Daşkənddə Firəngiz Əhmədovanın xatirəsi anılıb

 

  Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında Azərbaycanın tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın (1928-2011) xatirə gecəsi keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

   Teatrın direktoru Bəxtiyar Yakubov Firəngiz Əhmədovanın opera sənəti qarşısındakı xidmətlərindən danışıb. SSRİ Xalq artisti, tanınmış dirijor Dilbər Əbdürrəhmanov Firəngiz Əhmədova ilə Daşkənddə və Bakıda keçirdiyi görüşlərini xatırlayıb. Qeyd edib ki, F.Əhmədova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Fikrət Əmirovun “Sevil”ində Sevil, Müslüm Maqomayevin “Nərgiz” və “Şah İsmayıl” operalarında Nərgiz və Gülzarın partiyalarını məharətlə ifa edib, bu əsərlərdə Şərq qadınının obrazını məharətlə yaradıb. Firəngiz Əhmədova dünya klassiklərinin məşhur əsərlərində aparıcı partiyaların məşhur ifaçısı kimi də tanınıb.

   Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev bildirib ki, SSRİ dövründə bir sıra yüksək mükafatlara layiq görülmüş tanınmış opera müğənnisi “1998-ci ildə Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub.

   Firəngiz Əhmədovanın həyat yoldaşı, Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov xatirə gecəsinin təşkilinə görə teatrın rəhbərliyinə təşəkkürünü bildirib.

 

 

   Mədəniyyət.- 2012.- 1 fevral.- S. 13.