“Uşaqlıqda
riyaziyyata meyilli idim, amma sonda
teatra bağlandım”
Fevralın 1-də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
aktyoru Natiq Fərzəliyevin 50 yaşı tamam olur. Aktyorun 50
illik yubileyi yaradıcılığının 30 illiyi ilə
üst-üstə düşür. Bu münasibətlə
onunla görüşüb, keçdiyi ömür və sənət
yoluna nəzər saldıq.
Natiq Fərzəliyev 1962-ci il
fevralın 1-də Yevlax rayonunda anadan olub. 1987-ci ildə
İncəsənət İnstitutunun mədəni-maarif
fakültəsini bitirib. 1981-ci ildən Dövlət Gənclər
Teatrında aktyor kimi çalışıb. 2009-cu ildən isə
Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Mirzə Fətəli Axundovun «Hekayəti-xırs-quldurbasan»
tamaşasında Meymun, Cəlil Məmmədquluzadənin
«Qurbanəli bəy» tamaşasında Aşpaz, Abdulla Şaiqin
«Tıq-tıq xanım» tamaşasında Şirxan, Kamal
Abdullanın «Sevirəm səni, Türkiyə»
tamaşasında Bəstəçi, Vilyam Şekspirin «Yay gecəsində
yuxu» tamaşasında Cırtdan Piter, Vaqif Səmədoğlunun
«Mamay kişinin yuxuları»nda Dayı və s. rolları maraqla
qarşılanıb. Bəstəboylu aktyor yaratdığı
özünəməxsus rolları ilə həmişə
sevilib. Yetərincə uğurlu tamaşalarda və televiziya
tamaşalarında rol alan aktyorun çətinlikləri də
çox olub.
- 50 yaşınızı
yaradıcılığınızın 30 illiyi ilə eyni
vaxtda qeyd etmək necə bir hissdir?
- İnanın ki, hələ bu hissin
nə demək olduğunu özüm də dəqiq bilmirəm.
Çünki son günlər yubiley tədbiri ilə
bağlı işlərə başım çox
qarışmışdı. Bilirsiniz ki, yubiley günü,
fevralın 1-də teatrda Sərvər Əliyevin quruluşunda
«Yerə, göyə sığmayan» tamaşasında
oynayacağam. Bu tamaşanı Teatr Xadimləri
İttifaqında keçirilən festivalda
oynamışdım. Bu dəfə isə benefis tamaşa kimi
oynayıram. Bütün bunlardan sonra yəqin 50 yaşın nə
demək olduğunu anlayaram. Ümumiyyətlə, yubiley və
ya adi ad günləri olanda həmişə dostlara uğurlu
il arzulayıram. Ad günündə insanlar adətən həm
sevincli, həm də kədərli olurlar. Qocalırsan deyə
kədərlənirsən. İnsanın həyatında
yaxşı və ağır günlər olur. Əsas odur
ki, ağır günlər arxada qalsın, qarşıda sənə
yaxşı günlər nəsib olsun. Qoy hər kəsin ad
günləri onun həyatını yaxşılığa
doğru dəyişsin. Mən yaşadıqlarımdan deyə
bilərəm ki, insan üçün ən yaxşı
şey cansağlığıdır. Hər şeyi əldə
etmək olar. Cansağlığı isə ən
böyük xoşbəxtlikdir.
“Boyum balaca olduğuna görə çox fikir edirdim”
- Necə oldu ki, aktyorluğa
marağınız yarandı?
- Yevlaxda məktəbin 4-5-ci sinfində
oxuyarkən şagirdləri
dərnəyə üzv
qəbul edirdilər. Mən də dərnəyə üzv yazıldım.
Boyum balaca olduğuma görə valideynlərim
narahat olurdular. İstəyirdilər ki, şənlənim,
yoldaşlarım arasında
olum. Mən həmişə bir küncə çəkilir, kimsə mənə baxıb gülər deyə çox sıxılardım.
