Cismi qürbətdə uyuyan
böyük isim
Şuşa ağrılı,
Bakı azarlı, Paris məzarlı Ceyhun Hacıbəyli...
Onun konservatorial-intellektual
Şuşa ab-havasında tumurcuqlayan ilham “ting”i, ədəbi
ahəngi ölkənin universal-qaynar qafasında - Bakıda
istedadlar çiçəklədi.
Onun publisistik qələmi dövri
mətbuat redaksiyalarında püxtələşdi, intellekti, ədəbi-bədii
qənimətləri, ictimai-siyasi qənaətləri milli
aktlarda, mənəvi aksiyalarda formalaşdı.
Şuşada müəllimsiz -
doğal könül-sənət dərsləri alan, Bakıda
- proletarların qəlbini sarmaqda olan bolşevizmin vəd
etdiyi qəlp siyasət perspektivindən sarsılan gənc ədib
o çağlar Hüqo, Balzak sədalı (və bu
çağlar Sarkozi “brend”li!) Fransaya mühacirət edir...
Deyirlər, Ceyhunun da qəlbi -
böyük qardaşları Üzeyir bəy və
Zülfüqar bəy Hacıbəylilərinki kimi - nəğmə
ilə döyünür, musiqiylə nəfəs
alırmış. Lakin bir çox səbəbdən məram-məqsədini
“sazla” yox, sözlə deməyi qərarlaşdırıb.
Onun təbirincə, bu “səbəblərdən biri də
budur ki, bütün səbəblər və nəticələr
sözlə daha aydın, daha ətraflı ifadə edilir”.
Doğrudan da belədir. Onun qələm
çaldığı “Rusiya demokratları hansı məqamlarda
bolşeviklərlə qovuşurlar?” məqaləsindəki
fikirləri hansı musiqi alətində çalmaq olar?
Böyük istiqlal və himn şairimiz Əhməd
Cavadın faciəvi taleyilə əlaqədar qürbətdə
yazıb çap etdirdiyi “Düşmən tikanları” kimi
elegial, alov saçan düşüncələri, qəlb
sızladan faktları hansı nəğmə taktları ilə
vermək mümkün? Bəzən adama şedevr bir roman qədər
təsir bağışlayan böyük musiqi, bəzən,
heç Ceyhunun “Dağıstan məktəblisi” kimi kiçik
bir şeirinin də yerini vermir...
Onun
qəbri və qədri...
Onun qəbri Parisdədir. O şəhərdə
ki, Hüqonun, Bizenin, Berliozun, Ravelin, Balzakın da məzarları
oradadır. O Balzak ki; “Dahilər ucqarlarda doğulur, Parisdə
ölür” - deyib. O deyim ki, bunu dünyanın bütün məmləkətlərinin
“ucqar-paytaxt” tandeminə şamil etmək mümkün. Və
o “ölülər” ki, bəşəriyyətin bütün
elm, sənət, mədəniyyət olumları onlardan
başlayıb, bu gün də onların bənzərlərinə
bağlıdır və elə elələrilə də davam
edəcək.
Kim ki qəbir-kurqan
kültürünə “...orda alim də uyuyur, gəda da uyur,
“...burda şah da yatır, nökər də yatır” kimi
poetik-ritorik prizmalardan baxır, əlbəttə,
yanılır. Ona görə ki, dəbdəbə mərtəbələriycə
bu dünyadakı “ilk mənzil”lərdən tam fərqlənən
o “son mənzil”lər qiblə və formatca bir-birinə bənzəsələr
də, sakinləri yadigar qoyub gəldikləri milli irs
baxımından bir-birindən çox seçilirlər. Məsələn,
biz hər gün Nizami-Füzulilərin, Şah Xətai-Səttarxanların
və artıq sadaladığım “birgəyatış”lı
fransızların adlarını diri qohum-qövmlərimizdən
də çox anırıq.
O
adlardan...
