstərilən
qayğının bariz
nümunələrindən biridir. Vaxtında göstərilən etimad öz nəticəsini verdi və
bu iki gənc
öz potensialını
nümayiş etdirərək
ölkəmiz adına
nailiyyətə imza atdı.
Bu gün
dövlətin gənclərlə
bağlı bir sıra proqram və layihələri uğurla həyata keçirilir. Düzdür, həyat çətindir, atdığımız hər
bir addımda uğur da olur,
uğursuzluq da. Amma dövlət dəstəyi
nəticəsində uğurlarımızın
sayı daha çoxdur. Biz cəmiyyət olaraq ən gözəl dövrlərimizdən birini
yaşayırıq və
bundan qürur duymaq lazımdır.
Biz elə bir
xalqıq ki, elm, mədəniyyət sahəsində
inteqrasiyaya da, yeniliklərə uyğun düşüncə tərzinə
də qadirik. Arzu edək ki, gənclərimizi
mənfi tendensiyalardan
qoruya bilək. Cəmiyyət olaraq öz
gəncliyimizin tərbiyəsində
və düşüncəsində
onların yanında olaq. Nə qədər onlara
dəstək olsaq, işlərimiz bir o qədər səmərəli
olacaq. Bu baxımdan gələcəyə
baxışımda fikirlərimdə
çox nikbinəm və bütün gənc həmkarlarımı
bayram münasibətilə
təbrik edirəm.
Azər
Rzazadə (vokalist)
İtaliyada
təhsil alır. Beynəlxalq müsabiqələr
laureatıdır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Bir çox tamaşalarda
əsas partiyaları ifa edib. Qəbələ Beynəlxalq Musiqi
Festivalının iştirakçısıdır.
- Son illərdə
ölkəmizdə keçirilən
musiqi festivallarının
sayı ilbəil çoxalır. Bu sahə nəzərdən
kənarda qalmır.
Opera tamaşaları, klassik konsertlər təşkil olunur. Elə təkcə onu qeyd edim ki,
son bir ayda - yanvar ayı ərzində Dövlət
Filarmoniyasının səhnəsində
6-7 konsertdə çıxış
etmişəm. Belə hesab
edirəm ki, bu həm gəncliyə,
həm də musiqimizin inkişafına böyük diqqətin nəticəsidir. Çox şadam
ki, son illərdə ölkəmizdə klassik musiqiyə maraq artıb. Bu biz gənclərə fayda verir. Biz opera səhnəsində çalışanlar
istəyirik ki, özümüzün bütün
potensialımızı tam olaraq
nümayiş etdirə
bilək. Üç ilə
yaxındır ki, səhnədəyəm, bu
müddət ərzində
mədəniyyət sahəsində
gənclərin qazandıqları
uğurların şahidi
olmuşam. Söhbət təkcə vokaldan getmir. İtaliyada təhsil alıram,
ölkəmizi xarici festivallarda layiqincə təmsil etmək istəyirəm. Hər
bir gəncin yolu uğurlu olsun!
Aynur İsgəndərli (vokalist)
Mədəniyyət və İncəsənət
Universitetinin solo-oxu fakültəsini bitirib.
Hazırda Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında vokal şöbəsində təhsil
alır. Şanxayda keçirilən 8-ci Beynəlxalq
Asiya Festivalı, Riqada “Atlantic breeze” yarışması
və s. festivalların
laureatıdır.
- Dayanmadan öz üzərimdə çalışıram. Ən böyük arzum ölkəmizi beynəlxalq festival və müsabiqələrdə layiqli təmsil etmək, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmaqdır. Respublikanın bütün gənclərini təbrik edirəm.
Emin Zeynalov
(pianoçu)
1984-cü ildə anadan olub. 2000-ci ildə Ü.Hacıbəyli adına Musiqi Akademiyasına daxil olub. Professor Rafiq
Qarayevin tələbəsi
olub. Bir çox respublika
və beynəlxalq musiqi müsabiqələrinin
qalibidir. Moskva Dövlət
Konservatoriyasını fərqlənmə
diplomu ilə bitirib. Aspiranturada təhsil alır.
Tez-tez konsert proqramları ilə çıxış
edir. İstedad və bacarığının
hər zaman dəyərləndirildiyini bildirir.
Rusiyada olduğu üçün
çox zaman onu Rusiya təmsilçisi
kimi təqdim edən mediadan da gileyləndi.
- Mən azərbaycanlıyam, istər
Rusiyada, istərsə
də xaricdə hər zaman öz ölkəmin adından çıxış
edirəm və bütün uğurlarım
Azərbaycanın adı
ilə bağlıdır.
Bakı Musiqi Akademiyasında yeni yaranan kamera
orkestrinə dəvət
almışam. Mart və aprel aylarında
Bakıda, iyun ayında isə Almaniyada konsertlərim nəzərdə tutulub.
İstedadlı gənclərimiz çoxdur. Bu gənclərə imkan yaratmalıyıq ki, özlərini daha yaxşı tanıda bilsinlər.
* * *
Azərbaycanda gəncliyə dövlət
qayğısı sabahın
uğurlarına hesablanan
bir siyasətdir.
Bu siyasət sağlam
və intellektual nəslin formalaşmasına
xidmət edir. Bütün yaradıcı gəncləri
təbrik edir, onlara yeni-yeni sənət uğurları
arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 1 fevral.- S. 11.