Boyum balaca olduğuna görə çox fikir edirdim. Ona görə valideynlərim
dərnəyə üzv
yazılmağıma çox
sevindilər. Dedilər, qoy
qaynayıb-qarışsın, dərnəkdə uşaqlarla
əylənsin. Dərnəyə gedə-gedə rayondakı
bütün tədbirlərdə
çıxış edirdim.
7-ci sinfə qədər
rəqs, dram dərnəyinə
getdim. Yaxşı rəqs edirdim.
O vaxt rayon Mədəniyyət
Şöbəsinin müdiri
Əlfaim İsmayılovun
təşəbbüsü ilə Bəşir Səfəroğlu adına Yevlax Şəhər Xalq Teatrı yaradılmışdı.
Bir gün o, təsadüfən
mənimlə rastlaşdı
və qolumdan tutub apardı otağına. Dedi, sən bu gündən
Xalq Teatrında çalışacaqsan. O zaman
bu teatrın böyük kollektivi var idi. Festivallarda uğurla
çıxış edirdi.
Beləcə, mən də
kollektivin üzvü oldum. Bu kollektivlə
respublikanın hər
yerində, hətta Gürcüstanda tamaşalar
oynamışıq. Onu da deyim ki, uşaqlıqda
riyaziyyata da meyilli idim, olimpiadalara
gedirdim. Amma vəziyyət
elə gətirdi ki, elə uşaq
vaxtından teatra bağlandım və məktəbi bitirəndən
sonra İncəsənət
Universitetinə daxil oldum.
- O zaman belə qənaətə gələ bilərik ki, siz bəstəboy
olmasaydınız aktyorluğu
deyil, başqa sahəni seçərdiniz?
- Bu barədə
fikirləşməmişəm. Həyat öz axarı ilə gedirdi və mən bir də gördüm
ki, səhnədəyəm.
Bəlkə də hündürboy
olsaydım başqa sənəti seçərdim.
30 ildən sonra
bu suala cavab vermək çətindir.
“Həyatımda həm komik, həm də tragik hadisələr olub”
- Tragikomik aktyorun həyatında tragik, ya komik
hadisələr çox
olub?
- Mən həyatda ciddi olmağı sevirəm. Şitlikdən xoşum gəlmir.
Artist səhnədə
artist olar, küçədə
yox. Harada oluramsa olum, bu qaydalara riayət
etməyə çalışıram.
Həyatımda həm komik,
həm də tragik hadisələr olub. Tragik hadisə ayaqlarımın
sınması və xəstəxanaya düşməyim
olub. O vaxt yaxınlarım, dostlarım
məni darıxmağa
qoymadılar. Amma 2 il yataqda
qalmaqla hər şeydən təcrid olundum. Bu mənim
üçün faciə
idi. Hətta inanmırdılar ki, mən yenidən
gəzə bilərəm.
Məni müalicə
edən həkim də deyirdi ki, ola bilər mən şikəst qalaram. Atamı itirmək də mənim faciəm idi.
Xoşbəxt günlərim isə
ailə qurmağım,
oğlumun dünyaya gəlməsi idi. O dünyaya gələndə
az qala
yerişimi də itirmişdim. Ata olduğuma
inana bilmirdim. Bu hissləri sözlə
ifadə etmək çətindir. Qızım dünyaya
gələndə daha
çox sevindim.
Qız uşaqları şirin olur və insana
şirin anlar nəsib edir.
- Seçim imkanı olsaydı, tragik, ya komik
rolları seçərdiniz?
- Aktyor üçün fərqi yoxdur. O hər ampluada özünü sınamalıdır. Bu baxır rejissorların seçiminə. Bizim bəzi
rejissorların bir xüsusiyyət var. Onlar aktyorları qəlibə salırlar. Elə olur ki, bir aktyora eyni
xarakterli rollar verirlər. Dəyişiklik üçün fərqli rollar versələr daha yaxşı olar.
- Sizə ən yaxın və ən uğur gətirən obraz hansılardır?