O ad-sanlardan biri də Ceyhun ki,
topsuz-tüfəngsiz böyük sənət
strategiyasını bolşevizmlə mübarizə
üçün siyasət-qürbət taktikası müstəvisinə
keçirməsəydi, nə özü o qədər istedad
və qabiliyyətlə bu qədər “az” yazıb-yaradar, nə
də qardaşlarını - Üzeyir, Zülfüqar kimi mənşə
və sənət bəylərini hər gün, hər saat
repressiv səksəkələrə düçar etmiş
olardı...
Bizim “arxaik” praqmatiklərimizin belə
bir “məclisi-üns”vari qənaətləri də vardı
ki, o vaxtlar ermənilərin daha çox məhz Qarabağ və
Naxçıvan bölgələrinə köçmə (və
köçürülmə) hədəfi tək elə
perspektiv ərazi qəsbi, eko-bioloji ab-hava həsbi deyil, həm
də bu elatların oturaq mədəniyyətini, əkin-biçinçilik
“institut”unu, sivil etno-mental elementlərini, istedad fitrətini də
mənimsəmək qəsdi imiş.
Vurğuladığımız bu bölgələrin bu keyfiyyətlərə
malik olmasının isə özəl səbəbləri
vardır ki, indiki halda Qarabağ haqda. Bunun baiskarı - bəzi
sovet “şünas”larının qəlibi ilə desək, bu
“tarixi-müqəddəm” səbəbin səbəbkarı
Nadir şah Əfşar idi ki, Qarabağ “müdiriyyətini”
çağırdığı “qurultay”a gəlmədiklərinə
görə cəzalandırmağa başlamışdı; həbslər,
sürgünlər, canadoymalardan dağlara doğru çəkilmələr
və sair. O dağlıq ucqarlardan biri də Şuşa idi
ki, şahın yeni-yeni şikarlarına çevrilmək istəməyən
bütün “dikbaş”lar, ayıq-oyaqlar, istedadlar
qaçıb oraya sığınmışdılar. Ceyhun
Hacıbəyli 1891-ci il fevralın 3-də dünyaya bu
qaçqınlar (əslində, yığma-seçmə
elitarlar) şəhərində - Şuşada göz açıb.
Yaradıcılığa felyetonla
başlayan Ceyhun ustadlarından və yaşıdlarından fərqli
olaraq, düşüncələrində “inqilab içində
inqilab”a meyillənir. O, fikirləşirdi: xalqa nə
mühazirə oxumuşuq, nə öyrətmişik ki, bu
gün ondan seminar-“zaçot” tələb edir, imtahana çəkirik?
Kütlənin “anlam” sətəlcəminə nə çarə
qılmışıq ki, yeri gəldi-gəlmədi -
“korazehinlik”dən əziyyət çəkən bu “xəstə”ni
tənqid atəşinə tuturuq? Deməli, maarif,
maarifçilik! “Hər bədəni idarə edən sər” -
çiyinlər üstündə gödən-baş yox, vətən-daş!..
Dostları onun “Proqress” qəzetində
(1907) “Daqestanskiy” imzası ilə çap etdirdiyi və ədəbi
ictimaiyyətin hadisə kimi dəyərləndirdiyi “Pristav
Ağa” felyetonuna rəğmən, daha çox bu janrda işləməsini
tövsiyə etsələr də, Ceyhun fikrindən
dönmür; “əvvəlcə bu millətə nəsə
bir düz verməli, sonra - əgər onu əyri qaytararsa, tənqid
etməli” - deyir.
Beləliklə, Ceyhun milli-mənəvi
məhəbbət dolu bir enerji ilə mətbuatın əzəli
və əbədi janrında - publisistik yazılarla məhsuldar
fəaliyyətə başlayır. Maarif və mədəniyyətin
bütün sahələrinə, dil, din, xeyriyyəçilik
mövzularına dair cari və problematik məqalələr
çap etdirir. Gənc olmasına baxmayaraq, həyatın ən
“qoca” və ən “fidan” ictimai nüanslarına da toxunur. Onun o
dövr qaçqın-köçkünlərimiz və digər
sosial durumumuz haqda qələmə aldığı materiallar
müasir çağlarımızçün də ibrətamizdir.
