Teatr tariximizi yaşadan məkan
Teatr elə sənət
növüdür ki, onu anlamaq üçün
emosional tamaşaçı
olmaq kifayət edir. Lakin bu sənət
növünün tarixə
çevrilən nümayişlərindən
xatırlanacaq məqamları
görmək üçün
muzeyə baş çəkmək lazım
gəlir. Paytaxtımızda,
Muzey Mərkəzinin
3-cü mərtəbəsində yerləşən Cəfər
Cabbarlı adına
Azərbaycan Dövlət
Teatr Muzeyi peşəkar teatrımızın
tarixini özündə
əks etdirir.
Burada toplanan nadir eksponatlar
sayəsində milli teatrın yaranması, təşəkkül dövrü,
inkişaf mərhələləri,
Azərbaycan mədəniyyəti
tarixində misilsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar
haqqında geniş məlumat almaq mümkündür. Buradakı
eksponatlar ilk teatr tamaşalarının proqram
və afişalarından,
dramaturqlar, aktyor və rejissorlara məxsus əlyazmalardan, məktublardan, rol dəftərlərindən, foto
və neqativlərdən,
geyim və dekorasiya eskizlərindən,
səhnə tərtibatlarının
maketlərindən, şəxsi
əşya və rekvizitlərdən, teatr kostyumlarından və s. ibarətdir. Materiallar xronoloji ardıcıllıqla
muzeyin 6 zaldan ibarət ekspozisiyasında
sərgilənir.
1873-cü ildə
Mirzə Fətəli
Axundzadənin “Lənkəran
xanının vəziri”
komediyası əsasında
oynanılmış ilk teatr
tamaşasının afişası,
ilk teatr truppasının
1888-ci ilə aid fotoşəkli,
1926-cı ildə Şərq
üslubunda oynanılmış
“Hamlet” tamaşasının kinolenti, Şərq aləmində 1908-ci ildə
ilk opera “Leyli və Məcnun”un premyera-proqramı
muzeyin ən dəyərli eksponatlarındandır.
Hər zalda bir tarix əks
olunub
Birinci zal teatrımızın
yaranma tarixinə həsr olunub. İlk teatr truppasının fotoşəkli, ilk tamaşanın
afişası bu ekspozisiya zalındadır.
Muzeyin maraqlı guşələrindən
biri də görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskiyə aiddir.
1907-ci ildə oynadığı
“Ağa Məhəmməd
şah Qacar” tamaşasında ona aid xalat, tac
və qılınc burada saxlanılır. Z.Tağıyevin qızlar məktəbində
dərs deyən və 1904-cü ildə Nəcəf bəy Vəzirovun “Yağışdan
çıxdıq yağmura
düşdük” əsərini
qızlarla tamaşaya
qoyan Azərbaycanın
ilk qadın dramaturqu Səkinə Axundzadəyə
həsr olunmuş guşə diqqət çəkir. İlk qadın
aktrisa Gövhər (Göyərçin) Qazıyevanın
müxtəlif tamaşalardan
olan fotoşəkilləri
də maraq doğurur. Böyük
dramaturqlar Cəfər
Cabbarlı və Hüseyn Cavidə aid guşələr, həmçinin
C.Cabbarlının anadan
olduğu evin maketi də eksponatlar sırasındadır.
Akademik Milli Dram Teatrının tarixi
Muzeyin ikinci zalı
Akademik Milli Dram Teatrına həsr olunub. Ümummilli lider Heydər
Əliyevin iştirak etdiyi tamaşalar, tamaşadan sonra aktyorlarla görüşünü
göstərən fotoşəkillər
burada qorunub saxlanılır.
“Həyat”, “Sevil” və “Toy” tamaşalarının səhnə
tərtibatı maketləri,
görkəmli teatr aktyorları Hökümə
Qurbanova və Ələsgər Ələkbərovun
portretləri, müxtəlif
tamaşalardan olan səhnə geyimləri, görkəmli teatr rejissoru Tofiq Kazımov və onun hazırladığı
tamaşalardan fotoşəkillər,
Xalq yazıçısı
İlyas Əfəndiyevin
əsərlərinə qoyulmuş
tamaşaların - “Sən
həmişə mənimləsən”,
“Mahnı dağlarda qaldı”, “Məhv olmuş gündəliklər”
və s. tamaşalardan
fotoşəkillər, görkəmli
teatr aktyoru Abbas Mirzə Şərifzadə, rejissor
Adil İsgəndərovun
səhnə fəaliyyətinə
həsr olunmuş guşələr də diqqət çəkir.
Tanınmış aktyor Möhsün
Sənaniyə həsr
olunmuş guşədə
isə onun şəxsi əşyaları
qorunub saxlanılır.
Burada 1956-cı ildə
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacıları
tərəfindən aktyora
hədiyyə olunan və üzərində şəkli həkk olunan boşqab, şair İslam Səfərli tərəfindən
1975-ci ildə hədiyyə
edilmiş kuzə və fincanlar, rejissor Aleksandr Tuqanov tərəfindən
verilmiş çıraq,
Xalq şairi Səməd Vurğunun hədiyyə etdiyi müştük diqqət
çəkir. Bu zalda həmçinin müxtəlif tamaşalardan
olan səhnə geyimləri də qorunub saxlanılır.