- Aktyor üçün oynadığı
bütün rollar əzizdir. Hər bir rol üçün əziyyət
çəkirsən. Oynadığım rolların çoxu mənə uğur gətirib. Məni ilk dəfə tanıtdıran
«Polismen» klipi olub. Bu, Azərbaycanda
çəkilən ilk klip
idi, onu vaxtilə populyar olan «Karvan» qrupu
çəkmişdi. Bu
klipdə rol almaqla tanındım.
Sonra televiziyada Şərif Qurbanəliyevin çəkdiyi
«Yarımştat» tamaşasında
oynadım və bu tamaşa da məni tanıtdı.
Teatr tamaşalarından isə
Əli Əmirlinin «Onun iki qabırğası»
əsərində professoru
oynayırdım. Bu tamaşanı 100 dəfədən
çox oynamışıq.
Şekspirin «Tədbirə qarşı
tədbir» əsərində
oynadığım Pompey də
maraqlı obraz idi. Həmçinin Əli Əmirlinin
«Varlı qadın» əsərindəki rol məxsusi mənim üçün yazılmışdı.
Özümü oynadığım tamaşa da olub. Azərbaycan Televiziyasında böyük
redaktor işləyən
Maarif Məmmədov bir gün «Sovqat»
adlı əsərini
mənə verdi.
Əsəri oxudum və dedim ki,
elə bu mən özüməm. «Sovqat»ın film-tamaşasını
çəkdik. Xarakterim, təbiətim
necədirsə, canlandırdığım
obraz da elədir. Sonra Lənkəran teatrında
filmin səhnə variantı hazırlandı,
2011-ci ildə tamaşanı
uğurla təhvil verdik. Onu deyə bilərəm
ki, tamaşa çox maraqlı alınıb. Bu tamaşanı yaxın vaxtlarda Bakıda oynayacağam.
- Bir müddət qəzetdə
jurnalist kimi fəaliyyət göstərmisiniz.
Həmin
illər həyatınızda
nə ilə yadda qalıb?
- Çox az müddətdə
- bir ilə yaxın bu işlə
məşğul olmuşam.
1992-1993-cü illərdə
«Azad söz» qəzetində
həm də məsul katib kimi çalışırdım,
həm də xırda yazılar yazırdım. Həmin vaxtlarda
Aktyorlar Evində yerləşən Gənclər
Teatrına gəlib-gedirdim.
Hüseynağa müəllim məni
teatra dəvət etdi. Bu dəvət
mənim teatrda yeni-yeni rollar oynamağıma səbəb
oldu. Mənim sənət yolumda
Hüseynağa Atakişiyevin
böyük rolu olub. O mənim üçün bir məktəb idi. Xoşbəxtəm ki, bu məktəbi keçmişəm.
Bu bir həqiqətdir
və mən bunu heç vaxt danmamışam.
Başqa
rejissorlar mənim üzümə qapı bağlayıblar ki, bundan aktyor olmaz,
boyu balacadır.
Hüseynağa müəllim isə
içimdən gələni
gördü və sübut elədi ki, heç də barəmdə deyilən kimi deyil. Elə obrazları verdi
ki, başqa rejissor heçə vaxt mənə o rolları həvalə etməzdi. Rejissor olaraq o hiss edirdi ki, hansı aktyor hansı obrazı yaxşı ifa edə bilər.
Ona görə onun tamaşalarının hamısı
uğurlu olurdu.
- Sərbəst
şəkildə həyata
keçirmək istədiyiniz
layihələr var?
- Çoxdandır
ki, televiziyada «Maksi şou» layihəsini həyata keçirmək istəyirəm.
Amma alınmadı. Çünki
bu iş sponsor tələb edir. Sponsor tapmaq isə mənim xarakterimə uyğun deyil. Yumor gecəsi formatınla bir layihə də vardı. Bilirsiniz, bu tip layihələri reallaşdırmaq çətin
məsələdir. Çünki mən şou-biznes deyil, sırf teatrla bağlı veriliş hazırlamaq istəyirdim. Teatr aləmi
başqadır. Mən şou-biznes
adamı deyiləm.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2012.- 1 fevral.- S. 12.