Mühacirətə qədər “Kaspi”, “Bakı”, “Proqress”, “Azərbaycan”
və digər qəzetlərdəki saysız yazıları
(it-bata düşənlərlə birlikdə) ilə mükəmməl
publisist kimi tanınan Ceyhun Hacıbəyli elə həmin
dövrdə “İttihad” və rus dilində çap edilən
“Azərbaycan” qəzetlərinin redaktoru olub.
Ceyhun Hacıbəyli ədəbi əsərlər
də yazırdı. Əvvəlcə bir neçə hekayə,
1910-cu ildə isə “Hacı Kərim” povestini yazır və
bir il sonra onu kitab şəklində çap etdirir. Lakin həmin
dövrlər xalqın ədəbi-bədii əsərlərdən
daha çox, dövri-mətbu yazılara - “gündəlik tələbat”a
ehtiyacı olduğundan, “hekayət”çiliyə fasilə
vermək qərarına gəlir. Böyük qardaşı -
artıq opera və operettaları ilə məşhurlaşmış
Üzeyir bəy Hacıbəyli ilə müştərək
bir libretto işləməsini istisna etsək, o, yalnız mətbu
yaradıcılıqla məşğul olmağa
başlayır.
Nəhayət, adını
çoxdan eşidib, üzünü yenicə
gördüyü, iç üzünə isə “dabbaq
gönü” qədər bələd olduğu bolşeviklər,
bütün ömrü uzunu qəbul etməyəcəyi sovetlər
ərəfəsi...
Fitrətən azad
düşüncəli bu böyük istedad sahibi Fransaya gedir
və orada dərhal diqqət mərkəzinə
düşür. Əvvəlcə “La Fiqaro” və “La Revul du
Mond Müsulman” qəzetlərilə əməkdaşlıq
edir, “La Revul des Deux Mende” jurnalında çalışır.
Və bunlar öz bəhrəsini verir; o, Parisdə
çıxan (fransız dilində) “Qafqaz” jurnalının
redaktoru seçilir. Sonralar Münhendə nəşr olunan “Azərbaycan”
jurnalının redaktoru, “Azadlıq” radiostansiyasının Azərbaycan
dilində yayımlanan proqramının
yaradıcılarından biri olur. “İslam əleyhinə”
kampaniya və onun Azərbaycanda metodları”. Bu irihəcmli tədqiqat
əsəri Ceyhun Hacıbəylinin
yaradıcılığında xüsusi yer tutur. Bu işi
onun “sovet davalarından” ən güclüsü, ən
nümunəvisi, həmin imzanı isə Azərbaycanın
Azadlıq, mədəniyyətimizin vətəndənkənar
təbliği tarixinə qızıl hərflərlə
yazılmışlardan hesab etmək olar.
Azərbaycanın bugünkü
azad vətəndaşları içərisindəki az bixəbərlər
də zaman-zaman tam baxəbər olacaqlar ki, bu yurdun müstəqilliyi
uğrunda canlarını qərib-qürbətliyə qurban
verənlər daha böyük milli sevgilərə, ehtiramlara
layiqdirlər...
Və...
elegiyavari “ölegiya”
Görəsən, olmamış,
baş verməmiş “genosid”ə etiraz senzi qoyan cənab
Sarkozi bu “demokrasion” həbs qanununu Fransa məzarlarında
yatanlara da şamil etməyəcək ki?..
Əgər etsə, onda
Mopassanın “Gombul”undan Sarkozi kişiyə namuslu salyutlar,
Ceyhunların əcr ruhlarından Balzakların xəcil
ruhlarına atəşin salamlar!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 1 fevral.- S. 13.