Opera və Balet Teatrının
yaradıcılıq salnaməsi
Muzeyin 3-cü zalı Azərbaycan
Dövlət Opera və
Balet Teatrının fəaliyyətinə həsr
olunub. Azərbaycanda
opera teatrının əsası
1908-ci il yanvarın 12-də Üzeyir
Hacıbəylinin “Leyli
və Məcnun” operası ilə qoyulub. Həmin tamaşanın proqramı
muzeydə qorunur.
Tamaşanın rejissoru Hüseyn
Ərəblinski idi.
Hüseynqulu Sarabski Məcnun, çayçı
şagirdi Əbdürrəhman
Fərəcov isə Leyli rolunu ifa
edib. İkinci dəfə Leyli
obrazını Əhməd
Ağdamski oynayıb.
Tanınmış
musiqiçilər Bülbül,
Müslüm Maqomayev,
dövrünün məşhur
“Karmen”i Fatma Muxtarovaya aid guşələr,
məşhur opera müğənnisi
Şövkət Məmmədovanın
oynadığı rollardan
fotoşəkillər də
burada yer alır. 1937-ci ildə
səhnələşdirilən “Koroğlu” operasından səhnə tərtibatının
maketi, müxtəlif illərdə opera tamaşalarından
olan fotolar, səhnə geyimləri bu ekspozisiya zalında sərgilənir.
1941-ci ildə Əfrasiyab Bədəlbəylinin yazdığı
ilk milli baletimiz - “Qız qalası” tamaşaya qoyulub. Baletdə Gülyanaq obrazını Xalq artisti Qəmər
Almaszadə ifa edib. Həmin baletdən fotoşəkillər
də muzeydə qorunub saxlanılır.
Görkəmli musiqiçilər
Üzeyir Hacıbəyli
və Müslüm Maqomayevin büstləri, Şövkət Məmmədovaya
məxsus qrim, bəzək və şəxsi əşyaları
da burada görə bilərsiniz.
Üç teatr bir arada
Ekspozisiyanın dördüncü zalında üç teatrın - Musiqili Komediya, Gənc Tamaşaçılar və
Kukla teatrlarının
tarixinə aid eksponatlar
yer alır. Azərbaycanda Musiqili Komediya
Teatrının əsası
1910-cu ildə Üzeyir
Hacıbəylinin “Ər
və arvad” operetta əsasında səhnələşdirilən
tamaşa ilə qoyulub. Həmin tamaşanın proqramının
əsli burada qorunub saxlanılır.
Rejissor Şəmsi Bədəlbəyli
uzun müddət bu teatrın direktoru olub və muzeydə onun fəaliyyəti illərini əks etdirən fotoşəkillər
də var. Muzeydə diqqət çəkən
eksponatlardan biri Xalq artisti Nəsibə
Zeynalovanın yaratdığı
Qayınana obrazına
Tamilla Qurbanova tərəfindən hazırlanan
kukladır.
1927-ci ildə Azərbaycanda uşaq teatrı yaradılıb. Sidqi
Ruhulla, İsmayıl Hidayətzadə, Ağadadaş
Qurbanov bu teatrın yaranmasında yaxından iştirak ediblər. 1936-cı ildə sənət ocağına Gənc Tamaşaçılar Teatrı
adı verilib. Teatrda müxtəlif illərdə
işləyən rejissorlar
- Ulduz Rəfili, Zəfər Nemətov, Məhərrəm Həşimovun
və digərlərinin
hazırladıqları tamaşalardan
fotolar yer alır.
Növbəti guşə 1931-ci ildə əsası qoyulan Dövlət Kukla Teatrına həsr olunub. Teatrın baş rejissoru və direktoru olmuş Molla Ağa Bəbirli və teatrın kollektivinə aid fotolar, müxtəlif kuklaların
eskizləri, tamaşalardan
fotoşəkilləri burada
görmək mümkündür.
Daha iki ekspozisiya
zalı haqqında
Muzeyin 5-ci zalı Səməd Vurğun adına
Dövlət Rus Dram Teatrının tarixini əhatə edir. 1920-ci ildə Rusiyadan
“Yarasa” adlı teatr truppası Bakıya gəlir və onların bir hissəsi burada qalır. Beləliklə, Azərbaycanda Azad Təqlid-Təbliğ Teatrı
yaradılır. 1923-cü
ildən Bakı İşçi Teatrı
kimi fəaliyyət göstərən sənət
ocağı 1937-ci ildən
Rus Dram Teatrı adlandırılıb. Ekspozisiyada teatrın
tamaşalarından fotoşəkillər,
Səməd Vurğunun
“Vaqif” tamaşasından
səhnə tərtibatı
maketi, müxtəlif tamaşalardan obrazların
geyimləri nümayiş
olunur.
Ekspozisiyanın 6-cı zalı isə
bölgə teatrlarının
fəaliyyətini əks
etdirir. Bu zalda
son 20 ildə Azərbaycanda
yaranan teatrların (Pantomima Teatrı, Yuğ Teatrı və s.) fəaliyyətini
əks etdirən fotoşəkillər də
yer alır.
Reyhan İsayeva
Mədəniyyət.- 2012.- 1 fevral.- S. 15.