80 yaşlı rayonun uğurları

 

Barlı-bərəkətli qədim Muğan torpağının bölgəsi olan Sabirabad üçün 2011-ci ili uğurlu, yaddaqalan hadisələrlə zəngin olmuşdur. Rayonun ictimai, siyasi və mədəni həyatında müsbət dəyişikliklər baş vermiş, regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə həyata keçirilmişdir.

Rayonun mədəni həyatında baş vermiş hadisələr də ürəkaçan və sevindirici olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizə, incəsənətimizə, milli-mənəvi dəyərlərimizə verdiyi önəm, diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən məqsədyönlü işlər rayonumuza da öz təsirini göstərmişdir. Bir sıra müəssisələrdə təmir və abadlıq işləri görülmüş, Heydər Əliyev adına mədəniyyət sarayı, muzey kompleksi, gənclər mərkəzi, mədəniyyət və istirahət parkı və s. obyektlər müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilmişdir. Mədəniyyət müəssisələrində respublikamızın həyatında mühüm əhəmiyyət kəsb edən tarixi günlər, əlamətdar bayramlar, yubileylərlə bağlı keçirilən tədbirlər gənc nəslin sağlam, vətənpərvər, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət kəsb edir. Rayonumuzun tarixində izi qalan belə tədbirlərdən biri də ötən il oktyabrın 7-də Sabirabadın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi oldu. Ölkəmizin hər yerində dövlət müstəqilliyimizin 20-ci ildönümünün təntənə ilə qeyd edildiyi bir ərəfədə sabirabadlılar yeni bir bayram sevinci yaşadılar.

80 illik zaman üçün çox uzun müddət olmasa da, bu illər rayonumuzda böyük inkişaf və tərəqqi dövrü olub. Sabirabad müxtəlif adlarla Muğan vilayətinin tərkibində olduğundan tarixi mənbələrdə ayrıca xatırlanmır. Yalnız XVI əsrin yazılı mənbələrində Cavad şəhərinin adı çəkilir. XVIII əsrin ortalarında Cavad xanlığı yaranır.

Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonra yeni idarə üsulu tətbiq olunur. 1868-ci ildə Bakı quberniyası tərkibində Cavad qəzası təşkil olunur və rusların bura köçürülməsi ilə Cavad 1888-ci ildə Petropavlovka adlandırılır.

1930-cu ildə Azərbaycan SSR-in yeni inzibati ərazi bölgüsü aparıldıqdan sonra rayon statusu adını alır və 1931-ci il oktyabrın 7-də Petropavlovkaya Azərbaycanın satirik şairi M.Ə.Sabirin şərəfinə Sabirabad adı verilir.

Rayonun ötən əsrin 70-ci illərindən başlayan dirçəlişi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi müddətdə ulu öndər 14 dəfə Sabirabada səfər etmişdir. 80-ci illərdə onun təşəbbüsü ilə rayonumuzdan 6 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.

KürAraz çaylarının qovşağında yerləşən Sabirabadda bu gün 155 min nəfər əhali yaşayır. Rayonumuzdan kənarda - Azərbaycanın müxtəlif rayonlarında və paytaxt Bakıda, eləcə də xaricdə - ABŞ-da, Kanadada, Fransada, Almaniyada, Rusiyada, Türkiyədə yüzlərlə görkəmli şəxsiyyətlər, ziyalılar, alimlər, adamları fəaliyyət göstərirlər. Rayonun 80 illik yubileyi tədbirində ürəkləri doğma yurdları ilə bir döyünən, onun uğurları ilə sevinən, bu günü ilə fəxr edən soydaşlarımızdan bir qrupu da iştirak edirdi. Dəvət olunan hər bir qonağa Sabirabada həsr edilmiş 40 dəqiqəlik filmin diski, Sabirabadın inkişaf yolundan bəhs edən Sabirabad 1931-2011 toplusu, təqvimlər, Sabirabadın emblem nişanı, rayon qəzeti Suqovuşanın xüsusi buraxılış nömrələri toplanmış məlumat dəsti təqdim olundu.

Tədbir iştirakçıları rayonla tanışlıqdan və gəzintidən sonra bayram libası geyinmiş Heydər Əliyev adına parka toplaşdılar. Burada təşkil edilmiş sərgilər göz oxşayırdı. Hər kəs öz bacarığını göstərməkdən zövq alırdı. Məktəblilərin əl işlərindən, rəsmlərindən və muzeyimizin qədim tariximizi əks etdirən eksponatlarından ibarət sərgilər daha böyük maraq doğururdu.

Bu möhtəşəm tədbir bir qrup sabirabadlı üçün ikiqat bayrama çevrilmişdi. Prezident İlham Əliyevin sərəncamı ilə rayonun ictimai, siyasi və mədəni həyatında xidmətləri olan 15 nəfər şəxs Tərəqqi medalı, 2 nəfər isə Əməkdar mühəndis, Əməkdar mədəniyyət işçisi fəxri adları ilə təltif edilmişlər.

6 nəfər mədəniyyət işçisinə - Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova, Heydər Əliyev adına rayon Mədəniyyət evində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrının rejissoru Seyidməmməd Əliyev, MKS-nin biblioqrafiya şöbəsinin müdiri Arifə Güləliyeva, Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin direktoru Əfiqə Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə və Əsədli kənd klubunun müdiri Lətif Məhərrəmova Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatı, bir qrup ziyalıya, o cümlədən rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Telman Əzimova Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tərəfindən fəxri fərman və pul mükafatı təqdim edildi.

Həmin gün mənim həyatımda daha böyük iz buraxmışdır. 30 ilə yaxın muzeydə keçirdiyim ömür yaşantılarımın əbəs yerə getmədiyinə bir daha əmin oldum. Ölkə Prezidentinin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülməyimdən böyük qürur hissi duyurbu mükafatı rayonumuzun mədəniyyət sahəsinin uğuru kimi qiymətləndirirəm.

 

Şükufə Əsgərova,

Sabirabad Rayon Tarix-Diyarşünaslıq

Muzeyinin direktoru, Əməkdar mədəniyyət

işçisi

 

Mədəniyyət.- 2012.- 7 fevral.- S. 15.